Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da informasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vasitələrinin hazırlanması layihəsinin təqdimatı keçirildi
SDU-da informasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vasitələrinin hazırlanması layihəsinin təqdimatı keçirildi
Aprelin 30-da Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsinin təqdimatı keçirildi.
Təqdimatda adı çəkilən layihənin rəhbəri h.ü.f.d. Təbriz Cəfərov, layihə üzrə təlimçi, “YER.AZ” şirkətinin rəhbəri Rəşad Əliyev, layihə çərçivəsində müvafiq araşdırma fəaliyyətinə cəlb edilmiş mütəxəssislər - Humay Hüseynova və Vüqar Qədimov, eləcə də, kiber klubların əlaqələndirilməsi üzrə AKTA-nın məsul əməkdaşı Rəbiyyə Xuduyeva, AKTA-nın mütəxəssisi Kamran Kazımlı və universitetin Mühəndislik fakültəsinin müəllim-tələbə heyəti iştirak etdilər.
Əvvəlcə layihə rəhbəri Təbriz Cəfərov çıxış edərək iştirakçıları salamladı, informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti və  “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsi barədə ətraflı çıxış etdi. Kibertəhlükəsizliyin artıq bütün müəssisələr üçün ən vacib nüanslardan birinə çevrildiyini vurğulayan Təbriz Cəfərov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ölkənin kibertəhlükəsizlik  sahəsində elmi-texniki və kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında, həmçinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlığından danışdı. Qeyd etdi ki, sözügedən layihə əsasında üç fənn (“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” , “Veb təhlükəsizliyi” və “Şəbəkə təhlükəsizliyi”) üzrə elektron və çap vasitələri hazırlanıb və bu vəsaitlər müvafiq ixtisaslar üzrə təhsil alanlar, müəllimlər və bu sahədə çalışanlar üçün nəzərdə tutulub.
Layihə çərçivəsində müvafiq araşdırma fəaliyyətinə cəlb edilmiş mütəxəssis Humay Hüseynova tərəfindən “Fərdi məlumat anlayışı”, Vüqar Qədimov tərəfindən “Kibercinayətlər və onlara qarşı mübarizə”, “YER.AZ” şirkətinin rəhbəri Rəşad Əliyev tərəfindən isə “Veb təhlükəsizliyi” və “Şəbəkə təhlükəsizliyi” mövzularında çıxışlar edildi.
Tədbirin sonunda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı və iştirakçıların sualları cavablandırıldı. 
 
Mətbuat xidməti
 
 

 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az