Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Əlavə Təhsil Mərkəzi
Əlavə Təhsil Mərkəzi
Əlavə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 21.09.2015-ci il tarixli, 46-25-5825/17 nömrəli razılıq məktubunun əsasında Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 02 oktyabr 2015-ci il tarixli iclasının (protokol №01) qərarı ilə yaradılmışdır.
Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Əlavə təhsil peşə hazırlığı səviyyəsinin yüksədilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
Əlavə Təhsil Mərkəzinə müxtəlif illərdə dos. S.A.Xəlilov və dos. M.H.Ağayarov rəhbərlik etmişlər. 06.01.2022-ci il tarixindən isə rektorun K 08/2 saylı əmri ilə Sumqayıt Dövlət Universitetinin Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının dosenti İlqar Seyfəddin oğlu Səfərli Əlavə Təhsil Mərkəzinə direktor təyin olunmuşdur.
Azəbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
•ixtisasartırma təhsili;
•kadrların yenidənhazırlanma təhsili;
•stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili;
•təkrar ali təhsil;
•dərəcələrin yüksəldilməsi təhsili;
•yaşlıların təhsili.
Bu istiqamətlər üzrə təhsilin məzmunu, təşkili və hər hansı istiqamət üzrə təhsil almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 №-li qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" sənədi ilə tənzimlənir.
İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, ölkənin sosial,iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir. İxtisasartırma təhsilinin kurikulum modeli işlənmiş və ənənəvi üsullardan fərqli olaraq, təhsilin bu sahəsi yeni model əsasında həyata keçirilir.
Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmə istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real təlabatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsil proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərti ilə mütəxəssislərə verilən əlavə təhsildir. Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə vahid formalı dövlət sənədi-diplom verilir.
Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəlim kadrları,sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.
Təkrar ali təhsil baza peşə ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hasablannıış saatdan çox olduqda mütəxəssislərə verilən əlavə təhsil növüdür. Bu təhsil növü mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə həyata keçirilir.
Dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan təhsil növüdür. Dərəcələrin yüksəldilməsi təhsili ali təhsilli kadrlara olan real tələbatın daha dinamik və çevik sürətdə ödənilməsinə xidmət edir və ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqin 1 tədris ilinə hesablanmış saatdan az və 2 tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə subbakalavrlara verilən əlavə təhsildir.
Yaşlıların təhsili və vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür. Əlavə təhsilin bu istiqaməti əmək qabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.
Sumqayıt Dövlət Universitetində yenidənhazırlanma təhsili almaq üçün aşağıdakı ixtisaslar üzrə dinləyici qəbulu aparılır:
1.Riyaziyyat müəllimliyi;
2.İnformatika müəllimliyi;
3.Riyaziyyat və informatika müəllimliyi;
4. Fizika müəllimliyi;
5. Kimya müəllimliyi;
6. Biologiya müəllimliyi;
7. Kimya və biologiya müəllimliyi;
8. Coğrafiya müəllimliyi;
9. Tarix müəllimliyi;
10. Tarix və coğrafiya müəllimliyi;
11.Azərbaycan dili və ədəbiyyat müəllimliyi;
12. İbtidai sinif müəllimliyi (Azərbaycan və rus bölmələri);
13. Məktəbəqədər təlim və tərbiyə;
14. Psixologiya;
15. Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı müəllimliyi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az