Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib
SDU-da ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib
Aprelin 3-də Sumqayıt Dövlət Universitetində Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, həmçinin Sumqayıt şəhəri üzrə təhsil sektorunun məsul işçiləri və şəhərdəki ümumtəhsil məktəblərinin direktorları ilə işgüzar görüş keçirildi.
Universitet rəhbərliyi və fakültə dekanlarının iştirakı ilə keçirilən görüşü SDU-nun rektoru dosent Rüfət Əzizov açaraq qonaqları salamladı. Görüşün bütün tərəflər üçün məhsuldar və faydalı olacağına inandığını bildirən Rüfət Əzizov 500 minlik əhalisi olan, ölkənin ikinci sənaye potensialına malik Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsinin keçdiyi yola ekskurs etdi. Fəaliyyətdə olduğu 60 ildən artıq müddətdə qazanılan uğurlardan danışan rektor bugünkü şəraitdə universitet üçün prioritet istiqamətlərdən söz açdı: “Hazırda peşəkar professor-müəllim heyəti ilə fəaliyyət göstərən 6 fakültədə müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı istiqamətində görəcəyimiz kifayət qədər işlər var”.  Universitetdəki 6 fakültənin 4-ündə pedaqoji kadr hazırlandığını diqqətə çatdıran rektor bu xüsusda aparılan təkmilləşdirmə işlərindən, o cümlədən ingilisdilli müəllimlərə artan bugünkü tələbat fonunda riyaziyyat və kimya müəllimliyi ixtisasları üzrə ingilisdilli müəllimlərin hazırlanması barədə söz açaraq universitetin çoxprofilli ixtisaslar üzrə universal ali təhsil müəssisəsi olmaqdan əlavə, elmi tədqiqat işlərinə verdiyi önəmdən də bəhs etdi.
Görüşün ali məktəblərə qəbul imtahanları ərəfəsində keçirildiyinin təsadüfi olmadığını diqqətə çatdıran rektor SDU-nun Sumqayıtdakı ümumtəhsil məktəbləri ilə əməkdaşlıq istiqamətində xeyli görülməli işlərin olduğunu bildirdi: “Biz çox istərdik ki, tələbələrimiz arasında ölkənin ümumtəhsil müəssisələri içində uğurlu nəticələri ilə diqqətçəkən Sumqayıt məktəblilərinin çəkisində dinamik artım görək”. SDU inkişaf edir, lakin inkişafla təbliğatın sinxronlaşdırılması istiqamətində problemlərin qaldığını qeyd edən rektor hazırda universitetdə müxtəlif təbiət elmləri üzrə kollokviumlar sahəsində böyük təcrübəyə malik yüksəkixtisaslı mütəxəssislər olduğunu qeyd etdi.
Sumqayıt məktəblilərinin universitetimizdə yüksək təhsil almasını təmin edəcək layihələrin artıq işə başladığını, “Code Academy”, “Sabah Hub”-ın uğurla fəaliyyət göstərdiyini, “Sabah”da təşkil olunan 90 nəfərlik qruplar üçün Türkiyədən yüksəkixtisaslı müəllimlərin cəlb edildiyini diqqətə çatdıran Rüfət Əzizov tələbə və məzunların uğurlu karyera perspektivləri üçün də əsaslı işlər görüldüyünü dedi. Bu istiqamətdə SDU-nun sənayeyə inteqrasiyası istiqamətində işlərin aparıldığını qeyd edən rektor ancaq ölkəmizdə deyil, regionda və dünyada tanınan şirkətlərlə əməkdaşlıq işlərinin qurulduğunu bildirdi, universitetin yeni yaradılan Sənaye Müəssisələri Şurası ilə qarşılıqlı perspektivlərdən danışdı. Nəzərdə tutulan planların SDU-da təhsilin məzmunun optimallaşdırılması işinə təkan verəcəyinə inandığını bidirən Rüfət Əzizov bir daha ümumtəhsil müəssisələrinin rəhbərlərini şagirdləri universiteti yaxından tanımaları üçün maksimum səy göstərməyə çağırdı.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva səmimi qəbula və ətraflı çıxışa görə SDU-nun rektoru Rüfət Əzizova təşəkkür edərək, geniş informasiyanın perspektiv əməkdaşlıq üçün yararlı olduğunu diqqətə çatdırdı. Qarşılıqlı əməkdaşlığın bütün tərəflər üçün faydalılığını diqqətə çatdıran, bu istiqamətdə xeyli işlərin görüldüyünü qeyd edən idarə müdiri onun davam etdirilməsini zəruri saydı.
Sumqayıt məktəblərində pedaqoji təcrübə keçən tələbələrin ümumi səviyyəsinin qənaətbəxş olduğunu bildirən İlhamə Abdullayeva SDU professor-müəllim heyətinin ümümtəhsil məktəblərində şagirdlər üçün mühazirə deməsi praktikasının ənənəyə çevrilməsini, əməkdaşlığın müəyyən proqramlar və metodik vəsaitlərin hazırlanması sahəsində inkişaf etdirilməsini arzuladı.
Ümumtəhsil məktəblərinin nümayəndələrinin müxtəlif məzmunlu sualları və onlara verilən cavablarla keçən görüş xoş notlarla davam etdi.

Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az