Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn formatda anım tədbiri keçirildi
SDU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn formatda anım tədbiri keçirildi
Fevralın 26 -da Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn formatda anım tədbiri keçirildi.
Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı, Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə rektor professor Elxan Hüseynov açaraq bildirdi ki,Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı insanlıq tarixində kütləvi terror aktı kimi yaddaşlarda əbədi iz buraxacaq, bu faciə tarix boyu unutdulmayacaq. Fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. 7 min əhalisi olan Xocalıda soyqırımı aktı nəticəsində 613 nəfər - 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin isə taleyi indiyə qədər də məlum deyil. Xocalı soyqırımı əsl siyasi və hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır.
Rektor onu da qeyd etdi ki, bu il biz Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edirik. Nəhayət 29 ildən sonra ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində xalqımızın yaşadığı məhrumiyyətlər geridə qaldı, Azərbaycan xalqı qalib xalqa çevrildi. Xocalı faciəsinə həsr olunmuş tədbirlər bu il başqa əhval-ruhiyyədə qalib ölkənin vətəndaşları kimi keçirilir. Xocalıda və digər torpaqlarımızda erməni təcavüzkarlarının vəhşicəsinə həyata keçirdiyi soyqırımı aktları nəticəsində həlak olan həmvətənlərimizin qisası siyasət meydanı ilə yanaşı, döyüş meydanında da alındı.
Tədbirdə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mehin Məmmədova çıxış edərək erməni millətçiləri tərəfindən son 200 ildən artıq bir müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti haqqında danışdılar və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olmasını bir daha vurğuladılar. Qeyd etdilər ki, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
Sonra çıxış üçün söz Xocalı faciəsinin canlı şahidi Aydın Əliyevə verildi. O, xalqımızın başına gətirilən müsibətlərdən ürək ağrısı ilə danışdı və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilə bağlı fikirlərini bölüşdü.
Mətbuat xidməti


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az