Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Sumqayıt Musiqi Kollecinin bir qrup nümayəndəsinə Fəxri fərman təqdim etdi
SDU-nun rektoru Sumqayıt Musiqi Kollecinin bir qrup nümayəndəsinə Fəxri fərman təqdim etdi
Mayın 12-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin bir qrup nümayəndəsini qəbul etdi. Dəyirmi masa ətrafında qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sumqayıt Dövlət Universiteti və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə yüksək səviyyədə konsert proqramının keçirilməsinə görə əməyi keçən hər kəsə təşəkkür etdi.
Professor Elxan Hüseynov kollecin direktoru dosent Səbinə Mehdiyevanı, kollecin Tədris işləri üzrə direktor müavini, beynəlxalq müsabiqələr laureatı Kamran Süleymanovu, xor kollektivi və kamera orkestrinin dirijoru, bəstəkar, respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilovanı, Kamera orkestrinin bədii rəhbərləri Şəms Əliyevanı və Könül Bəkirovanı, Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbəri Kamran Teymurovu konsert proqramında uğurlu çıxışlarına görə Fəxri fərmanla mükafatlandırdı, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzuladı. Vətəni, xalqı qarşısında misilsiz xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunduğunu vurğulayan professor Elxan Hüseynov Ulu Öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək dəyərdən danışdı. Rektor qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, təhsilə, mədəniyyətə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı nümayiş etdirmiş, rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak etmiş, gözəl çıxışları və dəyərli təklifləri ilə onları daima ruhlandırmışdır. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır.
Sumqayıt Musiqi Kollecinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva professor Elxan Hüseynova səmimi qəbula, göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.  “Heydər Əliyev İli” çərçivəsində keçirilən konsert proqramının Ümummilli Liderin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu qeyd etdi və bu kimi tədbirlərin Ulu Öndərin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına verdiyi töhfələri bir daha yada salmaq və gənc nəslə çatdırmaq istiqamətində faydalı olacağını söylədi.
Sonra mükafata layiq görülən iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.
Görüşdə qeyd edildi ki, Sumqayıt Dövlət Universiteti və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “Dünya azərbaycanlılarının həmrəylik günü” ərəfəsində də birgə konsert proqramı təşkil ediləcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az