Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Technest University” layihəsi çərçivəsində görüş keçirildi
SDU-da “Technest University” layihəsi çərçivəsində görüş keçirildi
Fevralın 20-də Sumqayıt Dövlət Universitetində “Technest University” layihəsi çərçivəsində mentorların iştirakı ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən layihədən məzun olmuş və hal-hazırda təhsil alan tələbələrlə görüş keçirilib.
Görüşü Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov açaraq qonaqları və iştirakçıları salamladı, “Technest University” layihəsinin əhəmiyyətindən danışaraq müasir dövrdə vacib olan İKT bacarıqlarının qiymətləndirilməsi, bu sahədə süni intellekt texnologiyalarının geniş istifadə olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Bütün sahələrdə olduğu kimi, ölkənin təhsil sistemində də informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı əsas hədəf kimi müəyyən edilib. Hər il bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Bunlardan “Technest University” layihəsi uğurla icra olunaraq, yüzlərlə tələbəyə dəstək olub. Görüşün əsas məqsədi tələbələrin proqramdan əldə etdikləri nəticələr, həmçinin gözləntiləri ilə bağlı müzakirələrin aparılması və İRİA tərəfindən dəvət olunan şirkətlərin insan resursları nümayəndələrinin müvafiq iş sahələri ilə bağlı məlumat verməklə yanaşı, potensial tələbələrlə gələcək iş həyatları barədə danışıqların aparılmasıdır.
Rektor çıxışının sonunda tələbələrə belə layihələrdən faydalanmağı tövsiyə etdi.
Sonra “Code Academy”nin əməkdaşı Gülnar Mirhüseynova çıxış edərək İKT sahəsində hansı ixtisaslara tələbat olması və bu tələbatı ödəmək üçün atılan addımlardan danışdı. Bununla yanaşı, iştirakçılara “Technest” layihəsi haqqında məlumat verdi. Qeyd etdi ki, “Technest University” həm paytaxtda, həm də regionlarda İKT sahəsi üzrə təhsil alan gənclərin daha təcrübi biliklərə yiyələnməsinə və nəzəri biliklərin təcrübədə tətbiq olunmasına yönləndirilmiş bir layihədir. Layihə çərçivəsində Bakıda 200-dən çox tələbəyə dəstək olunub. 2022-2023 akademik tədris ilində isə ilk dəfə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə sözügedən layihə regionlarda icra olunmağa başlanılıb. 3 regionda – Gəncə, Sumqayıt və Lənkəran Dövlət Universitetlərində layihə üzrə işlər aparılıb.
“Code Academy”nin Biznesin inkişafı üzrə baş mütəxəssisi Tuğrul Kapucuoğlu  “Code Academy”nin fəaliyyətindən danışdı. Bildirdi ki, “Code Academy” şirkəti IT təməlli tədris sektorunda köklü dəyişikliklərin əsasını qoyan, məzunları həm özəl, həm də dövlət sektorunun aparıcı şirkət və təşkilatlarında əsas vəzifələrdə işləyən innovativ tədris mərkəzidir. Bu il proqram üzrə Sumqayıt Dövlət Universitetindən (SDU) “Web Programming Essentials” və “IT Helpdesk” ixtisaslaşmaları üzrə ümumilikdə 64 məzunu olub. Bundan başqa bu universitetlərdə təhsil alan tələbələr “Technest” təqaüd proqramının seçim turlarından keçərək təqaüd şansı qazanıb və bir semester (dərs rübü) təhsil almaq imkanı əldə ediblər. Semesterin sonunda tələbələr ayrı-ayrılıqda final layihələri təqdim edərək tədris mərkəzinin diplomları ilə təltif olunublar. “Technest” Təqaüd Proqramı ölkənin bütün vətəndaşlarının #İKT üzrə təhsil almasına dəstək olmağa davam edir.
Sonra “PASHA Holding”in əməkdaşı Eşqin Cəfərov İKT sahəsində çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edərək bu sahədə gəncləri fəal olmağa səslədi və tələbələri maraqlandıran sualları cavablandırdı.
Universitet üzrə “Code Academy”nin seçilmiş məzunları: Leyla Hüseynova və  Kamil Ağayev öz təcrübələrini iştirakçılarla bölüşdülər.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az