Əsas səhifə | Xəbərlər | "Açıq qapı" günü keçirildi
"Açıq qapı" günü keçirildi
Yanvarın 8-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, Qeyri-Hökumət Təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2018–2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi “Açıq qapı” günü keçirildi.
Nümayəndə heyətini universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov səmimi qarşıladı. Prorektor payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verdi. Bildirdi ki, sessiya zamanı tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi istiqamətində lazımi tədbirlər görülüb. İmtahanlar zamanı daxil olan şikayətlərin operativ araşdırılması, vaxtında həll edilməsi məqsədi Təhsil naziri cənab Ceyhun Bayramovun müvafiq əmrinə əsasən universitetdə imtahan qərargahı fəaliyyət göstərir. Həmçinin universitetin əməkdaşlarından ibarət rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. Prorektor onu da vurguladı ki, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi uiversitetin rektoru professor Elxan Hüseynovun diqqət mərkəzindədir.
Sonra universitetin rəhbərliyi, valideynlər, Qeyri-Hökumət Təşkilatları və KİV nümayəndələri imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar, yazılı imtahan işlərinin kodlaşdırılması otağında oldular.
KİV nümayəndələri imtahanların vəziyyətini öyrənmək üçün tələbələrə suallar ünvanladılar. Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Əli Miriyev, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Nigar Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Qafar İsmayılzadə, Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Təranə Həkimli və digərləri yaxşı hazırlaşdıqlarını, imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. Qeyd etdilər ki, sualların hamısı keçdikləri mövzuları əhatə edir.
Valideynlər qismində Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Emil Məmmədovun atası Rövşən Məmmədov, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Qismət Muradovanın atası Şahin Muradov, Kimya və biologiya fakültəsinin I kurs tələbəsi İsmayıl Sailovun atası Səmiəddin Sailov, İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Əkbər İsayevin anası Səbirə İsayeva, Filologiya fakültəsinin III kurs tələbəsi Aytən Bədəlovanın anası Elnurə Bədəlova, Filologiya fakültəsinin II kurs tələbəsi Aytən Mehdizadənin anası Şəfəq Məmmədova, Riyaziyyat fakültəsinin II kurs tələbəsi Nərmin Həmzəyevanın atası Gülməmməd Həmzəyev iştirak edərək imtahan prosesinin onları qane etdiyini bildirdilər, universitetdə bu gün keçirilən bütün imtahanlar zamanı şəffaflıq təmin olunduğunu diqqətə çatdırdılar. Qeyd etdilər ki, tələbələr rahat, sərbəst şəkildə imtahan verirlər. Burada semestr boyu öyrəndiklərini imtahan zamanı nümayiş etdirən tələbənin biliyi lazımi səviyyədə qiymətləndirilir. Yaradılan obyektiv şəraitə görə universitetin rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonra nümayəndə heyəti ilə görüşən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması barədə məlumat verdi. Bildirdi ki, imtahanlar bir qayda olaraq, yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq formasında keçirilir. Sessiya başlayandan bugünədək apelyasiya komissiyasına 14 nəfər tələbə müraciət edərək qiymətlərini artırıblar. Prorektor onu da diqqətə çatdırdı ki, imtahanlara şəxsən universitetin rektoru professor Elxan Hüseynov özü nəzarət edir. Rektor qəbul günündən başqa, sessiya müddətində hər gün tələbə və valideynləri qəbul edir, onları dinləyir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az