Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi
SDU-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi
Bu il Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu əlamətdar gün münasibətilə oktyabrın 27-də Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə “Qurtuluşdan-inkişafa” mövzusunda  elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı,Əməkdar müəllim professor Adil Baxşəliyev açaraq Cümhuriyyət bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bildirdi ki, bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Qurtuluş savaşından sonra çox mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən mühüm hadisələrindən idi. Keçən dövr ərzində Türkiyə Cümhuriyyəti hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yüksəliş yolu keçmiş, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutmuşdur.           
Dekan onu da əlavə etdi ki, iki qardaş dövlət arasında olan münasibətlərin fəlsəfi ideoloji xəttini Ulu öndər Heydər Əliyev qoyub. Burada əsas dövlətlər arasındakı bağlayıcı tezis "Bir millət, iki dövlət" ifadəsidir. Dost və qardaş olan bu iki dövlət arasındakı səmimi münasibətlər uğurlu siyasətin məntiqi nəticəsi olaraq daha da yüksək səviyyəyə çatıb. Azərbaycan Türkiyə əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
Professor Adil Baxşəliyev bugünkü konfransın ölkələrimiz arasında əlaqələrin genişlənməsinə növbəti töhfə olacağını bildirdi və konfransın işinə uğurlar arzuladı.
Sonra Türk dünyasının birliyini əks etdirən videoçarx nümayiş olundu.
Daha sonra Qaziantep Universitetinin öyrətim üyəsi, Tarix və onun tədrisi metodikası kafedrasının əməkdaşı, doktor Sadık Çetin “Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkdən – Rəcəb Tayyib Ərdoğana: Qurtuluş və İnkişaf tarixi” mövzusunda məruzə etdi. Bildirdi ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə olacaq.
Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Yusifəli Həsənov “100 ildə Azərbaycan-Türkiyə münasibətləri”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Qarabağ Zəfərində Azərbaycan Türkiyə qardaşlığı” mövzularında çıxış etdilər. Vurladılar ki, bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Çıxışlardan sonra I kurs magistrant Aişə Əmrahovanın ifasında Azərbaycan-Türkiyə şeiri səsləndirildi.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az