Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Neft Texniki Universitetinin professorunun SDU-da kimya elminin müasir problemlərinə həsr olunmuş silsilə məruzələri dinlənildi
Ufa Dövlət Neft Texniki Universitetinin professorunun SDU-da kimya elminin müasir problemlərinə həsr olunmuş silsilə məruzələri dinlənildi

Azərbaycanda davam edən təhsil islahatları sağlam və ədalətli rəqabətin artmasında, təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır. Qloballaşma və dövlətlərarası inteqrasiya prosesinin sürətləndiyi bir şəraitdə təhsilin və elmin beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi, təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi bu gün zamanın tələbinə çevrilmişdir. Aydındır ki, müxtəlif regionlarda yerləşən təhsil müəssisələri tədrisin təşkilində, elmi tədqiqat işlərinin istiqamətlərinin seçilməsində və kadrların hazırlanmasında müəyyən nailiyyətlər əldə etmişlər. Bu nailiyyətlərin qarşılıqlı öyrənilməsi və yaradıcı istifadə edilməsi əməkdaşlıq edən bütün tərəflər üçün çox faydalıdır.
Noyabrın 14-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Ufa Dövlət Neft Texniki Universitetinin Texnologiya fakültəsinin Neftkimya və kimya texnologiyaları kafedrasının müdiri professor Tatyana Prosoçkinanı və bir qrup bakalavr, magistrantları qəbul etdi. Onları yubiley ərəfəsində universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi. Rektor Azərbaycanın dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən  ölkə olduğunu diqqətə çatdırdı,  ölkələrimiz arasındakı səmimi münasibətlərdən, universitetin tarixi və bugünkü fəaliyyəti və beynəlxalq əlaqələrindən söhbət açdı. Qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universiteti dünyanın bir çox aparıcı elm ocaqları ilə sıx əməkdaşlıq edir, ikili diplomların verilməsi, tələbə-müəllim mübadiləsi, universitetlərin birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uğurlu layihələr gerçəkləşdirir. Bu da, əlaqələrin inkişafına mühüm təkan verir. Rektor iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirdi. 
Görüşdə professor Tatyana Prosoçkina çıxış edərək, regionun nüfuzlu və yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetində olmağından çox şad olduğunu bildirdi. Qonaq Ufa Dövlət Neft Texniki Universiteti haqqında ətraflı məlumat verərək qeyd etdi ki, təmsil etdiyi ali təhsil müəssisəsi dünyanın bir çox universitetləri ilə, o cümlədən Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq edir. Müəllim-tələbə mübadiləsinin vacibliyini qeyd edən qonaq, əlaqələrin bundan  sonrakı inkişafının da zəruriliyini vurğuladı.  Tatyana Prosoçkina Rusiya Federasiyası Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, akademik Ramil Nazifoviç Baxtizinə Sumqayıt Dövlət Universitetinin “Fəxri doktoru” elmi adının verilməsi qərarına görə rektor professor Elxan Hüseynova minnətdarlığını bildirdi. Qeyd etdi ki, universitetlərimiz arasında bağlanan əməkdaşlıq müqaviləsi beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verir. 
Səmimi keçən görüşdə Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri və digər elmi-tədris məsələləri müzakirə olundu. 
Sonra Ufa Dövlət Neft Texniki Universitetinin professoru Tatyana Prosoçkina Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində dekan dosent Mahal Muradovla, professor, müəllim və tələbə heyəti ilə görüşdü.  Professor  təmsil etdiyi universitet haqqında geniş məlumat verdi və “Müasir katalitik elmin əsas inkişaf istiqamətləri”, “Neftkimya və neft emalının nəzəri əsasları”,”UDNTU-nun Neftkimya və kimya texnologiyaları kafedrasının elmi istiqamətləri” mövzularında məruzələrlə çıxış etdi.  Professor tələbələri maraqlandıran sualları cavablandırdı.
Noyabrın 15-də “Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda keçirilən Beynəlxalq elmi konfransın plenar iclasında Ufa Dövlət Neft Texniki Universitetinin professoru Tatyana Prosoçkina “Neftçıxarma kimyası üçün yeni polimer birləşmələri” mövzusunda məruzə ilə çıxış etdi. Konfransda iştirakına və həftə ərzində tələbələr qarşısında kimya elminin müasir problemlərinə həsr olunmuş silsilə məruzələrlə çıxış etdiyinə görə professor  universitet rəhbərliyi tərəfindən sertifikata layiq görüldü.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az