Əsas səhifə | Xəbərlər | SDU-da Xocalı soyqırımının 26-cı ildönümü qeyd edildi
SDU-da Xocalı soyqırımının 26-cı ildönümü qeyd edildi
Fevralın 23-də Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. 
Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışaraq Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd etdi. Rektor Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğını tarixdə misli-bərabəri olmayan faciə adlandıraraq bu qətliamın bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirdi. Qeyd etdi ki, ümumiyyətlə, ermənilər tarix boyu “Böyük Ermənistan” yaratmaq xülyası ilə torpağımızı dəfələrlə etnik təmizləmə, soyqırımı siyasətinə məruz qoyublar. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımında 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.  
Rektor Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, bu məqsədlə xarici ölkələrdə tədbirlər, sərgilər təşkil olunur, müxtəlif dillərdə bukletlər və kitablar nəşr etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini də vurğuladı. Professor Elxan Hüseynov Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, hələ də səbəbkarların cəzalandırılmamasını, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirərək bu qətliama siyasi-hüquqi qiymətin verilməsinin və cinayətkarların cəzalandırılmasının vacibliyini vurğuladı. Azərbaycanın siyasi-iqtisadi qüdrəti artdıqca ölkəmizin haqq səsinə cavab verən və Xocalı soyqırımını tanıyan dövlətlərin də sayının ildən-ilə çoxaldığını qeyd edən rektor işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olunacağına ümidvar olduğunu bildirdi.
Tədbirdə Xocalı sakini, eləcə də faciənin şahidi Aydın Əliyev çıxış edərək qeyd etdi ki, şəhərin digər sakinləri kimi onun da ailə üzvləri, yaxın qohumları  o müdhiş gecə erməni silahlıları tərəfindən amansız işgəncələrə məruz qalıblar.Yalnız təsadüf nəticəsində sağ çıxdığını bildirərək bu faciənin qan yaddaşımızdan heç zaman silinməyəcəyini vurğuladı. Xocalı faciəsi bizim hamımızın dərdimiz, kədərimiz, qəmimizdir. 
Tədbir tələbələrin hazırladığı Xocalı hadisələrini əks etdirən “Gözü yolda Xocalım” adlı ədəbi-bədii kompazisiya ilə sona çatdı. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az