20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir
Azərbaycanın azadlığı və ərazi bütövlüyü  uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20  Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar  hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından  hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını  bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin  yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin  faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər  şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə  ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar  faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana  qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan  xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.  Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə  qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
 Bu qanlı hadisələrdən illər keçməsinə  baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz  dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar  faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
31 Mart azərbaycanlıların soyqırımı günüdür
1998-ci ildən 31 mart  Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü  kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin  tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.  Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma  yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli  və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində  "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün  hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.
Tarixi arayış 
Azərbaycan  bəşəriyyətin ilkin mənbələrindən biri, zəngin və qədim tarixə malik olan  ölkədir. Azərbaycan ərazisində Azıx mağarasında ilk insan məskənlərindən  birinin və qədim daş dövrünə aid digər məskənlərin tapılması bunu əyani sübut  edir.
Azərbaycan ərazisində  dövlətçiliyin inkişafı uzun tarixə malikdir. Manna (e.ə. IX əsr), Midiya (e.ə.  VI əsr), Atropatena və Albaniya (III-V əsrlər) dövlətlərinin yaranması və  inkişafı, xristianlığın yayılması və V əsrdə alban əlifbasının yaranması, Ərəb  Xilafətinin tərkibinə daxil edilməsi və islam dininin yayılması (VIII əsr),  Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin bir-birini əvəz etməsi bu  tarixin qədim səhifələridir. Azərbaycanı əsarətə almaq üçün "parçala və  hökm et" prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsində XVIII əsrdə  Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şamaxı, Şəki, İrəvan, Naxçıvan  xanlıqları yarandı. XVIII-XIX əsrlərdə İran, Türlkiyə və Rusiya arasında  münasibətlərin kəskinləşməsi və Azərbaycan uğrunda aparılan çəkişmələr  Azərbaycan xalqının taleyində faciəli iz qoymuşdur.
1721-ci ildə Rusiya  imperatoru I Pyotr isveçlərlə Nişdat sülh müqaviləsi bağladıqdan sonra  diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Nəticədə 1723-cü ildə Bakı  zəbt edildi. Əsasən müsəlman olan əhalinin etiraz və müqavimətini görən I Pyotr  öz məqsədlərinə nail olmaq üçün "nəyin bahasına olursa-olsun Gilanda,  Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların  yerləşdirilməsini" vacib sayırdı. I Pyotrun əsasını qoyduğu bu siyasət  sonralar digər Rusiya imperatorları tərəfindən də davam etdirilmişdir. 1768-ci  ildə II Yekaterina ermənilərə himayədarlığı barədə fərman vermişdir. 1802-ci  ildə I Aleksandr Qafqaz canişini N.D.Sisianova məktubunda yazırdı: "Hər  vəclə ermənilər … Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə  edilməlidir." Ermənilər Qafqazda Rusiya imperiyasının planlarının  reallaşdırılması vasitəsi olaraq bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa  çalışır və XIV-XIX əsrlər boyu malik olmadıqları dövləti qurmağa səy  göstərirdilər.
Kütləvi represiyaların  qanlı tarixi 
Rusiya və İran  arasında aparılmış birinci və ikinci müharibələrin (1804-1813, 1826-1828-ci  illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813,  10 fevral 1828) Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycanın  parçalanmasına səbəb oldu. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub  hissəsi isə İranın tərkibinə qatıldı.
Türkmənçay  müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il  tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni  vilayətinin" yaradılmasını elan etdi. Vilayətin tərkibinə həmin dövrdə  7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.
Bundan sonra  Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan İrəvana, Qarabağa və  Naxçıvana ermənilərin köçürülməsi həyata keçirildi. Məqsəd azərbaycanlıların  məskunlaşdığı ərazilərdən çıxarılması idi. Tarixi mənbələrə istinadən  1829-1830-cu illərdə Qavqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürülmüş  və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı  uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış  məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar döğma yurdlarını  tərk etməli olmuşlar.
XIX əsrin ikinci  yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin zəbt  edilməsi yolu ilə özlərinin şovinist "Böyük Ermənistan" xülyasının  reallaşdırılması məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə Qnçaq (1887,  Cenevrə) və Daşnaksütun (1890, Tiflis) partiyaları və "Erməni  vətənpərvərləri ittifaqı" təşkilatı (1895, Nyu-York) yaradıldı.
Bütün bu səylərə  baxmayaraq XIX əsrin ikinci yarısında Qafqazda məskunlaşmış azərbaycanlıların  sayına görə İrəvan quberniyası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından  sonra üçüncü yeri tuturdu. Rusiya imperiyasında keçirilmiş birinci  siyahıyaalmanın nəticələrinə görə 1897-ci ildə İrəvan quberniyasında 313178  azərbaycanlı yaşayırdı. XX əsrin sonrakı hadisələri göstərdi ki, belə bir  vəziyyət Azərbaycan xalqının gələcək faciələrinə səbəb oldu.
1905-1907-ci illər 
1905-1907-ci illərdə  Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə nəzarətinin  zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan,  Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlılara qarşı kütləvi  qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar.  1905-1906-cı illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa,  Cəbrayıl və Zərgəzur quberniyalarında isə 75 kənd viran qoymuşlar.
Təəssüflər olsun ki,  tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalmışdır, ancaq bu hadisələr  sənədli şəkildə, həmin dövrün mətbuat materiallarına, ziyan çəkmiş şəxslərin və  şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı  illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman  davası" kitablarında öz əksini tapmışdır.
1918-1920-ci illər 
1905-1907-ci illərin  hadisələrindən sonra da azərbaycanlılara qarşı ermənilərin məkrli planları  dayandırılmamış və gizli şəkildə davam etdirilmişdir. 1916-ci ilin statistik  məlumatlarına əsasən İrəvan quberniyasının 5 uyezdində 1831-ci ilə müqayisədə  əhalinin sayı 40 dəfə artmış, yəni 14300-dən 570000-ə çatmışdır. Ancaq həmin  dövrdə azərbaycanlıların sayı cəmi 4.6 dəfə artmış və 246600 nəfər təşkil  etmişdir. 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40000 nəfər olduğu halda,  1905-1916-cı illərdə 17000 nəfər olmuşdur, halbuki, 1905-ci ildə əhalinin sayı  1886-cı illə müqayisədə 61000 nəfər çox olmuşdur. Bu rəqəmlər çar Rusiyası  dövründə erməni millətçiləri tərəfindən aparılan şovinizm siyasətindən,  azərbaycanlıların yurdlarından qovulması planlarının icrasından və ermənilərin  "türk" adlandırdıqları "azərbaycanlılarsız Ermənistan"  yaradılması səylərindən xəbər verir.
Ermənilər birinci  Dünya müharibəsindən, fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi  vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından  bəhrələnməyə çalışdılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı  altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə  məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. Həmin günlərdə  ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olundu.  Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirildi, evlər  yandırıldı, insanlara diri-diri od vuruldu. Milli arxitektura abidələri,  məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı, Bakının çox  hissəsi xarabalığa çevrildi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda,  Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi  qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv  edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır.  1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və  Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş,  on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi  qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər  öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122,  Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və  yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211,  Karsda isə 92 azərbaycanlı kəndi dağıdırlmışdır. İrəvan azərbaycanlılarının  çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu  azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev  yandırılmış, 131970 nəfər öldürülmüşdür ("Aşxadavor" (Əməkçi) qəzeti,  2 noyabr 1919-cu il).
1918-ci ilin mayın  28-də Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmiş  və ərazi itkisi ilə bağlı olmuşdur. Bu barədə Nazirlər Şurasının sədri  F.X.Xoyskinin xarici işlər naziri M.Q.Hacınskiyə məktubunda qeyd edilir:  "Ermənilərlə mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və  müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara verməli olduq".
Zaqafqaziyada 3  müstəqil dövlət yarandıqdan sonra müttəfiqlərin səyləri nəticəsində Erməistanın  ərazisi 17500 ingilis kv.mili, əhalisi isə 1510000 nəfər (795000 - erməni,  575000 - azərbaycanlı, 140000 - digər millətlər) təşkil edirdi. Bununla  kifayətlənməyən daşnaklar, beynəlxalq təşkilatlarda mübahisəli ərazilər barədə  aparılan danışıqlara məhəl qoymadan, Azərbaycan və Gürcüstan əraziləri hesabına  öz milliyətçi ideyalarını həyata keçirmək məqsədilə Gürcüstanın tərkibində olan  Axalkalaki və Borçalıya, Azərbaycan ərazisində isə Qarabağ, Naxçıvan və  Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər.
Bu əraziləri silah  gücünə ələ keçirmək Gürcüstanla (dekabr 1918) və Azərbaycanla müharibəyə səbəb  oldu. Nəticədə mübahisəli ərazilərin əhalisi 10-30% azaldı, bəzi yaşayış  məntəqələri isə tamamilə məhv edildi. İndiki Ermənistan ərazisində 1918-1920-ci  illərdə yaşamış 575000 azərbaycanlının 565000 öldürülmüş və qovulmuşdur. Bu  rəqəmlər erməni mənbələrində də təsdiq edilir: "Daşnaklardan sonra sovet  Ermənistanı ərazisində türk (azərbaycanlı) əhalinin sayı 10000 nəfərdən bir  qədər artıq idi. 1922-ci ildə 60000 azərbaycanlı geri qayıtdıqdan sonra onların  sayı 72596 olmuşdur" (Z.Korkodyan. "Sovet Ermənistanının əhalisi.  1831-1931-ci illər).
1920-ci ildə  Zaqafqaziya respublikaları Tiflis konfransı zamanı sovetləşmə təhlükəsinə qarşı  birgə müdafiə tədbirlərini müzakirə edərkən ermənilər bəyan etmişlər ki, onlar  heç vaxt İrəvan quberniyasının ərazisi ilə kifayətlənməyəcəklər və bu səbəbdən  əməkdaşlıqdan imtina edirlər. Bu bəyanatdan sonra ermənilərin 1920-ci ilin  yazında Qarabağda, Zəngəzurda və Qazaxda törətdikləri hərəkətləri, martın 22-də  azərbaycanlıların Novruz bayramını qeyd etdikləri vaxtda Şuşaya, sonra Əsgəran  və Xankəndinə hücumunu, Zəngəzurdakı fəallıqlarını Yerevan və Moskvanın  Azərbaycana qarşı birgə qəsdinin - Azərbaycanda milli hakimiyyətin devrilməsi  və sovet hakimiyyəti qurulması planının tərkib hissəsi saymaq olar.
Ermənilərin bolşeviklərə  köməkliyi tezliklə mərkəzi hakimiyyət tərəfindən qiymətləndirildi. Moskvanın  təzyiqinə tab gətirə bilməyən N.Nərimanov 1920-ci il dekabrın 1-də Deklarasiya  ilə çıxış etdi. Ona əsasən ümumi sahəsi 9800 kv.km olan "Zəngəzur və  Naxçıvan uyezdləri Sovet Ermənistanının hissəsi elan olunur".
Bu faktlardan aydın  görünür ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir üsul və  vasitələrdən istifadə etmiş, hətta beynəlxalq hüquq normalarının pozulmasından  belə çəkinməmişlər.
1948-1953-cü illərdə  deportasiya 
Sovet hakimiyyəti  illərində ermənilər artıq ənənə halını almış qayda və üsullarla  azərbaycanlıların Ermənistan SSR-nin ərazisindən sıxışdırmağı, qonşular  hesabına ərazilərini gerişlərdirməyi davam etdirmişlər. Bu fəaliyyətdə  Ermənistanda və xaricdə yaşayan ermənilər həmrəylik göstərirdilər və bu da  "Böyük Ermənistan" xülyasının həyata keçirilıməsi üçün ümumi  strategiyanın olduğundan xəbər verirdi.
Tehran konfransı  keçirilən zaman (1943) erməni diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova  müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş  etmişlər. Bu təklifə İosif Stalinin razılığı 1948-1953-cü illərdə  azərbaycanlıların Ermənistandan deportasiyasının əsasını qoymuş oldu.
1945-ci ildə  Ermənistan rəhbərliyi Qarabağın birləşdirilməsi məsələsini qaldırdı və bunu  Ermənistanla iqtisadi əlaqələrin mövcudluğu ilə əsaslandırmağa çalışdı. Bu  təklif rədd edildi və belə olan halda digər bir taktika işə salındı.
1941-1945-ci illər  müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana xaricdən ermənilərin  köçürülməsinə başlanıldı. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran,  Bolqarıstan və Rumıniyadan 509000 nəfər, 1947-ci ildə isə Fələstin, Suriya,  Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35400 nəfər erməni Ermənistana  köçürüldü.
1947-ci ildə  Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın katibi Q.Arutyunov  Moskvaya müraciət edərək, köçürülən ermənilərin yerləşdirilməsindəki  çətinliklərdən şikayət etmiş və güya məhsuldarlığın artırılması məqsədilə  Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıqla məşğul olan  rayonlarına köçürülməsi təklifini vermişdir.
Bu fikir İ.Stalinin  imzaladığı SSRİ Nazirlər Sovetinin iki qərarında öz əksini tapdı.  "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan  SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə" birinci qərar 1947-ci il  dekabrın 23-də imzalanmışdır. Bu sənəddə köçürülmənin səbəbi, mexanizmləri və  real şəraiti göstərilmədən 1948-1950-ci illər ərzində Azərbaycanın düzənlik  rayonlarına 100000 azərbaycanlının köçürülməsinə qərar verilmişdir. Qərara  əsasən 1948-ci ildə Azərbaycana 10000 nəfər, 1949-cu ildə 40000 nəfər, 1950-ci  ildə isə 50000 nəfər köçürülməli idi. Birinci qərara əlavə kimi meydana çıxmış  "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan  SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri barədə" ikinci qərar  1948-ci il martın 10-da imzalanmışdır və onda texniki-təşkilati məsələlər öz  əksini tapmışdır.
Məlumatlara əsasən  1948-ci ildə Azərbaycana 2357 ailə (11046 nəfər), 1949-cu ildə 2368 ailə (10595  nəfər), 1950-ci ildə 14361 nəfər Azərbaycana köçürülmüşdür. 1948-1950-ci  illərdə köçürülmüş 8110 ailədən yalnız 4878-i mənzillə təmin olunmuşdur.  Ümumiyyətlə, 1948-1952-ci illərdə cəmi 100000 nəfər köçürülmüşdür. Əsasən dağ  rayonlarından köçürülmüş və mənzillə təmin edilməmiş əhali Aran zonasının isti  hava şəraitinə dözə bilmirdi və çoxsaylı tələfatlar baş verirdi. Hətta belə bir  vəziyyətdə onların dağlıq ərazilərə, o cümlədən Qarabağa köçürülməsi barədə  azərbaycanlıların və Azərbaycan rəhbərliyininin müraciətləri Mərkəz tərəfindən  rədd edilmişdir.
Bununla yanaşı,  1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan  Ermənistana cəmi 10000 erməni köçürülmüşdür. Bu fakt onu göstərir ki,  azərbaycanlıların köçürülməsinə nail olmuş ermənilər heç də xaricdən  ermənilərin gəlməsinə maraqlı olmamışlar. Ermənistan KP MK-nın 1975-ci il  yanvar plenumunda qeyd olunmuşdur ki, 476 kənd istifadəsiz qalmışdır  ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). Erməni  millətçiləri 1990-cı ildə etiraf etmişlər ki, "Azərbaycanlıların  köçürülməsi nəticəsində boşaldılmış torpaqlar və mənzil fondu xaricdən gəlmiş  ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir"  ("Ermənistanın səsi" qəzeti, 11 noyabr 1990-cı il).
Yuxarıda qeyd  olunanlardan yalnız bir nəticəyə gəlmək olar ki, azərbaycanlıların  Ermənistandan köçürülməsi nə xaricdən gələn ermənilərin yerləşdirilməsi, nə də  Azərbaycanda pambıqçılığın artırılması məqsədi güdürmüş, əsas məqsəd  daşnakların çoxdankı arzusu olan təkmillətli dövlətin yaradılması siyasətinin  reallaşdırılması olmuşdur.
Stalinin ölümü  köçürülmə prosesini dayandırdı və məskunlaşmamış azərbaycanlılar ağır yaşayış  şəraitinə dözməyərək, ermənilərin onlara qarşı göstərdiyi ayrıseçkilik və  təzyiqlərə baxmayaraq döğma yurdlarına qayıtdılar. Bu azərbaycanlılara qarşı  erməni şovinizminin yeni dalğasının - azərbaycanlılara qarşı mənəvi terrorun  təzahürünə səbəb oldu. Tədris müəsisələrinin bağlanması, Azərbaycan dilində  tədrisin ləğv edilməsi, azərbaycanlı rəhbər işçilərin ermənilərlə əvəz  edilməsi, azərbaycanlı kəndlərin məişət və təssərüfat tələbatlarının nəzərə  alınmaması, azərbaycanlılara qarşı kampaniyaların başlanması, xüsusən də  1965-ci ildə "ermənilərin genosidinin" 50-ci ildönümünün təmtəraqla  keçirilməsi daşnak siyasətinin açıq-aşkar reallaşdırılması tədbirləri olmuşdur.
XX əsrin 90-cı illəri 
SSRİ-dəki yenidənqurma  və aşkarlıq prosesləri əks-azərbaycanlı əhval-ruhiyyə və ərazi iddialarının yeni  dalğasına səbəb oldu. 1945-ci ildə istifadə edilmiş taktika yenə də işə salındı  və guya Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında  erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulmasına və Qarabağın  Azərbaycan ərazisindən ilhaqına başladılar.
1988-ci ildən kütləvi  xarakter alan hədələr, fiziki və mənəvi təzyiqlər, qətllər, kəndlərin  dağıdılması, 70 nəfər insanın, o cümlədən 21 qadın və 6 uşağın öldürülməsi ilə  nəticələnmiş Quqark faciəsi, Vardenisdə 40 nəfərin öldürülməsi və digər 11  rayonda - Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafan, Kirovakan, Gorus,  Sisian, Amasiya, Alaverdidə törədilmiş qanlı hadisələr və bu hadisələrə  hakimiyyət orqanları tərəfindən rəvac verilməsi 250000 azərbaycanlını doğma  yurdlarını tərk etməyə vadar etdi.
1905-1920-ci illərin  hadisələri yenə də təkrar olundu: qadınlar və uşaqlar, qocalar qarlı dağ  aşırımlarından keçərək, itkilər verərək Azərbaycana pənah gətirdilər.
Yenə də 1948-1953-cü  illərin hadisələri təkrar olundu: Sovetlər İttifaqının mərkəzi hakimiyyətinin  göstərişi ilə qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmədi, onlar  çadır düşərgələrində məskunlaşmaq zərurətində qaldılar.
Zakfederasiyanın  qərarı ilə 18 fevral 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndindən azərbaycanlı  əhalinin 1991-ci ilin avqustun 8-də qovulmasından sonra Ermənistan təkmillətli  respublikaya çevrildi və "azərbaycanlılarsız Ermənistan" daşnak  ideyası həyata keçirilmiş oldu.
1988-ci ildən sonra  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycanın ərazisinin 20  faizinin işğalına, zəbt olunmuş rayonların xarabalıqlara çevrilməsinə, bir  milyonadək əhalinin doğma yurdlarından qaçqın və didərgin düşməsinə səbəb oldu.  10000-dən artıq azərbaycanlı həlak oldu, on minlərlə insan yaralandı.
1992-ci ilin  fevralında törədilmiş Xocalı soyqırımı erməni millətçilərinin azğınlaşmış və  qəddar siyasətinin təzahürü kimi uzun illər yaddaşlarda qalacaqdır. 1990-cu  ilin qanlı yanvarında, Bakıda dinc əhaliyə qarşı Sovet Ordusunun hissələri  tərəfindən törədilmiş amansız qırğınlarda, şahid ifadələrinə əsasən, ehtiyatdan  çağırılmış ermənilərin də iştirakı olmuşdur.
Bütün bunlar XIX-XX  əsrlərdə erməni daşnaklarının həyata keçirdikləri şovinist siyasətinin  nəticələridir. Qeyd etmək lazımdır ki, separatçılıq hərəkətləri hələ də davam  etməkdədir və bu gün artıq Naxçıvan Muxtar Respublikasının Azərbaycandan ilhaq  edilməsi fikirləri səsləndirilir. Bununla yanaşı, ermənilər dünya dövlətləri  tərəfindən "erməni genosidi" faktının qəbul edilməsinə çalışırlar,  ancaq yaddan çıxarırlar ki, həqiqətən də soyqırımın nə olduğunu bilən xalq  başqalarına qarşı belə hərəkətlərə yol verməz. Yaxud da onların xəstə təxəyyülü  beynəlxalq normaları özünəməxsus yozaraq həm zavallı, həm də zülümkar sifətində  çıxış etməyi münasib bilir.
Bütün bunlar XXI  əsrdə, yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya  ictimaiyyətinin gözü qarşısında baş verir. Nə qədər ki, hər bir vandalizm,  separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət  verilməyəcəkdir, bəşəri cəmiyyət təhlükə qarşısındadır.
Hüquqi-siyasi qiymət 
1918-ci ilin mart  hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən  qiymət verməyə cəhd göstərilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımın  təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının  yaradılması barədə qərar qəbul etdi. Komissiya mart hadisələrini, ilk növbədə  Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri  araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və  düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum  yaradılmışdır. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə  martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Bu əslində əsrdən artıq  müddətdə azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsinə və torpaqların  zəbt ediməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Ancaq Azərbaycan  Demokratik Respublikasının süqutu bu işləri başa çatdırmağa imkan vermədi.
Sovetlər İttifaqının  dağılması nəticəsində müstəqillik əldə etmiş Azərbaycan Respublikası  soyqırımına siyasi qiymət verməyi və öz sələfinin başladığı işi başa çatdırmağı  tarixin ona verdiyi fürsət kimi qiymətləndirdi.
Azərbaycan  Republikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin  mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni  millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman  XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək  nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə  düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və  bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.
1998-ci ildə  Azərbaycanın Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada  Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, MDB ölkələrinə və  digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət  edərək azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi hallarla dünyanın hər  bir yerində amansız mübarizə aparmaq üçün səylərin birləşdirilməsinə  çağırmışdır.
Azərbaycan xalqının  hər il qeyd etdiyi "Azərbaycanlıların soyqırımı günü" həmin  məqsədlərə və dünya ictimaiyyətinin diqqətinin bu gün də davam edən şovinizm,  separatçılıq hallarına cəlb edilməsinə xidmət edir. Yaddan çıxarmaq olmaz ki,  biz hamımız - dünyanın bütün xalqları bəşəriyyətin gələcək əmin-amanlığına  məsuliyyət daşıyır.
Azərbaycanlıların  soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı 
Azərbaycan  Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin  obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli  saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr  özünün əsl qiymətini alır.
Azərbaycan xalqına  qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini  almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci  illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının  parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan  xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı.  Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə  Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan  torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və  Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan  azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz  havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan  inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə,  əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi  siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ  olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına  "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin  saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı.  Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların  mühüm tərkib hissəsini təşkil edirdi.
"Böyük  Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci  illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar  həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və  indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə  yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı  vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin  açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək  azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq  iddialarını pərdələmişlər.
Birinci dünya  müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən  məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında  reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı  ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı  quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata  keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər  Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı  əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od  vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini,  məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük  bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba  qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın  başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə  dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli  mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra  1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası  1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq  Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart  soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası  ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya  ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi  qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq  Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu,  azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən  torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi  idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan  vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin  məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın  bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı  dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha  da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ  Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların  və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi  haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz  tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail  oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi  ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz  kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan  kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq  abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut  etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada  azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi.  "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində  regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara  qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı  olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız  təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları  ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər  törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin  tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim  toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin  şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə  qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və  mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni  ideologiyasının təqiblərinə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına, milli  qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji  zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün  siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında  ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırıldırdı. Ermənilərin  Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında  daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının  rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq  Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi  torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi.  Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə  daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın  əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın  tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi  aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən  mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də  Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi  olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq  məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst  edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı  şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı  kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir  alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq  Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan  artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından  didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20  faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız  şəhid olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə  baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq,  ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi  soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin  yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi  göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi  davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü  kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək  məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki,  azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın  keçirilməsi məsələsinə baxsın.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 mart 1998-ci il. 
N 690
Azərbaycalıların soyqırımı günü ilə əlaqədar Azərbaycan Respublikası Milli  Məclisinin bəyanatı
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidenti  zati-aliləri cənab Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı  haqqında" fərmanının tariximizin bu qaranlıq səhifələrinə işıq saçan ilk  rəsmi sənəd kimi böyük əhəmiyyətini qeyd edir və 80 il bundan əvvəl  azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ildönümü ərəfəsində 31 mart  gününü "Azərbaycanlıların soyqırımı günü" elan etməsini milli  yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına  təkan verən mühüm siyasi-hüquqi və mənəvi aksiya sayır.
Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq Azərbaycanın XIX əsrdə zorakılıqla  parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində  görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımların  rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü  illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük  dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Zaqafqaziya miqyasında  azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri  açılır, "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas və real  yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv  edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin  dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan  qüvvələrinin mənfur fəaliyyətinə siyasi qiymət verilir.
Azərbaycanın çar Rusiyası tərəfindən işğalını rəsmiləşdirən Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycana on minlərlə erməninin köçürülməsi, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazların verilməsi tezliklə rus-erməni aleansı tərəfındən azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxardı. "Daşnak" və "Qnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətləndi. Birinci rus inqilabının başladığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin Qafqazda ilk müəllifləri olmuşlar. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir.
 
                