Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş elmi-praktiki seminar keçirilib
SDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş elmi-praktiki seminar keçirilib
Aprelin 22-də Sumqayıt Dövlət Universitetində Mühəndislik fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Beynəlxalq Yer kürəsi Günü”nə həsr olunmuş elmi-praktiki seminar keçirildi.
Seminarı giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışdı, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, ümumilikdə bütün dünya üçün qlobal çağırış olduğunu vurğulayaraq seminarın işinə uğurlar arzuladı.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova çıxış edərək tədbirin proqramı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Yer Kürəsi Günü ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq aksiyadır. Bu günün qeyd edilməsində məqsəd ətraf mühitin çirkləndirilməsi, canlı aləmin qorunub saxlanılması, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə insanların diqqətini cəlb etməkdir. Ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə SDU-da bu istiqamətdə mütəmadi olaraq ekoloji maarifləndirmə işləri həyata keçirilir.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Qarabağ Regional idarəsinin rəisi Vüsal İbrahimli çıxış edərək bildirdi ki, XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Bu gün hər birimiz təbiətdən zövq almalı, təbiətin keşiyində dayanmalıyıq. Otuz il ərzində Qarabağdakı nəinki tarixi, mədəni-dini abidələrimiz, infrastrukturumuz, hətta bu yerlərin hər daşı da, torpağı da erməni terroruna məruz qalıb. Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. Bu gün isə qalib Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllıqların da bərpasını aparır. Ekoloji terrordan yaşıl dünyaya geniş üfüqlər açılıb.
Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhər 4 saylı Regional idarəsinin şöbə müdiri Elmar Musayev “Azərbaycan Respublikasında Beynəlxalq “Yer Kürəsi Günü” ilə əlaqədar yaşıllaşdırma aksiyalarının keçirilməsi”, Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Ekologiya ixtisasının III kurs tələbələri Nilgün Səlimzadə “Karbon emissiyasının azaldılması yolları”, Aida Məmmədzadə “Meşələrin kəsilməsinin ətraf mühitə təsiri”, Ləman Hüseynova “Hidrosferin çirklənməsi”, Banu Salmanova “Qarabağ iqtisadi rayonlarının su ehtiyatları və ekoloji vəziyyəti”, Gülsüm Məmmədova “Alternativ enerji mənbələrinə keçmək zərurəti”, SDU-nun Mühəndislik fakültəsinin Ekologiya ixtisasının I kurs tələbəsi Ülkər Qasımova “Beynəlxalq Yer kürəsi Günü” mövzularında məruzələrlə çıxış etdilər.
Maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb oldu və mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Seminarda fəallıqları ilə fərqlənən tələbələrə sertifikatlar təqdim olundu.
Daha sonra seminar iştirakçıları universitetin həyətində ağacəkmə aksiyasında iştirak edərək təbiətə öz töhfələrini verdilər.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az