Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Nizami Gəncəvi yaradıcılığında təbiət sevgisi” mövzusunda onlayn formatda elmi-praktiki vebinar keçirildi
SDU-da “Nizami Gəncəvi yaradıcılığında təbiət sevgisi” mövzusunda onlayn formatda elmi-praktiki vebinar keçirildi
Aprelin 22-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Yer kürəsi Gününə həsr olunmuş “Nizami Gəncəvi yaradıcılığında təbiət sevgisi” mövzusunda onlayn formatda elmi-praktiki vebinar keçirildi.
Vebinarda AMEA-nın Radiasiya Problemləri İnstitutu, AMEA-nın Coğrafiya İnstitutu, Filologiya və Sosiologiya Akademiyası, Bakı Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Regional İdarəsi, Sumqayıt Şəhər 1 nömrəli Usaq-Gənclər İnkişaf Mərkəzinin rəhbər və əməkdaşları və Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti (Kimya və biologiya və Filologiya fakültəsi), magistrant və tələbələri iştirak etdilər.
Vebinarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Regional İdarəsinin sektor müdiri Elmar Musayev, əməkdaşı Vüsal İbrahimli, Filologiya və Sosiologiya Akademiyasının direktoru f.f.d Mail Yaqub, universitetin bir qrup professor-müəllim heyəti iştirak etdilər.
Vebinarı giriş sözü ilə Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova açaraq, iştirakçıları salamladı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu bildirdi. Qeyd etdi ki, aparılan araşdırmalar bir daha sübut edir ki, böyük təbiətşünas alim, humanist tərbiyəçi-pedaqoq olan Nizami Gəncəvi, demək olar ki, bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğıkeş münasibət bəsləmək ruhunda tərbiyələndirməyə çalışmışdır. Onun ekoloji tərbiyə ilə bağlı fikirlərində insanın öz ülviyyətini qoruması, təbiəti məhv olmaqdan xilas etməsi irəli sürülmüşdür. Bu gün bəşəriyyətin üzləşdiyi ekoloji təhlükəsizlik probleminə Nizaminin əsərlərində geniş toxunulur, onun həlli yolları araşdırılır. Qəzəl və qəsidələrindən tutmuş, “Xəmsə”yədək bütün əsərlərində ətraf mühit problemləri ilə qarşılaşırıq.
Nizaminin yaradıcılığında ətraf mühit məsələlərinin təqdimi və təhlili o qədər elmi şəkildə verilib ki, müəllifə təbiəti əla mənimsəmiş və onun qayğısına qalan alim kimi yanaşmalı olursan. O, canlı orqanizmlərə təsir edən faktorları dəqiqliklə çatdırır. Məsələn, orqanizmi təbiətdə əhatə edən və ona təsir göstərən elementləri verməklə ekoloji amilləri göstərmiş olur.
SDU-nun Kimya və biologiya faklültəsinin dekanı dosent Mahal Muradov çıxış edərək qeyd etdi ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident cənab İlham Əliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Mahal Muradov “Nizami Gəncəvi İli” çərçivəsində universitetdə müxtəlif formatlarda və mövzularda çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırdı və Şərqin dühası, görkəmli şair Nizami Gəncəvinin yaradıcılığından, onun irsinin Azərbaycan elmindəki misilsiz rolundan danışdı. Dahi şairin əbədiyaşar əsərlərində yer alan yüksək mənəvi fikirlərin tələbə gənclər arasında təbliğinin önəmindən bəhs etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Regional İdarəsinin sektor müdiri Elmar Musayev “Beynəlxalq Yer kürəsi Günü”, Filologiya və Sosiologiya Akademiyasının direktoru f.f.d Mail Yaqub “Nizamidə kamil insan modeli”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə “Nizami Gəncəvi yaradıcılığında təbiət sevgisi və təbiətin qorunmasına münasibət” mövzularında çıxış edərək qeyd etdilər ki, Beynəlxalq Yer Kürəsi Günü bəşəriyyətin diqqətini Yerin ekoloji sisteminin kövrəkliyinə cəlb etmək və insanları ümumi evimiz olan Yer planetinə münasibətdə daha diqqətli olmağa həvəsləndirmək məqsədi daşıyır. İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bunlardan səmərəli istifadə etmək və onların mühafizəsi ilə bağlıdır. Təbiət nə qədər zəngin olarsa, o qədər insanın zövqünə, yaxşı mənada sağlamlığına nüfuz edər.
Vebinar müzakirələrlə davam etdi və bu müzakirələrdə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin dekanı Nazim Şamilov, Mingəçevir Dövlət Universitetinin dosenti Vüqar Mustafayev, AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxış edərək, vebinara xoş arzularını bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az