Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları şəhid Təhmasib Qarayevin anım mərasimində iştirak etdilər
İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları şəhid Təhmasib Qarayevin anım mərasimində iştirak etdilər
Torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Bunlardan biri də Sumqayıt Dövlət Universitetinin məzunu şəhid Təhmasib Qarayevdir.
Oktyabrın 23-də Ağcabədi rayonu Kəbirli kəndində şəhid Təhmasib Qarayevin anım mərasimi keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin qulluqçuları və məzunu olduğu Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, dekan müavinləri: Sədaqət Əliyeva, Araz Mirzəbəyov, Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov və bir qrup tələbə iştirak etdilər, şəhidin məzarı önünə Sumqayıt Dövlət Universitetinin rəhbərliyi adından əklil qoydular.
Şəhidin atası Hikmət Qarayev anım mərasimində çıxış edərək söylədi ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir: “Əbəs yerə deməyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Təhmasibin ən böyük arsuzu doğma torpaqlarımızın erməni tapdağından azad edilməsi idi. Allaha şükürlər olsun ki, Təhamsib kimi igid oğullarımızın sayəsində Vətən torpaqlarımız düşməndən təmizləndi və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Təhamsib kimi qəhrəmanlar gənc nəslə örnəkdir. Oğlumla fəxr edirəm. Bu gün bir şəhid atası kimi mənim ən böyük təsəllim odur ki, qədirbilən xalqımız Təhmasibin əziz xatirəsini hər zaman ehtiramla yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin alimləri şəhid Təhmasib Qarayevlə bağlı xatirələrini bölüşdülər. Bildirdilər ki, Təhmasib çox tərbiyəli, vətənpərvər, cəsur bir gənc olub: “Şəhidimizlə hər zaman fəxr edəcəyik. Onun döyüş yolu, göstərdiyi şücaət hər bir Azərbaycan gənci üçün örnəkdir”. Qeyd etdilər ki, döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsi yazmaqla Vətənin bölünməzliyinə imza atıblar. Minlərlə könüllü gəncimiz silaha sarılaraq müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin döyüş tapşırıqlarını yüksək səviyyədə icra edib, tarixi torpaqlarımız tez bir zamanda düşməndən azad etdilər. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, güclü iradəsi və düzgün qərarları sayəsində 30 illik Vətən həsrətinə son qoyuldu. Yüksək fəxarət hissi ilə qeyd etmək istərdik ki, erməni əsarətindən qurtulmuş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında doğma universitetimizin tələbə və məzunları da vardır. Qazanılan Qələbə təkcə 2020-ci ilin deyil, son əsrlərin ən möhtəşəm zəfəri oldu! Bu Zəfər döyüşündə Sumqayıt Dövlət Universitetinin də onlarla məzunu, tələbəsi, işçisi onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Vətən müharibəsində qazanılan Qələbə həm də minlərlə şəhidlərimizin qanı bahasına başa gəldi. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini birlikdə anırıq.
Qeyd edək ki, Qarayev Təhmasib Hikmət oğlu 18 may 1996-cı ildə Ağcabədi rayon Kəbirli kəndində anadan olub. 2003-cü ildə M.Ə.Sabir adına Kəbirli kəndi tam orta məktəbinin birinci sinfinə daxil olub. Həmin məktəbi 2013-cü ildə bitirdikdən sonra Sumqayıt Dövlət Uinversitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub. 2017-ci ildə həmin universiteti bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xidməti bitirdikdən sonra yenidən kurslara qatılıb xidməti davam etdirərək gizir rütbəsi alıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Murov yüksəkliklərinin, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda iştirak edib. Çiyin-çiyinə döyüşdüyü hərbiçi yoldaşlarının dediyinə görə, 22 oktyabr 2020-ci ildə Qırmızı bazar deyilən ərazidə gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 23 oktyabr 2020-ci ildə Ağcabədi rayonu Kəbirli kənd qəbirstanlığında dəfn olunub. Ölümündən sonra “Cəbrayıl”, “Kəlbəcər” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az