Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın növbəti iclası
SDU-da Elmi Şuranın növbəti iclası
Noyabrın 29-da Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru Rüfət Əzizov iclası açıq elan edərək şura üzvlərini salamladı, bu yaxın günlərdə Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Zöhrə Qafarovanın vaxtsız vəfatına görə ailəsinə və kollektivə dərin hüznlə başsağlığı verdi.
Sonra Elmi katib professor Muxtar Səmədov gündəlikdə olan məsələləri diqqətə çatdırdı. Gündəlik təsdiq olundu.
Akkreditasiya Komissiyasının yekun hesabatında göstərilən tövsiyələrin icrasına dair planın təqdimatı və SDU-nun 2024-2030-cu illər üzrə Strateji İnkişaf Planının ilkin variantının təqdimatı barədə Rektorun müşaviri Könül Abaslı çıxış etdi. Qeyd etdi ki, Akkreditasiya komissiyasının yekun hesabatında göstərilən tövsiyələrin yerinə yetirilməsi və iradların aradan qaldırılması üçün müvafiq məsələlər planda öz əksini tapmışdır və SDU-nun 2024-2030-cu illər üzrə Strateji İnkişaf Planı universitetin bütün sahələr üzrə dinamik inkişafının və beynəlxalq rəqabətqabiliyyətliyinin təmin edilməsinə hesablanmışdır.
İclasda Fəaliyyət Planının və SDU-nun 2024-2030-cu illər üzrə Strateji İnkişaf Planının elektron variantının müvafiq struktrur rəhbərlərinə təqdim olunmasının təmin edilməsi Rektorun müşaviri Könül Abaslıya tapşırıldı.
Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində SDU-nun profilinə dair təqdimatla Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva çıxış edərək bildirdi ki, Sumqayıt Dövlət Universiteti Milli Hirş indeks göstəricisi üzrə qərarlaşdığı 52-ci pillədən aparılan tədbirlər nəticəsində 36-cı pilləyə yüksəlmişdir, həmçinin Scopus indeksində 8, Web of Science indeksində isə 6 pillə yüksəlmə qeydə alınmışdır.
Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda məqalələri dərc olunan müəlliflərin mükafatlandırılması üçün müvafiq mexanizmin hazırlanması Rektorun Müşaviri Elşad Abdullayevə, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayevaya və Elmi hissənin müdiri Samir Orucova tapşırıldı.
SDU-nun magistrant, doktorant və dissertantlarının attestasiyalarının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdi. Magistrant, doktorant və dissertantların attestasiyalarının keçirilməsində tələbkarlığın daha da artırılması fakültə dekanlarına və kafedra müdirlərinə, Dissertasiyalarını vaxtında müdafiə etməyən doktorant və dissertantlarla fərdi iş aparılması, onların dissertasiya işlərinin ilkin müzakirəyə çıxarılmasına köməklik göstərilməsi kafedra müdirlərinə, fakültə dekanlarına, doktorant və dissertantların elmi rəhbərlərinə tapşırıldı.
SDU-nun Mühəndis ixtisasları üzrə təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsi barədə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev çıxış etdi. Qeyd etdi ki, SDU ilə Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində yerləşən Mühəndislik, İnformatika, Təbiət elmləri və Riyaziyyat təhsil proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) arasında bağlanmış müqaviləyə əsasən Beynəlxalq ekspert qrupu 10-13 oktyabr 2023-cü il tarixlərində Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının beynəlxalq akkreditasiyadan keçirilməsi üçün təhlillər aparmışlar.
Aparılan təhlillər əsasında Beynəlxalq ekspert qrupunun yekun hesabatının 2023-cü ilin sonunadək SDU-ya təqdim olunmasının diqqət mərkəzində saxlanılması Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayevə tapşırıldı.
Müxtəlif məsələlərin müzakirəsində Kimya və biologiya fakültəsinin III kurs, 340-1 saylı qrup tələbəsi Şəhid ailəsinin üzvü Banu Məhərrəm qızı İbadovanın təhsil haqqının ödənilməsindən azad edilməsi barədə qərar verildi.
Fəlsəfə doktorluğu proqramı üzrə doktoranturaya qəbul olmuş əməkdaşların dissertasiya işlərinin mövzusunun və elmi rəhbərlərinin təsdiqi, Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi və Elmi adların verilməsi barədə Elmi katib professor Muxtar Səmədov çıxış etdi.
Aparılan müzakirələr Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olundu. Müzakirəyə çıxarılan məsələlər barədə rektor struktur bölmə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verdi, bununla da, Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az