Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun iki fakültəsinə yeni dekanlar seçilib
SDU-nun iki fakültəsinə yeni dekanlar seçilib
SDU-nun Filologiya, həmçinin Kimya və biologiya fakültələrində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq, fakültə əməkdaşlarının ümumi yığıncağında dekan seçkisi keçirildi.
Filologiya fakültəsinə SDU-nun məzunu, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, Strateji İnkişaf Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Paşayeva, Kimya və biologiya fakültəsinə isə Botanika İnstitutunun “Ali bitkilərin sistematikası və coğrafiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov  seçilmişdir.
Paşayeva Günel Baxşeyiş qızı Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 iyun 2017-ci il tarixli (protokol N17-k) qərarı ilə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 16.12.2022-ci il tarixli qərarı ilə Elmi-pedaqoji fəaliyyətə görə Filologiya elm sahəsinin Azərbaycan dili ixtisası üzrə dosent elmi adı almışdır. Mütəmadi olaraq Respublika və Beynəlxalq elmi konfranslarda iştirak edir, müxtəlif ölkələrdə məqalələri nəşr olunur. 1 dərs vəsaiti, 1 monoqrafiya, 5 fənn proqramı, 40-a yaxın elmi məqalə və tezis müəllifidir.
Səlimov Rəşad Allahverdi oğlu Lerik rayonunda anadan olmuşdur. Gəncə Dövlət Universitetinin Biologiya və kimya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 31 may 2010-cu il tarixli qərarı ilə Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 27 may 2016-ci il tarixli qərarı ilə Biologiya ixtisası üzrə dosent elmi adı almışdır.
Rəşad Səlimov 2010-cu ildən bu günə qədər Xəzər Universiteti, BMU, BDU SABAH qruplarında Biologiya müəllimliyi və həmçinin 2017-ci ildən etibarən AMEA Botanika İnstitutunun magistraturasında Botanika ixtisası üzrə müxtəlif fənnləri tədris etmişdir. 2016-2019-cu illər üzrə IPBES Qlobal Qiymətləndirmə üzrə aparıcı ekspert, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Startegiya” üzrə işçi qrupunun üzvü olmuşdur. 2015-ci ildən Beynəlxalq Biologiya Olimpiadasının Azərbaycan üzrə ölkə koordinatoru, 2016-cı ildən isə Dünya Florası Onlayn Konsorsiumunun Taksonomik işçi qrupunun üzvüdür. Hazırda Almaniyanın Berlin Azad Universiteti Berlin Botanika Bağı və Botanika Muzeyində (Freie Universıtät Berlin and BGBM) birgə elmi tədqiqatlarını davam etdirir. Ümumilikdə 80-dən çox elmi əsəri (o cümlədən 3 kitab, 1 kitab fəsli, 6 dərslik, 47 məqalə və 37 tezis) çap edilmişdir. Environment and Ecology Research (Ətraf mühit və ekoloji tədqiqatlar) beynəlxalq jurnalının rəyçisidir. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərə görə Tərəqqi medalı ilə təltif olunmuşdur.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az