Elmi şura
Elmi Şuranın tərkibi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının KQ-02 nömrəli, 07 mart 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq formalaşdırılmışdır.
Tutduqları vəzifələrinə görə Şuranın tərkibinə müəssisənin rektoru (sədr), Tədris məsələləri üzrə prorektor (sədr müavini), Həmkarlar İttifaqı Komitələrinin (əməkdaşların və tələbələrin), Tələbə Elmi Cəmiyyətinin və Tələbə gənclər təşkilatının sədrləri, tabeliyində olan Polimer Materialları İnstitutunun və Sumqayıt Dövlət Texniki Kollecin direktorları, Məzunlar Birliyinin rəhbəri daxil edilir.
Şuranın seçkili üzvlərinin sayı tutduqları vəzifələrinə görə Şuranın tərkibinə daxil olanların sayından 10% çox müəyyənləşdirilir. Seçkili üzvlərin sayının 20%-i tələbələrdən seçilir.
Şuranın fəaliyyət istiqamətləri - müəssisənin strateji inkişaf istiqamətlərinə uyğun olaraq, onun elm və təhsil fəaliyyətinin təşkili və koordinasiya edilməsi; dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq müəssisədə təhsil və tədqiqat mühitinin formalaşdırılması; müəssisənin elmi-pedaqoji potensialının inkişafı və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi; müəssisənin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.
Şuranın vəzifələri - müəssisənin strateji inkişaf proqramını müzakirə etmək və yekun layihəni təsdiq üçün müəssisənin Himayəçilər Şurasına təqdim etmək; müəssisənin təsdiq edilmiş strateji inkişaf proqramının icrası məqsədilə müəssisənin qısa, orta və uzunmüddətli fəaliyyət planını hazırlayib təsdiq etmək; müəssisədə daxili keyfiyyət təminatı sistemi yaratmaq; Özünütəhlil Hesabatının təsdiq edilməsi barədə qərar qəbul etmək; Akkreditasiya Şurasının qərarından sonra yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına nəzarəti təmin etmək məqsədilə müvafiq fəaliyyət planının təsdiq edilməsi barədə qərar qəbul etmək; müəssisənin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə Şuranın iş planını təsdiq etmək; ali təhsil pilləsinin səviyyələri üzrə kadr hazırlığının ali təhsil pilləsinin dövlət standartına uyğun təşkili üçün müvafiq qərarlar qəbul etmək və Əsasnamə ilə nəzərdə tutulmuş digər vəzifə və hüquqları həyata keçirmək.
Sumqayıt Dövlət Universiteti 2025-ci ildə ilk dəfə QS-Dünya Universitetləri Reytinqində yer alaraq 1001-1200 aralığında qərarlaşıb. QS-Reytinq Agentliyi tərəfindən tərtib edilən reytinqə dünyanın 106 ölkəsindən ümumilikdə 8467 universitet müraciət etmişdir ki, onlardan yalnız 1501 universitet reytinqdə yer almışdır. Dünya universitetlərinin nəticələrinə əsasən universitetimiz Azərbaycan üzrə ümumi sıralamada 7-ci yeri tutur. Ümumiyyətlə SDU hazırda QS-Avropa Universitetləri Reytinqinə daxil olaraq mühüm uğur əldə etmişdir. Avropa Universitetləri arasında 483-cü yerdə, Qərbi Asiya Regionu üzrə 31-ci yerdə, Azərbaycan üzrə ümumi sıralamada 5 ci yerdə qərarlaşmışdır.
SDU üzrə 2025-ci təqvim ilində 21 nəfər fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfər professor elmi adı, 5 nəfər dosent elmi adı almış və 95 məqalə impakt faktorlu jurnallarda, onlardan 66 məqalə SCOPUS və Web of Science bazalarına daxil olan jurnallarda dərc olunmuşdur.
Elmi Şura universitetin perspektiv inkişafı üçün müvafiq prinsipial funksiyaları həyata keçirir, müxtəlif sahələr üzrə universitetin fəaliyyətini tənzimləyir. Tanınmış elm və dövlət xadimlərinə SDU-nun fəxri adlarının verilməsi, professor və s. vəzifələrinə seçkilərin keçirilməsi, adlı təqaüdlərin təsis edilməsi və digər funksiyaları yerinə yetirir. Elmi Şura fakültələrin, kafedraların, laboratoriyaların yaradılması, zəruri struktur dəyişikliklərinin həyata keçirilməsi, universitetin istedadlı və əlaçı tələbələrini hərtərəfli qayğı ilə əhatə etmək üçün müvafiq qərarlar qəbul edir.
Universitet əməkdaşlarına elmi adların (dosent, professor və s.) verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında Elmi Şura vəsatət qaldırır, zərurət yarandıqda SDU-nun Nizamnaməsinə əlavələr və dəyişikliklər edir.
SDU-nun QS-Dünya universitetlərinin reytinq cədvəlində qərarlaşması ilə əlaqədar olaraq əldə olunan nəticənin daha da gücləndirilməsi və ümumi sıralamada daha yüksək pilləyə keçməsi üçün Elmi Şurada təsdiq olunmuş 2024-2028-ci illər üzrə Strateji İnkişaf Planına uyğun olaraq, hər il üçün fəaliyyət planı təsdiq edilir və məqsədyönlü istiqamətdə tədbirlər həyata keçirilir.
Fəaliyyət planına uyğun olaraq, SDU-nun beynəlxalq nüfuzunun, o cümlədən işəgötürənlər arasında nüfuzunun artırılması, Elmi-metrik göstəricilərinin yüksəldilməsi, müəllim-tələbə nisbətinin beynəlxalq normalara uyğunlaşdırılması, əcnəbi müəllim və tələbələrin sayının artırılması, məzunların məşğulluq göstəricilərinin yüksəldilməsi və digər məsələlər diqqət mərkəzində saxlanılır.
Elmi Şuranın qərarı ilə SDU-da bir sıra islahatlar aparılmış, o cümlədən Sumqayıt Dövlət Universitetinin “Sosial siyasət konsepsiyası”, “Peşəkar inkişaf siyasəti” sənədləri və yeni yaradılan Sənədlərlə iş şöbəsi, İnsan resursları şöbəsi, İnformasiya texnologiyaları şöbəsi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi, Kitabxana informasiya mərkəzi və Bədii yaradıcılıq sektorunun Əsasnamələri təsdiq edilmişdir.
SDU-nun müasir tələblərə və çağırışlara uyğun inkişafını təmin etmək məqsədilə universitetdə Akademik Məşvərət Şurası yaradılmışdır.
2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər planına uyğun olaraq, bütün tədbirlər SDU-da yüksək səviyyədə həyata keçirilmişdir.
Elmi Şura öz iclaslarında universitetin mühüm təhsil və elm siyasətini, beynəlxaq əlaqələrin prioritet istiqamətlərini, kadr və sosial məsələləri, SDU-nun infrastrukturunun inkişaf etdirilməsini və digər perspektiv planların yerinə yetirilməsini təmin etmək üçün müvafiq qərarlar verir.
Elmi Şuranın qərarı ilə 2014-cü ildən SDU-da Heydər Əliyev Mərkəzi yaradılmış və hazırda müvəffəqiyyətlə fəaliyyət göstərir. Elmi Şura Universitetin Strateji İnkişaf Planını təsdiq edir, SDU əməkdaşlarının beynəlxalq layihələrdə iştirakına və sərbəst halda beynəlxalq layihələrin hazırlanmasına və həyata keçirilməsinə dair qərarlar qəbul edir. Elmi Şuranın qərarı ilə SDU-nun tarixində ilk dəfə olaraq 2017-ci ildən başlayaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir. SDU-nun tarixində ən böyük nailiyyətlərdən biri Elmi Şuranın vəsatəti əsasında Dissertasiya Şurasının yaradılmasıdır. Hazırda universitetdə 2 ixtisas üzrə Dissertasiya Şurası fəaliyyət göstərir.
FD 2.24 Dissertasiya şurası (Filologiya elmləri üzrə)
1. 5706.01- Azərbaycan dili (filologiya)
2. 5716.01 - Azərbaycan ədəbiyyatı (filologiya)
SDU Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının üzvüdür. SDU Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və Qafqaz Universitetləri Assosiasiyasının üzvüdür. Həmçinin Avrasiya Universitetləri Assosiasiyası ilə əməkdaşlıq edir.
Elmi Şuranın iclasları tədris ili ərzində ən azı iki ayda bir dəfə keçirilir. Elmi Şura vaxtaşırı olaraq universitetin tədris və elmi-tədqiqat işlərinin planlarını təsdiq edir, fakültələrin, kafedraların və digər struktur bölmələrin hesabatlarını dinləyir. Elmi Şura tədris ili üçün nəzərdə tutulmuş və təsdiq olunmuş plan üzrə işləyir, bu planlar Elmi Şurada müzakirə edilərək qəbul olunur və rektor tərəfindən təsdiq edilir.
Hazırda Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 33 nəfər üzvü vardır. Elmi Şuranın sədri universitetin rektoru v.i.e.,AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Elmi katib prof.M.M.Səmədovdur. Elmi katib prof. M.M.Səmədovdur.
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 20.04.2022-ci il tarixli qərarına (protokol №08) əsasən, Elmi Şuranın nəzdində İntizam Komissiyası yaradılmışdır.