Əsas səhifə | Xəbərlər | Qarabağ bizimdir, bizim olacaq!
Qarabağ bizimdir, bizim olacaq!

Aprelin 4-də universitetimizdə üç mindən artıq professor-müəllim, tələbə heyətin iştirakı ilə ordumuza dəstək məqsədi ilə mitinq keçirildi. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbiçilərimizin və mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Rektor, professor Elxan Hüseynov aksiya iştirakçılarını ilkin qələbə münasibəti ilə təbrik etdi, bildirdi ki, Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində ordumuzun döyüş hazırlığı yüksəlmiş, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunmuşdur. Biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək şəhidlərimizin qisasını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab İlham Əliyev Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında bildirdi ki,  biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik. Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır.
Rektor əminliklə vurğuladı ki, biz Sumqayıt Dövlət Universiteti olaraq, kollektiv şəkildə torpağımızın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq silaha sarılıb, işğal altında olan torpağımızı azad edib, üçrəngli bayrağımızı doğma Xankəndində, Şuşada dalğalandıracağıq.
Mitinqdə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Nicat İsmayılov: "Biz sülh istəyirik, lakin torpaqlarımızın bütövlüyü uğrunda hər an müharibəyə hazırıq". IV kurs tələbəsi Mirşamxal Həsənli çıxışında bildirdi ki, qardaşım hal-hazırda ön cəbhədə gedən döyüşlərdə sinəsini sipər edib, mən də öz növbəmdə müsəlləh əsgərəm". Digər hərbi xidmətini başa vurmuş tələbəmiz Araz Həsənov: "Lazım olarsa təcrübəli əsgər kimi döyüşə hər an hazıram və Ali Baş Komandanın əmrini gözləyirəm". Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Səma Əsədova: " Vətən uğrunda şəhid olan hər bir əsgər biz gənclərin simasıdır". Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, şair-publisist Əvəz Mahmud Lələdağ, Riyaziyyat fakültəsinin II kurs tələbəsi Leyla Qurbanova, Filologiya fakültəsinin II kurs tələbəsi Könül İbrahimova çıxış edərək qeyd etdilər ki, bu gün biz böyük hərbi qələbəni qeyd edirik. Əminik ki, düşmənimiz bundan sonra da layiqli cavabını alacaq. Azərbaycan Ordusu buna qadirdir. Onlar öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi isə qəlbimizdə əbədi yaşayacaq.
Tədbir "Qarabağ bizimdir, bizim olacaq" şüarı ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az