Əsas səhifə | Xəbərlər | SDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olundu
SDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olundu

Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik etdi, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin əldə etdiyi uğurlardan söz açdı. Bildirdi ki,  hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu əlamətdar günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır. Bu gün Ulu öndər Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək bu şərəfli ənənə gündən-günə daha geniş vüsət alır.
Rektor onu da qeyd etdi ki, vidalaşacağımız 2017-ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olundu. Respublikamız bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdı, elm və təhsilin inkişafı istiqamətində böyük nailiyyətlər əldə olundu. Təbii ki, bu il universitetimiz üçün də uğurlu illərdən biri oldu. Beləki, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi yüksək səviyyədə qeyd olundu, universitetimizin 14 nəfər əməkdaşı  cənab Prezident İlham Əliyev tərəfindən “Əməkdar müəllim” və “Tərəqqi” medalı ilə təltif edildi. Həmçinin ölkə başçısının Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmağım dövlət başçımızın bizim əməyimizə verdiyi qiymət, bizə etimadın böyük göstəricisidir. Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimizdən gələni əsirgəməyərək, elm və təhsilin inkişafı istiqamətində öz töhfəmizi verəcəyik. Digər sevindirici amil isə ilk dəfə olaraq Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Dissertasiya Şuraları yaradılmışdır. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə elmə, tədrisə, təhsilə münasibət dövlətin  əsas prioritetlərindəndir.
Rektor bir daha kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik etdi, uzun ömür, möhkəm cansağlığı və firavan günlər arzuladı.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdi. Respublikamızın tanınmış sənətçiləri Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Haşımova, Şöhrət ordenli, Prezident təqaüdçüsü Amil Həsənoğlu, “Yeni Ulduz” müsabiqəsinin qalibi Leyla Məmmədova, digər gənc ifaçılar Ülviyyə Quliyeva, Nicat Həsənov, Hicran Ağayeva və universitetin “Səma” rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış edərək 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə kollektivi təbrik etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az