Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun professoru Məhəmməd Əhmədovun 75 illik yubileyi qeyd olundu
SDU-nun professoru Məhəmməd Əhmədovun 75 illik yubileyi qeyd olundu
Alim ömrü şam işığı kimidir, onuntək bənzərsiz və titrəkdir. Bu, tonqaldan çıxan gur və parlaq, hər tərəfi yaxa bilən alov dilləri deyil, məhz ehtiyatla, aramla, səbirlə qaranlıqlara sinə gərib ətrafına nur paylayan bir gözəllikdir. Belə gözəllikdən doymaq olmur. Alim ömrü incədir, əslində, heç bizim adi mənada qəbul etdiyimiz ömür deyil, yalnız xalqına, xalqın övladlarına xidmət üçün Tanrıdan ona verilmiş bir möhlətdir. Azərbaycanlı alimi məfhumu, məncə, tək elmdən deyil, həm də millətinin yüksək mənəvi-əxlaqi dəyərlərindən yoğrulmuş bir anlayışdır. Belə alimlərimiz millətin qürur yeri, and mənbəyidir.
Bu adı şərəflə daşıyan müəllimlərdən biri də Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının məsləhətçi professoru Məhəmməd Əhmədovdur. Məhəmməd müəllim sadə, mehriban, təvazökar, xeyirxah, ciddiliyi sevən bir alimdir. O, işgüzar, öz işini ürəkdən sevən və tələbələrin, ictimaiyyətin rəğbətini qazanan, sevib-seçdiyi peşəyə qəlbən bağlanan müəllimlərimizdən biridir.
Bu gün Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının məsləhətçi professoru Məhəmməd Əhmədovun anadan olmasının 75 illik yubileyi qeyd olunur.
Universitetin rektoru professor Elxan Hüseynov alimin həyat yoluna nəzər salaraq onun elmi fəaliyyəti barədə geniş məlumat verdi. Məhəmməd Əhmədovun uzun illər Sumqayıt Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyətini, Mühəndislik sahəsində yeni istiqamət yaratmış qabaqcıl alim kimi qiymətləndirən rektor eyni zamanda onun gözəl mütəxəssis, tələbə və alimlər yetişdirən əsl ziyalı olduğunu vurğuladı.
Rektor çıxışının sonunda “Uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 75 illik yubileyi münasibətilə” İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının məsləhətçi professoru Məhəmməd Əhmədova fəxri fərman və pul mükafatı təqdim etdi.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev və digərləri Məhəmməd Əhmədovun İnformasiya texnologiyaları sahəsinə verdiyi töhfələrdən danışdılar, onun keçdiyi şərəfli ömür yolundan söz açaraq, alimlə bağlı xatirələrini bölüşdülər. Qeyd etdilər ki, Məhəmməd müəllim təbiətcə çox xeyirxah, nikbin və sözünü açıq deyən mərd insandır. Fakültə həyatında onun xüsusi, təkrarsız yeri, mövqeyi var. İstedadlı gənclərə hər cür şərait yaratmaqla layiqli alim ordusu yetişdirir. Ömrünün böyük bir hissəsini informasiya və texnologiyanın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim onlarla dərslik və dərs vəsaiti və çoxsaylı elmi məqalənin müəllifidir.
Sonda Məhəmməd Əhmədov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Bir daha hörmətli Məhəmməd Əhmədovu 75 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Məhəmməd Əhmədovun şərəfli və mənalı ömür yoluna qısa nəzər salanda aydın görünür ki, əsl ziyalı ömrü beləcə başlayır. O, 27 oktyabr 1946-cı ildə Azərbaycan Respublikasının Oğuz rayonunun Baş Daşağıl kəndində sənətkar ailəsində anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmiş 1971‒77-ci illərdə Sumqayıt Kompressorlar zavodunda, 1977‒80-ci illərdə isə “Neftkimyaavtomat” Elmi-Tədqiqat” İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildən AZNKİ-nin Sumqayıt filialında (hal-hazırda SDU) mühəndis, baş müəllim, böyük elmi işçi, professor, kafedra müdiri, tədris işləri üzrə prorektor vəzifələrində çalışmış, hal-hazırda isə məsləhətçi-professor kimi əmək fəaliyyətini davam etdirir. SDU-nun universitet kimi formalaşmasında, tədrisin təşkili və idarə edilməsində, yeni müasir ixtisaslar üzrə kadr və tədris potensialının yaradılması və yenilənməsi istiqamətində məhsuldar fəaliyyətinə görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə, eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 1997-ci ildən başlayaraq AMEA-nın Kibernetika, İnformasiya Texnologiyaları İnstitutlarının və SDU-un nəzdində fəaliyyət göstərən müdafiə şuralarının üzvü olmuşdur. 2019-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Texnika üzrə Ekspert şurasının üzvüdür.“Lütfi Zadə irsi və süni intellekt” assosiyasının üzvü və “Vektor” Beynəlxalq elmi mərkəzinin mükafatına layiq görülmüşdür. Hal-hazırda elmi rəhbərliyi ilə 2 doktorant elmi tədqiqat işlərini yekunlaşdıraraq müdafiə ərəfəsindədir, 4 doktorant elmi-tədqiqat işlərini müvəffəqiyyətlə davam etdirir. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az