Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda III Respublika elmi konfransı öz işinə başladı
“Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda III Respublika elmi konfransı öz işinə başladı
Noyabrın 17-də Sumqayıt Dövlət Universiteti, Azərenerji ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda III Respublika elmi konfransı keçirildi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Konfransı giriş sözü ilə açan Təşkilat komitəsinin həmsədri, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov ilk olaraq konfrans iştirakçılarını Azərbaycanın füsunkar guşələrindən biri Hadrutda salamlamağından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması istiqamətində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilir.
Rektor Ulu Öndərin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışdı. Qeyd etdi ki, bu gün Azərbaycanın malik olduğu müstəqil elektrik enerjisi sistemi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müstəqil enerji sisteminin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilmiş və zamanın tələblərinə uyğunlaşdırılaraq ölkənin iqtisadi qüdrətinin artması fonunda özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Rektor onu da diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra bu yerlərdə bütün istiqamətlərdə, o cümlədən dağıdılmış enerji infrastrukturunun yenidən qurulması, bərpası məqsədilə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanıldı. Bərpa prosesində əsas məqsəd energetika sahəsində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastruktur şəbəkəsinin yaradılmasıdır. Bu gün bu işlər uğurla həyata keçirilir və bərpa prosesinə qabaqcıl texnoloji şirkətlər cəlb edilmişdir. Artıq azad olunmuş ərazilər, bütövlükdə Qarabağ "yaşıl enerji" zonası elan edilmişdir. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdır.
Belə bir konfransın 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan, 44 günlük Vətən müharibəsinin gedişində - 2020-ci il oktyabr ayının 9-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad olunan Hadrutda təşkil olunmasının təsadüfi olmadığını qeyd edən rektor konfransın  konkret nəticələr verəcəyinə inandığını bildirdi. Dövlətimizin işğaldan azad olunan ərazilərdə aparılacaq yenidənqurma siyasətinin əsas tərkib hissəsi olan məsələyə təşkilatçı qurumların, o cümlədən Sumqayıt Dövlət Universitetinin mütəxəssislərinin töhfə verəcəyinin qürurverici hal olduğunu dedi. Diqqətə çatdırdı ki, konfransdakı müzakirələr energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələlərini gündəmə gətirməklə bu istiqamətdə universitetimizin qarşısında yeni vəzifələr qoyur. Hesab edirəm ki, SDU-nun konfransda iştirak edən hazırki tələbələri, gələcək məzunlarımızın böyük əksəriyyəti karyeralarını bugünkü işğaldan azad olunan ərazilərdə qurmaqla Böyük Qayıdış çərçivəsində öz töhfələrini verə biləcəklər.
Daha sonra Təşkilat komitəsinin digər həmsədrləri - “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə və “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutun direktoru Rüstəm Qasımov konfrans iştirakçılarını salamladılar. Çıxışçılar ərazilərin işğaldan azad olunmasından sonra “2020-ci ilin iqtisadi yekunlarına dair” 2021-ci il yanvarın 6-da keçirilən müşavirədə Prezident İlham Əliyev tərəfindən bu ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürüldüyünü və bunun kifayət qədər bərpa olunan enerji potensialının olmasını qeyd etdiyini bildirdilər. Məhz bundan sonra 2021-ci il mayın 3-də imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamında yerli mütəxəssislər cəlb olunmaqla beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsinin nəzərdə tutulduğunu qeyd edən çıxışçılar hazırlanan Konsepsiya sənədinin elm və elmi-tədqiqat müəssisələrinin qarşısında mühüm vəzifələr qoyduğunu xatırlatdılar.
Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova “Elmi-tədqiqat işlərinin tədris prosesinə tətbiqi haqqında ;bütöv nüvəli elektromaqnit vericiləri”, Azərenerji ASC Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Enerji sistemi etibarlılığı və ifrat gərginlikdən mühafizə şöbəsinin aparıcı elmi işçisi Valeh Nəsibov “İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması”, Azərişıq ASC-nin Tədris və innovasiyalar mərkəzinin Texnoloji innovasiyalar kafedrasının müdiri Fərid Zalıyev “Paylayıcı şəbəkədə innovativ texnologiyaların tətbiqi – Azərişıq təcrübəsi”, Azərişıq ASC-nin Tədris və innovasiyalar mərkəzinin Mühəndis pedaqogikası kafedrasının müdiri Samid İbrahimzadə “Paylanmış generasiya”, Azərişıq ASC-nin Tədris və innovasiyalar mərkəzinin Yaşıl enerji kafedrasının müdiri Ayşən Həmidova “Bərpa olunan enerji mənbələri və aktiv istehlakçı”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin H.Abdullayev adına Fizika İnstitutunun Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri laboratoriyasının müdiri Nadir Abdullayev “Energetika üçün yeni materiallar – yeni maqnit topoloji izolyatorlarda yükdaşınma mexanizmi” mövzularında məruzə etdilər.
Konfrans işini bölmələr üzrə davam etdirdi.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az