Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları “Universitetlərdə Transmilli Tərəfdaşlığın gücləndirilməsi üçün Təlimlər və Resurslar” (TRUST) adlı tədbirdə iştirak etdilər
SDU əməkdaşları “Universitetlərdə Transmilli Tərəfdaşlığın gücləndirilməsi üçün Təlimlər və Resurslar” (TRUST) adlı tədbirdə iştirak etdilər
Sentyabrın 11-dən 13-dək Azərbaycan Milli Erasmus+ Ofisi və Erasmus Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə “Universitetlərdə Transmilli Tərəfdaşlığın gücləndirilməsi üçün Təlimlər və Resurslar” (TRUST) adlı təlimlər keçirildi.  
Təlimin məqsədi Azərbaycan universitetlərində transmilli tərəfdaşlıq, beynəlmiləlləşmə, layihələrin yazılması və idarə olunması, beynəlxalq təhsil üzrə bacarıqların gücləndirilməsi idi.
Tədbiri giriş sözü ilə açan Erasmus Tələbə Şəbəkəsinin sədri Əli Tağıyev iştirakçıları salamladı, tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti haqqında geniş məlumat verərək hər kəsə uğurlar arzuladı. Daha sonra Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun məsləhətçisi Günay Cəfərzadə və Azərbaycan Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırov çıxış etdilər.
Tədbir Gürcüstanın Tbilisi Dövlət Universitetinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Tea Gergedavanın “Ali təhsil müəssisələrində Erasmus + (Potensialın gücləndirilməsi) layihələrinin hazırlanması”, “Tərəfdaşlarla əməkdaşlığın qurulması və qrantların idarə edilməsi”, “Layihə üzrə risklərin idarə edilməsi və hesabatların hazırlanması” üzrə təqdimatı ilə davam etdi.
Tədbirin ikinci günü Türkiyənin Marmara Universitetinin Beynəlxalq təhsil mütəxəssisi Gülden Bulut “Erasmus+Beynəlxalq Kredit Mobilliyi”, “Ali təhsildə virtual mübadilələr”, “Erasmus Mundus proqramları” haqqında, tədbirin üçüncü günü isə Mariupol Dövlət Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin direktoru İrina Sikorska “Beynəlxalq layihələrdə Beynəlxalq əlaqələr departamentinin rolu”, “Erasmus + Jean Monnet layihəsi, metodologiyası və idarə edilməsi” haqqında məruzə ilə çıxış etdilər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun məsləhətçisi Günay Cəfərzadə, Azərbaycan Milli Erasmus + Ofisinin direktoru Pərviz Bağırov, Erasmus Tələbə Şəbəkəsinin sədri və nümayəndələri, Azərbaycan ali təhsil müəssisələrinin Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssislərinin iştirak etdiyi tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və şöbənin baş metodisti Aysel Eminova iştirak etdilər.
Müzakirələrlə davam edən tədbirin üçüncü gününün sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
 
Mətbuat xidməti
 

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az