Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Linko V 8.3" proqram təminatının təqdimati keçirildi
"Linko V 8.3" proqram təminatının təqdimati keçirildi
Dekabrın 29-da universitetin rektoru professor Elxan Hüseynovun təşəbbüsü və Xarici dillər kafedrasının təşkilatçılığı ilə Linqafon otaqları üçün nəzərdə tutulmuş "Linko V 8.3" proqram təminatının təqdimatı keçirildi.
Təqdimatda universitetin rektoru professor Elxan Hüseynov, prorektorlar, dekanlar, Xarici dillər kafedrasının professor və müəllim heyəti iştirak etdilər.
Təqdimatda rektor professor Elxan Hüseynov çıxış edərək, Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən səmərəli islahatlardan, o cümlədən elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, 2018-ci ilin sonunda Prezident cənab İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu və ya digər dövlət hüquqi-normativ aktların hədəfi Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını təmin etməkdir. Respublikamızın iqtisadiyyatının və qeyri-neft sektorunun yüksələn dövründə insan kapitalının hərtərəfli inkişafı zərurətə çevrilir. Bu istiqamətdə təhsilin də inkişafı və beynəlxalq rəqabətliliyinin artması təhsil sistemimizin inkişaf strategiyasının prioritetlərindəndir. Ali təhsil sisteminin modernləşdirilməsi və rəqəmsal texnologiyalardan istifadəsi dünya iş bazarının tələblərinə də cavab verir. Dünyanın ən inkişaf etmiş ölkələri bu yolda məhz ali təhsil sisteminin beynəlxalq rəqabətqabiliyyətliliyinin gücləndirilməsi sayəsində nail olublar. Bu istiqamətdə universitetimizdə təhsil ildən-ilə müasirləşdirilir, yüksək texniki tələblərə cavab verən və Avropa təhsil sisteminin standartlarına uyğun yüksək avadanlıqlarla təchiz olunmuş laboratoriyalar təşkil olunur. Ən müasir proqramlarla dərslər keçilir.
Tədbirdə Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova çıxış edərək, Linko V 8.3 proqramı haqqında tədbir iştirakçılarına ümumi məlumat verdi. Bildirdi ki, bu proqramın xarici dillərin tədrisinin müasirləşdirilməsi yolunda mühüm addımlardan biridir. Professor Nigar İsgəndərova onu da qeyd etdi ki, 2014-cü ildən Sumqayıt Dövlət Universitetinə yeni ixtisaslara qəbul elan edilmişdir. Onların sırasında Xarici dil müəllimliyi (ingilis dili) ixtisası da var. Həmin ildən etibarən bu ixtisas üzrə artıq 50 nəfər mütəxəssis məzun olmuşdur. Universitetə bu ixtisas alınan gündən iki Linqafon kabineti tələbələrin ixtiyarına verilmişdir. Bu, doğrudan da, universitetimizdə xarici dilin tədrisi üçün çox vacib tədris imkanıdır. Professor Nigar İsgəndərova onu da qeyd etdi ki, universitetdə tədrisin və tərbiyənin innovativ istiqamətdə təşkilinin yaradıcısı rektor Elxan Hüseynovun təşəbbüsü ilə qurulmuş bu kabinetlər Sumqayıt Dövlət Universitetini digərlərindən fərqləndirən amillərdən biridir.
Daha sonra proqramın təqdimatı üçün söz Xarici dillər kafedrasının müəllimləri Aynurə Xanlarova və Lamiyə Heydərovaya verildi. Hər iki müəllim elm və texnikanın inkişaf etdiyi dövrdə “Linko V 8.3” proqramının əhəmiyyətini qeyd etdi və onun xarici dilin öyrənilməsində əvəzsiz olduğunu bildirdilər. Qeyd etdilər ki, proqram təminatı auditoriyada olan tələbələri qruplara bölməyə, sual-cavab təşkil etməyə, sualları qiymətləndirməyə, testlər, imtahan biletləri hazırlamağa, mövzu ilə bağlı müzakirələr aparmağa şərait yaradır. Təqdimatda qeyd edildi ki, bu proqramın istifadəsi dərsin vaxtının daha səmərəli bölünməsinə və biliyin ötürülməsinə səbəb olacaqdır. Linqafon otaqları üçün nəzərdə tutulmuş "Linko V 8.3" proqram təminatının təqdimatı zamanı “Linko V 8.3” proqramının işləmə mexanizmi ətraflı izah olundu. Belə ki, proqramın funksiyalarinin aktiv olması üçün vahid şəbəkə daxilində müəllim kompüterinə ən azı bir tələbə kompüteri qoşulu olmalıdır. Müəllimin idarəetmə paneli çox funksiyalıdır. Funksiyalara aşağıdakılar aiddir: 1. Ekranın translyasiyasi; 2. Tələbə ekranın nümayişi; 3. Şəbəkədaxili video; 4. Kamera 5. Rəqəmsal maqnitofon; 6. Öyrənənin kompüterinin məsafədən idarə edilməsi; 7. Qruplarla işin təşkili; 8. Mövzu üzrə söhbət; 9. İmtahan; 10. Sorğu; 11. Viktorina; 12. Faylların göndərilməsi; 13. Faylların toplanması. Bu funksiyalar müəlllimə imkan verir ki, dərsi interaktiv formada qruplarla və ya fərdi şəkildə təşkil etsin. Eyni zamanda tələbə kompüterində "üzən panel" adlanan aktiv panel mövcuddur. Bu paneldən istifadə etməklə tələbə müəllimə mövzu ilə bağlı sual vermək, əl qaldırmaq, müəllimin göndərdiyi sənədi açıb oxumaq və eyni zamanda verilən tapşırıqları müəllimə göndərək imkanının qazana bilir. Proqramın digər bir maraqlı və lazımlı funksiyalarından biri də elektron dərslik yaratmaq imkanıdır. Müəllim öncədən mövzu ilə bağlı elektron dərs yarada bilər. Belə ki, müəllim özünün video/audio yazısını hazırlamaqla dərsə hazırlaşa və vaxta qənaət edə bilər. Bu funksiya gələcəkdə distant təhsil üçün yeni imkanlar yaradır. Proqramın başlıca funksiyalarından biri də dərsi videoyazıya almaqdır. Belə ki, müəllim dərsin gedişini audio və video-yazıya ala və daha sonra bu faylı tələbə kompüterinə göndərə bilər. Bununla tələbələr yeni mövzunu evdə yenidən gözdən keçirmə bilərlər. “Linko 8.3” proqramı müəllimə yalnız sinifdaxili qrupu deyil, eyni zamanda vahid şəbəkəyə qoşulmuş digər qrupun dərsini idarə etmək imkanını verir. Proqram eyni zamanda psixoloji faktor baxımından da olduqca əlverişlidir, çünki bu proqram vasitəsilə ünsiyyətdə çətinlik çəkən tələbə fərdi şəkildə müəllimlə ünsiyyət qura və fikrini sərbəst çatdıra bilər. Bu proqram həmçinin inklüziv tələbələrin tədrisini asanlaşdıra bilər.Qrupla iş funksiyası qrup liderinin ekranının digər qrup üzvlərində görünməsini, qrup liderinin seçilməsi, multimedia fayllarının digər qrup üzvlərinə göstərilməsi, bir tələbədən digər tələbəyə şəklin kamera ilə göndərilməsi, qrup üzvlərinin kompüterlərinin səsli və səssiz rejimə keçirilməsi kimi əməliyyatları əhatə edir. Dərs zamanı mövzunun mənimsənilməsini yoxlamaq üçün müəllim "imtahan" funksiyasından istifadə edə bilər. Bu funksiya ilə müəllim "açıq sual", "çoxvariantlı sual", "doğru-yanlış", "boşluqların doldurulması" tipli yoxlama sualları hazırlaya bilər. Funksiyanın başlıca özəlliyi ondan ibarətdir ki, müəllim statistika aparmaq imkanına malikdir, belə ki, müəllim hər sual üzrə verilən doğru və yalnış cavabların nisbətinə baxmaqla tələbələrin çətin mənimsədikləri mövzunu müəyyən edir və həmin mövzu üzərində yenidən işləyə bilər.
“Linko V 8.3” proqramının təqdimatı böyük marağa səbəb oldu və tədbir iştirakçıları xeyli sayda suallarla məruzəçilərə müraciət etdilər. Müzakirə zamanı məlum oldu ki, bu proqramın istifadəsi başqa fənlərin tədrisi üçün məqsədəuyğun ola bilər.
Təqdimatın sonunda rektor professor Elxan Hüseynov bu proqramın təqdimatını və bu təqdimatda əməyi keçən müəllimləri, xüsusilə də professor Nigar İsgəndərovanın zəhmətini yüksək qiymətləndirdi və bu işdə onlara uğurlar arzuladı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az