Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Rektor
Rüfət Eyvaz oğlu Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olmuş və 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirmiş, 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. 2008-ci ildə London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olmuşdur və Böyük Britaniya elmi cəmiyyəti tərəfindən “Chartered Scientist” elmi adına layiq görülmüşdür. 2014-2016-cı illərdə ADA və Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020-ci illərdə isə Oksford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, “Executive MBA” proqramını bitirmişdir. Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak etmişdir. Onlardan Kornell Universiteti-ali idarəetmə, Corc Vaşinqton Universiteti-layihələrin idarə olunması və Oksford Universiteti-süni intellekt proqramını qeyd etmək olar.
2005-2012-ci illərdə BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material-korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışmışdır. Bu dövr ərzində baş mühəndis və korroziya-inspeksiya mühəndislik sahəsi üzrə qrup rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 2009, 2010 və 2011-ci illərdə BP Azərbaycan şirkətinin “İlin mühəndisi” müsabiqələrində müxtəlif nominasiyalar üzrə qalib olmuşdur. 2013-2020-ci illərdə metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal şirkətlər qrupunun İcraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə etmişdir. Metaləritmə, prokat və profilləmə, boru-profil istehsalı, qalvanizli və polimer örtüklü dəmir istehsalı zavodlarının layihəsinin hazırlanmasına, qurulmasına və əməliyyatların idarə olunmasına rəhbərlik etmişdir.
Rüfət Əzizov sənayedə çalışdığı dövrlərdə təhsil ilə sıx bağlı olmuş, belə ki, Bakı Ali Neft Məktəbinin MBA proqramı, kimya mühəndisliyi magistratura proqramında, Layihələrin İdarə olunması Məktəbində (PMI sertifikat), Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton  Universitetinin birgə magistratura “Təhsil siyasəti və idarə olunması” proqramında dərs demişdir. Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 7 yanvar tarixli əmri ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir. Təhsil İnstitutunda işlədiyi dövrdə təhsil tədqiqatlarının aparılmasına, təhsil proqramlarının yenilənməsi, dərsliklərin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişaf proqramlarının təşkil olunmasına və sertifikatlaşması prosesinə, sistem əhəmiyyətli pilot layihələrin həyata keçirilməsinə və ali təhsil səviyyəsində yeni məzmunlu proqramların hazırlanması layihələrinə rəhbərlik etmişdir.
Rüfət Əzizov kimyəvi kataliz, korroziya və biotexnologiya elmi sahələrində 30-dan artıq elmi əsərin, o cümlədən 1 patentin və “SCOPUS” elmi-metrik bazasına daxil olan 6 məqalənin müəllifidir. Əlavə olaraq, 2021-2023-cü illərdə Təhsil İnstitutunda təhsilin müxtəlif pillə və səviyyələrini əhatə edən 45 adda elmi-tədqiqat işinə rəhbərlik etmişdir. Bu tədqiqatların nəticələrinə dair hazırlanmış 23 adda kitabdan 9-da elmi redaktor və 3-də elmi məsləhətçi kimi iştirak etmişdir.
Rüfət Əzizov yüksəkixtisaslı elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edir. Onun rəhbərliyi ilə Təhsil İnstitutunda 5802.01 - təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə 3 nəfər fəlsəfə doktoru proqramı üzrə təhsil alır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Ailəlidir, iki övladı var.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az