Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib
YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib
O xalq xoşbəxtdir ki, tarixinin ən çətin günündə onu xilas edəcək tarixi şəxsiyyət tapılır. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Belə ki, XX əsrdə Azərbaycan xalqının bağrından yetişmiş dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyev tariximizin ən qaranlıq, çətin günlərində xalqımızın çağrışlarına səs verərək, Vətənimizi xilas etdi.
Heydər Əliyev bütün zamanları qabaqlayan fitri istedada malik şəxsiyyətdir. Ulu öndərin doğma xalqına həsr olunmuş ömür yolu, ictimai-siyasi və zəngin dövlət quruculuğu fəaliyyəti, hələ sovet dövründə Azərbaycanın rəhbər vəzifələrində çalışarkən başlamışdır.
Heydər Əliyev SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən də doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Kremildə Ulu öndərin dövləti idarəetmə bacarığı, təcrübəsi, şəxsi kefiyyətləri həmişə qısqanclıqla qarşılanmış və çoxları Onu özünə rəqib hesab etmişdi. Yeri gəlmişkən, həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi.
Heydər Əliyev həm də Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında əsas maneə, keçilməz sədd idi. Ulu öndər SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra xalqımızın fəlakətli günləri başladı. Çox keçmədi ki, Ermənistanda həmvətənlərimizə qarşı hücumlar, etnik təmizləmə siyasəti 250 min soydaşımızın ata-baba, doğma yurdundan qovulması və ermənilərin Dağlıq Qarabağa əsassız iddialarını açıqca həyata keçirməsi ilə nəticələndi. Azərbaycanda baş verən hadisələrin inkişafı 1990-ci il Qanlı 20 Yanvarına aparmaqla, sonrakı dövrlərdə ərazilərimizin 20 faizinin erməni işğalçıları tərəfindən işğalına və 1 milyon insanın məcburi köçkün düşməsinə gətirib çıxardı.
Heydər Əliyev yeni Azərbaycanın, respublikamızın ən kütləvi və ən müasir siyasi partiyası – Yeni Azərbaycan Partiyasını qurucusudur. YAP-ın yaranması tarixi zərurət idi. Bunu Azərbaycan xalqının, Vətənimizin taleyi tələb edirdi. Belələliklə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası siyasi fəaliyyətə başladı. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verməklə, Azərbaycanın siyasi həyatında gələcəyə böyük ümid yaratdı.
YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni keyfiyyət kriteriyaları gətirdi. Partiyanın qarşısında ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. YAP qısa zaman kəsiyində siyasi hakimiyyətə gəlməklə keçirilən bütün seçkilərdə qalib hakim partiyaya çevrildi. Bunun təməlində YAP qurucusu Ulu öndərin nüfuzu, uzaqgörənliyi, bütün məsələlərə dövlət və dövlətçilik prinsipləri ilə yanaşaraq, dövləti idarəetmədə zəngin təcrübəsi, ən əsası da, xalqın Ona inam və etibarı durur.
YAP qurucusu Heydər Əliyev də həmişə xalqın inamı və etibarını doğrultmuş, siyasi hakimiyyətə tarixi qayıdışı ilə partiyanı iqtidar partiyasına çevirməklə ölkəni böhran vəziyyətindən çıxartmış, bütün sahələrin inkişafına xüsusi diqqət yetirmiş, respublikanın gələcəyinə hesablanmış mütərəqqi siyasət həyata keçirmişdir. Nəticədə, Ulu öndər Heydər Əliyev ideyalarının siyasi platforması YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrilibdir.
Bu gün YAP sədri, Respublika Prezidenti İlham Əliyev siyasi varislik mədəniyyətindən çıxış edərək, ölkəmizi, həmçinin Yeni Azərbaycan Partiyasını islahatçılıq tədbirləri ilə sürətlə dəyişən tarixi şəraitə uyğun şəkildə yenidən təşkil edərək, Böyük Zəfərdən sonra ölkəni yeni çağrışlara hazırlayır. YAP ölkə əhalisinin milliyyətindən, dinindən, dilindən, peşəsindən vəzifəsindən və sosial statusundan asılı olmayaraq, xalqımızın birlik, həmrəylik partiyasına çevrilməklə, üzvlərinin sayına görə nəinki Azərbaycanda, bütünlükdə Qafqazda ən böyük siyasi partiyayadır. Əlbəttdə, bu prosesdə YAP sədri İlham Əliyevin - ağıllı dövlət siyasəti və yüksək idarəçilik, sistemli, ardıcıl və çevik yanaşma, praqmatizm və uzaqgörənlik, prinsipiallıq, humanistlik kimi liderlik kefiyyətləri də böyük rol oynamışdır. Məhz bunun nəticəsidir ki, bu gün dövlət və xalqın vahid platformada birləşməsi Heydər Əliyevin dövründəki kimi davam edir. Bunu 44 günlük Vətən müharibəsi zamanı 51 siyasi partiyanın iqtidarla nümayiş etdirdikləri birlik, həmrəylik, həmçinin Yeni Azərbaycan Partiyasının VII Qurultayında qarşıya qoyulan yeni məqsəd və vəzifələr, eləcə də 6 siyasi partiyanın YAP-a qoşulması bir daha sübut etdi. Əgər nəzərə alsaq ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların siyasi proqramlarında nəzərdə tutulan məsələləri iqtidar partiyası – Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevdən başlayaraq Onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl həyata keçirilib və keçirilməkdədir, deməli, YAP bütün dövrlər üçün ölkənin siyasi sisteminin formalaşdırılmasının əsasını təşkil edəcək ən effektiv siyasi qüvvədir.
Sona Məhərrəmova
Sumqayıt Dövlət Universitetinin
Tarix və onun tədrisi metodikası
kafedrasının müdiri, dosent 
 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az