Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tarix və coğrafiya fakültəsində “Azərbaycan mədəniyyətinin məbədi Şuşa” mövzusunda tədbir keçirildi
SDU-nun Tarix və coğrafiya fakültəsində “Azərbaycan mədəniyyətinin məbədi Şuşa” mövzusunda tədbir keçirildi
Mayın 15-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Fəlsəfə, sosiologiya və politologiya kafedrasının təşkilatçılığı ilə Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq, “Azərbaycan mədəniyyətinin məbədi Şuşa” mövzusunda tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi geniş təntənə ilə keçirilir. Eyni zamanda, Şuşa şəhərinin 2023-cü il  üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi, TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında böyük təntənə ilə qeyd olunur.
Dekan onu da qeyd etdi ki, bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır, Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsimizin bərpası istiqamətində geniş işlər görülür.
Sonra Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Afaq Qəniyeva “Azərbaycan mədəniyyətinin məbədi Şuşa” mövzusunda məruzə etdi. Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olduğunu, Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu diqqətə çatdırdı.
Daha sonra fakültənin tələbələri: Əbülfəz Məmmədov “Şuşa Qarabağ xanlığının paytaxtı və şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi”, İsmayıl Abdulov “Ulu Öndər Heydər Əliyevin zəngin tarixi abidələr şəhəri olan Şuşaya qayğısı”, Samir İsmayılov “Şuşa -Böyük Qayıdışın şah əsəridir” mövzularında çıxış etdilər. Qeyd etdilər ki, Heydər Əliyevin fəaliyyətinin istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev birinci rəhbərliyi dövründə bu şəhərin inkişafına çox böyük qayğı ilə yanaşırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bu gün Ulu Öndər Heydər Əliyevin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır.
 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az