Əsas səhifə | Həmkarlar İttifaqı Komitəsi
Həmkarlar İttifaqı Komitəsi

Ali təhsil ocaqlarının ictimai həyatında və idarə olunmasında Həmkarlar İttifaqının özünəməxsus yeri var. Sumqayıt Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsi (HİK) 1963-cü ildə yaradılmışdır. Ötən illər ərzində Həmkarlar İttifaqı Komitəsi da bu ali məktəblə birgə bütün çətinliklərdən şərəflə çıxmış, təhsilin və tədrisin inkişafında səmərəli fəaliyyət göstərmişdir. Yarandığı vaxt 35 nəfər üzvü olan Həmkarlar İttifaqı Komitəsi indi öz sıralarında 870 nəfər əməkdaşı birləşdirir.
Həmkarlar İttifaqı Komitəsi universitetdə nizam-intizamın möhkəmlənməsində, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində, əməkdaşların məişət və sosial şəraitinin yaxşılaşdırılmasında, onların asudə vaxtlarından səmərəli istifadə olunmasında ardıcıl şəkildə yadda qalan işlər görmüş və bu gün də görməkdədir. Son illərdə universitetdə idmanın və bədən tərbiyəsinin inkişafında Həmkarlar İttifaqı Komitəsi əhəmiyyətli işlər görür. Universitet əməkdaşları arasında müxtəlif idman yarışlarının keçirilməsində və təşkilində Həmkarlar İttifaqı Komitəsi həmişə fəallıq göstərir, qalib fakültələri, müəllim və əməkdaşları müxtəlif hədiyyələrlə mükafatlandırır.
Universitet Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sağlamlığının qorunması məqsədilə hər il həkim müayinələri təşkil edir, müalicəyə ehtiyacı olan işçilərə yaxından köməklik göstərir. “Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üzrə ilin ən yaxşı fakültəsi, laboratoriyası, şöbəsi” adı altında keçirilən müsabiqədə qalib gələnlər HİK tərəfindən mükafatlandırılır.
Rektorluqla Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə bağlamışdır. Bu müqavilədə kadr hazırlığı və ixtisasartırma, əməyin mühafizəsi, sosial inkişaf, işçilərin sağlamlığının qorunması, müxtəlif güzəştlər, imtiyazlar və sair bu kimi məsələlər öz əksini tapmışdır. Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün rektorluqla birgə daxili imkanlar hesabına onlara əlavə əmək haqqının verilməsində yaxından iştirak edir. Həmçinin komitənin büdcəsindən ehtiyacı olanlara maddi yardımlar göstərilir. Son bir neçə ildə 488 nəfər maddi yardım almışdır.
Universitetdə bir sıra tədbirlərin, yubileylərin keçirilməsi ənənə şəklini almışdır. 8 Mart Beynəlxalq Qadınlar günü, 1 Oktyabr Beynəlxalq Ahıllar günü, 5 Oktyabr Müəllimlər günü, 9 May Qələbə günü və digər tədbirlər universitetin ictmai-mədəni həyatında yaddaqalan tarixi hadisələrdəndir.
Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi milli və dini bayramların təntənəli şəkildə qeyd olunması Həmkarlar İttifaqı Komitəsinin daim diqqət mərkəzindədir.
Qurban bayramı və 20 Yanvar günlərində universitetin şəhid tələbələrinin valideynləri və yaxınları ilə görüşlərin keçirilməsi, onlara maddi və mənəvi yardım göstərilməsi istiqamətində də Həmkarlar İttifaqı Komitəsi təqdirəlayiq işlər həyata keçirir.
Universitet əməkdaşlarının istirahətinin səmərəli təşkili, eləcə də onların müalicəsi üçün Həmkarlar İttifaqı Komitəsi hər il ölkəmizin müxtəlif istirahət və sağlamlıq mərkəzlərinə yollayışlar təşkil edir. Həmçinin müntəzəm şəkildə respublikamızın müxtəlif guşələrinə gəzintilər təşkil edilir.
Bütün bu işlərin səmərəli təşkili üçün universitet Həmkarlar İttifaqı Komitəsi idarə heyəti üzvləri arasında müvafiq vəzifə bölgüsü aparmış və öz tərkibində aşağıdakı komissiyaları yaratmışdır:

Tədris – metodiki və elmi işlər komissiyası;
İdeya – tərbiyə işlər üzrə komissiya;
Sosial – məişət və mədəni – kütləvi tədbirlər üzrə komissiya;
Idman və bədən tərbiyəsi üzrə komissiya
Sosial – sığorta işləri üzrə komissiya;
Təftiş komissiyası

SDU-nun Həmkarlar İttifaqı Komitəsinin seçkili qurumdur. Komitənin sədri vəzifəsinə 2014-cü ilin iyun ayında dosent T.Q.Cəfərov açıq səsvermə yolu ilə seçilmişdir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az