Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə BP arasında yeni magistratura proqramının yaradılması haqqında müqavilə imzalanıb
SDU ilə BP arasında yeni magistratura proqramının yaradılması haqqında müqavilə imzalanıb
Mayın 3-də SDU ilə BP şirkəti arasında geniş tərkibdə görüş keçirilib və yeni məzmunlu “Kimya mühəndisliyi” magistratura proqramının yaradılması haqqında müqavilənin imzalandığı elan olunub. Layihə Sumqayıt şəhərinin əmək bazarının, sənaye potensialının və xidmət sahələrinin ehtiyaclarına uyğun hazırlanmışdır. Sənayenin tələblərinə uyğunlaşdırılmış yeni tədris proqramında kimyəvi proseslər, istehsal prosesləri və ekoloji dayanıqlılıq kimi sahələr öz əksini tapmışdır.
Görüşdə universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək qonaqları və iştirakçıları salamladı. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi, universitet-sənaye haqqında ətraflı məlumat verdi və yeni magistratura proqramının əhəmiyyətindən danışdı.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında qeyd edib ki: “Hesab edirik ki, bu layihə mütəxəssis hazırlığının biznes və sənaye ehtiyaclarına uyğunlaşdırılması istiqamətində növbəti uğurlu təşəbbüsdür. Kimya mühəndisliyi ixtisasına ölkənin digər şəhərlərindən daha çox məhz Sumqayıtda ehtiyac duyulur. Azərbaycanın iri sənaye mərkəzlərindən biri kimi çoxsaylı müasir sənaye və texnoloji müəssisələrin yerləşdiyi Sumqayıtda yüksək ixtisaslı kimya mühəndislərinə böyük tələbat var. Digər tərəfdən, layihə bütövlükdə ölkə iqtisadiyyatı üçün kimya sənayesinin əhəmiyyətinin artdığı bir vaxtda həyata keçirilir. Ölkənin kimya potensialının mühüm hissəsi isə məhz Sumqayıtda yerləşir. Bu baxımdan ümid edirik ki, proqramın məzunları müasir texnoloji biliklərə, çevik qabiliyyətlərə, innovativ bacarıqlara yiyələnəcək, ən əsası isə doğma şəhərlərinin və ölkənin sənaye tendensiyalarının və iqtisadi inkişaf planlarının həyata keçməsi səylərinə böyük həvəs və enerji ilə qoşulacaqlar”.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli çıxış edərək insan kapitalının formalaşmasında və inkişaf etməsində gerçəkləşən layihələr və proqramlar haqqında məlumat verdilər, universitet-sənaye işbirliyinin vacibliyini vurğuladılar.
Yeni magistr proqramına ilkin olaraq 2 ixtisas sahəsi - əsas üzvi sintezin kimyası və texnologiyası və polimerlərin kimyəvi texnologiyası - üzrə 15 tələbə qəbul olunacaq. Növbəti illərdə isə proqram əlavə 4 sahəni əhatə edəcək və növbəti 5 il ərzində qəbul sayının 95 nəfərə çatdırılması planlaşdırılır.
Layihə çərçivəsində bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur, belə ki, yeni tədris proqramı və ümumilikdə yeni tədris məzmunu əsasında bilik və fənn bacarıqlarını təkmilləşdirmək məqsədilə universitetin 15-ədək müəlliminə təlim keçiriləcək; bir qrup müəllim yeni məzmun əsasında təcrübə keçmək və öz fənləri üzrə ən son yenilikləri öyrənmək üçün xarici universitetlərə ezam olunacaq; təcrübə, bilik və bacarıqlarını bölüşmək üçün aparıcı beynəlxalq təlimçilər və ekspertlər dəvət olunacaq; tədris metodlarını və pedaqoji yanaşmaları genişləndirmək məqsədilə digər yerli universitetlərdən 5 təcrübəli müəllim dəvət olunacaq; proqramda iştirak edən tələbələr təhsil müddətinin əhəmiyyətli bir hissəsi ərzində sənaye müəssisələri tərəfindən həyata keçirilən layihələrə cəlb olunacaqlar ki, bununla da tələbələr elmi işlərini sənayedən əldə etdikləri praktik biliklər əsasında hazırlamaq imkanı əldə edəcəklər.
Layihə müddətində kimya mühəndisliyi laboratoriyaları, kimya laboratoriyaları və sinif otaqları müasir texnologiya və avadanlıqlarla təmin olunacaqdır ki, bununla universitet sənaye müəssisələrinə yeni xidmət imkanları təklif etmək imkanı əldə edəcəkdir.
Qeyd edək ki, müddəti 13 ay olan bu layihənin dəyəri 339 000 manatdan çoxdur.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az