Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş növbəti seminar keçirildi
SDU-da Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş növbəti seminar keçirildi
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd olunur. Sənətkarın yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi ilə bağlı Prezident cənab İlham Əliyev Sərəncam imzalayıb. Artıq bu Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu münasibətlə noyabrın 30-da Sumqayıt Dövlət Universitetində “Aşıq olub tərki-Vətən olanın” adlı elmi seminar keçirildi.
Seminarı giriş sözü ilə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açaraq, Aşıq Ələsgərin Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açdı, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Aşıq Ələsgər yaradıcılığının daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirən dekan onu da diqqətə çatdırdı ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub. Tarixi Azərbaycan torpağı olan Göyçə mahalında Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb, Azərbaycan Elmlər Akademiyası tərəfindən əsərləri iki cilddə nəşr olunub. Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. 2009-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Dosent Sevinc Həmzəyeva onu da qeyd etdi ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi milli adət-ənənələrimizin öyrənilməsi və xalqımızın zəngin mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə başçısı tərəfindən sözügedən Sərəncamın imzalanması bütövlükdə Aşıq Ələsgərin yaradıcılığı ilə məşğul olan tədqiqatçılar, ələsgərşünaslar qarşısında yeni imkanlar açır. Dekan onu da nəzərə çatdırdı ki, Sumqayıt Dövlət Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn formatda keçirilən Beynəlxalq elmi konfransda fakültənin əməkdaşları: Şeyda Quliyeva və Aynurə Babayeva Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş məqalələrlə çıxış etmişlər.
Tədbirdə “Azərbaycan aşıq sənətinin tacidarı” mövzusunda çıxış edən filologiya elmləri doktoru, folklorşünas Avtandil Məmmədov bildirdi ki, XIX əsr boyunca və XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər sazının, şeirinin, dastanının möcüzəsi ilə yeni ömür başlanıb. Şeirlərində bəşəri ideyaları, fəlsəfi dünyagörüşü, humanizmi, ülvi hissləri, vətənpərvərliyi, təbiətə və insanlığa sevgini, ədalətli, qürurlu yaşamağı təbliğ edən Aşıq Ələsgər saz və söz sənətinin inkişafına müstəsna təsir göstərib.
Folklorşünaslıq ETL-in rəhbəri professor Astan Bayramov “Aşıq Ələsgərin poeziyasında onomastik vahidlər”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Balakişi İsgəndərov “Aşıq Ələsgərin ustadnamələrinin əxlaqi-didaktik semantikası” mövzularında çıxış etdilər. Bildirdilər ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhu ilə həmahəng əsərlər yaratmaqla Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
Tədbirdə qüdrətli söz ustadının həyat və yaradıcılığından bəhs olundu, onun əsərlərindən parçalar ifa edildi. Filologiya fakültəsinin tələbələri: Gülyanaq Xanəhmədova “Dolanır”, Arzu Əliyeva “Dünyada” qoşmalarını, Şəbnəm Abışova “Xoş gəldin” gəraylısını səsləndirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az