Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsinə dekan seçildi
Filologiya fakültəsinə dekan seçildi
Aprelin 27-də Filologiya fakültəsində dekan seçkisi keçirildi. Seçki Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq, fakültə əməkdaşlarının ümumi yığıncağında keçirildi. Yığıncağa universitetin rektoru professor Elxan Hüseynov sədrlik etdi.
Filologiya fakültəsinin dekanı vəzifəsini tutmaq üçün fakültənin sabiq dekanı dosent Sevinc Həmzəyevanın namizədliyi fakültənin mövcud kafedralarında müzakirə olunaraq irəli sürülmüşdür.
Seçki proqramını (platforma) təqdim etmək üçün söz dosent Sevinc Həmzəyevaya verildi. Dos. S. Həmzəyeva fakültəyə dekan seçkilərində iştirak etmək üçün platformasını təqdim etdi. Bildirdi ki, Filologiya fakültəsinin platforması çərçivəsində təlim-təhsil prosesinin müasir standartlara cavab verməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində davamlı addımlar atılacaq, müxtəlif ixtisaslar üzrə fənn kabinetlərinin yaradılması, gələcəkdə sayının artırılması, yenilənməsi, stend və əyani vəsaitlərlə təmin edilməsi, fakültədə tədris olunan fənlərə aid ədəbiyyatların universitet kitabxanasında olması və onların nüsxələrinin artırılmasının təminatı, tələbələrin elmi nailiyyətlərinin artırılması məqsədilə elmi seminar, debat və dəyirmi masaların təşkili, Beynəlxalq, Respublika və TEC konfranslarının keçirilməsi, tələbələrin konfranslarında iştirakının təşkili, fakültənin, kafedra əməkdaşlarının respublika və beynəlxalq səviyyədə klassifikasiyasının təminatı, fakültənin respublika və beynəlxalq universitetlərin müvafiq fakültələri ilə əlaqələrinin möhkəmləndirilməsi, tələbə və gənclərin elm və incəsənətə marağını artırmaq məqsədilə görkəmli ədib, ədəbiyyatşünas, dilçi və digər elm xadimləri ilə görüşlərin təşkili, tələbə və yeniyetmələrin elmə olan həvəslərini qiymətləndirmək məqsədilə müxtəlif fənn olimpiadalarının təşkili, gənc istedadları üzə çıxarmaq məqsədilə bədii gecə, sərgi, təqdimat və konsertlərin, müxtəlif tarixi məkan və muzeylərə ekskursiyaların təşkili, qarşıdakı illərdə ayrı-ayrı inkişaf mərhələləri üçün müəyyən edilmiş hədəf strategiyalarına uyğun adekvat tədbirlərin hazırlanması, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.
Filologiya fakültəsinin əməkdaşları dekan vəzifəsini tutmaq üçün namizədliyi irəli sürülən dosent Sevinc Həmzəyevanın haqqında fikirlərini bildirdilər. Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri professor Aslan Bayramov, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Böyükxanım Eminli və digərləri çıxış etdilər. Qeyd etdilər ki, dosent S.Həmzəyeva ötən beş il müddətində fakültə dekanı vəzifəsini layiqincə yerinə yetirmiş, həmin dövrdə fakültədə həm elmi, həm də tədris sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Əsasnaməyə uyğun olaraq, fakültənin dekanı vəzifəsini tutmaq üçün dosent S. Həmzəyevanın namizədliyi gizli səsvermə yolu ilə səsə qoyuldu.
Gizli səsverməni aparmaq üçün hesablayıcı komissiyanın üzvləri seçildi.
Gizli səsvermədən sonra hesablayıcı komissiyanın sədri - Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov səsvermənin nəticələrini əks etdirən protokolu oxudu. Protokol ümumi açıq səsvermə yolu ilə təsdiq edildi. Səsvermənin nəticələrinə görə, dosent S.Həmzəyeva Filologiya fakültəsinin dekanı vəzifəsinə seçildi.
İclasda çıxış edən rektor fakültədə görülən işlərdən, qazanılan uğurlardan, həyata keçirilən layihələr, konfranslar və beynəlxalq əlaqələrdən söhbət açdı. Fakültənin 5 illik fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirərək bununla kifayətlənməməyi və daha böyük hədəflərə doğru irəliləməyin əhəmiyyətini vurğuladı. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır və gündən-günə həlledici faktora çevrilir. Çünki təhsilin inkişafı universitetimizin nüfuzunun artması ilə birbaşa bağlıdır.
Rektor professor Elxan Hüseynov dosent Sevinc Həmzəyevanı təbrik etdi, ona və fakültənin professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.
Dosent S.Həmzəyeva göstərilən etimada görə rektora və rəhbərlik etdiyi fakültənin kollektivinə təşəkkürünü bildirdi. Universitetin nüfuzunun artması istiqamətində əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az