Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı qəsd idi
1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı qəsd idi
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gəlişindən sonra müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı gözü götürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də, son anda ümummilli lider Heydər Əliyevin qətiyyəti qarşısında təslim oldular. Sən demə, bu xəyanətkar qüvvələr pusquda dayanıb yeni bir məqam gözləyirlərmiş. Onlara, xüsusilə də bu antidövlət kampaniyasında fəallıq göstərən Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Mahir və Rövşən Cavadov qardaşları 1995-ci ilin martında yenidən öz çirkin niyyətlərini həyata keçirməyə başladılar. Bu dəfə artıq plan dəyişmişdi. XTPD-nin üzvləri öz xəyanətkar əməllərinə regionlarda başlamışdılar. 1995-ci il martın 12-dən 13-nə keçən gecə azğınlaşmış XTPD əməkdaşlarının rəhbərliyi ilə əksəriyyəti maskalarda olan 200-300 nəfər silahlı şəxs 2 BMP və 2 tankla Qazax Rayon Polis Şöbəsinə hücum edərək növbətçi hissəni ələ keçirmiş, şöbəyə məxsus 217 ədəd avtomat, 217 ədəd tapança, 18 ədəd qumbaraatan və digər hərbi ləvazimatları aparmış, poçt, polis şöbəsi və rayon icra hakimiyyətinin inzibati binasını tutmuşdu. Həmin gün səhərə yaxın XTPD-nin 100 nəfərə qədər silahlanmış əməkdaşı, naməlum şəxslər zirehli texnikanın gücü ilə Ağstafa Rayon Polis Şöbəsinə basqın etdilər. Şöbəyə məxsus 35 ədəd avtomat, 52 ədəd tapança, 2 ədəd qumbaraatan, 1 ədəd pulemyot, digər sursatlar, şəxsi heyətə veriləcək 6 milyon manat pul, xidməti QAZ-24 markalı avtomobil aparıldı, xidməti UAZ markalı avtomaşın yararsız hala salındı, polisin inzibati binası dağıdıldı, müvəqqəti saxlama təcridxanasında saxlanılan 14 nəfər dustaq buraxıldı.
1995-ci il 13–14 mart hadisələri bir daha təsdiqlədi ki, Xüsusi Təyinatlı Polis Dəstəsi üzərinə düşən vəzifəni bir kənara qoyaraq, mafioz qruplarla və cinayətkar birləşmələrlə cinayət əlaqəsinə girmiş, xeyli sayda ağır cinayətlər törətmişdir. Halbuki Xüsusi Təyinatlı Polis Dəstəsini yaradarkən qarşıya qoyulan əsas vəzifə respublikada başlanan erməni separatçı hərəkatının, torpaqlarımızın və xalqımızın təcavüzə məruz qalmasının qarşısını almaq idi. Təəssüf ki, yaxşı silahlanmış və təlim görmüş, xaricdən dəstəklənən düşmənlərlə mübarizə aparmaq məqsədilə yaradılmış XTPD-nin xəyanətkar üzvləri silahı öz xalqına, ölkədə ciddi intizam, qayda-qanun yaradan hakimiyyətə tuşladı. Əsas məqsədləri isə hakimiyyəti qeyri-qanuni yolla, silah gücünə devirmək idi. 1995-ci il martın 16-dan 17-nə keçən gecə Bakı şəhərində “OMON”çuların qərargahı yaxınlığında başlanan atışmada cəbhə bölgəsində, erməni təcavüzkarlarına qarşı çiyin-çiyinə mübarizə aparan döyüşçülər üz-üzə dayandılar. Sözsüz ki, bu, Azərbaycan üçün faciəli bir mənzərə idi. Torpaqlarımızın işğal olunduğu bir dövrdə, paytaxtda bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Cavadov qardaşlarının hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək cəhdləri, hakimiyyət hərisliyi nəticəsində ölkəmizdə qardaş qanı töküldü. Törədilən dövlət cinayətləri Azərbaycana müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi. 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqımız bir daha əmin oldu ki, ümummilli lider Heydər Əliyev kimi dahi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də ölkəmizi xilas edib. Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyəti müstəqilliyimizə və dövlətçiliyimizə qarşı qəsdin qarşısını aldı. Heydər Əliyevin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması xalqımızın sabaha, gələcəyə olan inamını və ümidini daha da artırdı. Ulu öndər Heydər Əliyev 1995-ci il mart ayında təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalq–iqtidar birliyini təmin etmiş oldu.
 
Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az