Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda III Beynəlxalq elmi konfrans öz işinə başladı
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda III Beynəlxalq elmi konfrans öz işinə başladı
Dekabrın 8-də Sumqayıt Dövlət Universiteti və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda onlayn formatda III Beynəlxalq elmi konfrans keçirildi.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Bolqarıstan və digər ölkələrin aparıcı universitetlərinin mühəndis alimləri də iştirak edirdilər.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq konfransın işinə uğurlar arzuladı, iştirakçılara rektor professor Elxan Hüseynovun salamlarını çatdırdıvə müasir dövr üçün aktual mövzuya həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən bəhs etdi. SDU-nun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr və İKT-nin son nailiyyətləri barədə məlumat verən professor Ramazan Məmmədov qeyd etdi ki, bu, sayca üçüncü konfransdır. Birinci konfrans 2018-ci ildə, ikinci konfrans 2020-ci ildə keçirilmişdir. Mövzunun aktuallığı nəzərə alınaraq, konfransın ikiildənbir keçirilməsi qərara alınmışdır. Çünki informasiya sistemləri və texnologiyalar istər nəzəri, istərsə də praktiki baxımdan çox sürətlə inkişaf edən bir sahədir və şübhəsiz ki, ötən konfransdan sonrakı dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıdakı vəzifələr barədə alimlərin fikir mübadiləsinə ehtiyac vardır. İnformasiya sistemləri və texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsi çox vacibdir. İnformasiya texnologiyaları cəmiyyətin informasiya resurslarının istifadə olunması prosesinin vacib tərkib hissəsini təşkil edir. Hazırda istənilən ölkənin inkişafı informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf səviyyəsindən çox asılıdır. Xüsusilə də sosial-iqtisadi siyasətin həyata keçirilməsində İKT-nin rolu sürətlə artır. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident cənab İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, İKT-nin inkişaf etdirilməsi üçün sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları əsasında təhsil müəssisələrində geniş tədbirlər həyata keçirilir. Bu gün qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq informasiya və kommunikasiya texnologiyalarının (İKT) imkanlarından təlim prosesində istifadə olunması, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. Bu nöqteyi nəzərdən elektron tədris sistemlərinin effektivliyinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edir.
AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru Əminağa Sadıqov çıxış edərək konfransın əhəmiyyətindən danışdı və diqqətə çatdırdı ki, konfransın keçirilməsinin məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf ənənələri, perspektivləri sahəsində alim və mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır. İKT-nin inkişafı bütövlükdə informasiya cəmiyyətinin inkişafı, onun tərkib hissəsi və texnologiya bazasıdır. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyat formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank sahələrində tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının parlaq nümunəsidir.
Plenar icasda Milli Aviasiya Akademiyasında kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor İsmayıl İsmayılov “Aviasiya informasiya-idarəetmə sistemlərinin intellektuallaşdırılması konsepsiyaları” AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov “Təhlükə potensiallı obyektlərin pasportlaşdırılması üçün verilənlər bazasının yaradılması texnologiyası”, Bolqarıstan Respublikasının Varna Texniki Universitetinin professoru Nikola Nikolov “Синтез линейной дискретной системы с адаптивным регулятором состояния”, Sumqayıt Dövlət Universitetinin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri texnika elmlər doktoru, professor Cavanşir Məmmədov “Software for diagnostics of industrial robot mechatronic parts” mövzularında məruzə etdilər. Bildirdilər ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları son illərdə sürətlə inkişaf edərək, bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir.
Konfransda informasiya-ölçmə və idarəetmə sistemləri, sistemli analiz və modelləşdirmə, mexatronika və robototexnika, korporativ informasiya sistemləri və onların tətbiqi, intellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri mövzuları üzrə müzakirələr aparıldı.
Konfransın sonrakı işi haqqında Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayevməlumat verdi. Bildirdi ki, Konfransın Təşkilat komitəsinə 3 xarici ölkənin (Rusiya, Türkiyə, Bolqarıstan) 15 universitetindən və respublikamızın 8 elm və ali təhsil müəssisəsindən daxil olmuş 200-dən artıq məruzə və tezis Proqram komitəsi tərəfindən seçilərək plagiat yoxlanılmış, onlardan 132 məruzə (xarici ölkələrdən 14 məruzə) konfransın gündəliyinə daxil edilmişdir. Konfrans öz işini 5 bölmə üzrə iki gün davam etdirəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az