Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində Xocalı faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib
SDU-nun fakültələrində Xocalı faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib
Fevralın 22-dən Sumqayıt Dövlət Universitetinin fakültələrində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bu dəhşətli soyqırıma həsr olunmuş sənədli filmlər nümayiş olunub, faciəni əks etdirən foto və kitablardan ibarət sərgilərə baxış keçirilib, tələbələrin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Keçirilən tədbirlərdə fakültə dekanları və digər natiqlər çıxış edərək Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı soyqırımının dəhşətlərindən və Xocalı faciəsinə uzanan yoldan söhbət açıblar. Bildiriblər ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Faciə zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edilib, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər.
O da vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin Xocalı faciəsinin əsl mahiyyəti və erməni terrorizminin acı nəticələri ilə bağlı beynəlxalq aləmdə apardığı ədalətli siyasət, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən məqsədyönlü işlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi nəticəsində 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıbdır.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az