Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsi xarici ölkələrin ali təhsil müəssisələri ilə bağlanmış müqavilələr və layihələr çərçivəsində beynəlxalq əməkdaşlıq fəaliyyətlərini həyata keçirir. Eyni zamanda universitetin strateji hədəflərinə uyğun olaraq müstəqil şəkildə və eləcə də digər ali təhsil müəssisələri, hökumət və qeyri-hökumət təşkilatları, yerli, beynəlxalq təşkilat və şirkətlər ilə müxtəlif layihələrin vaxtında, büdcə daxilində və ən yüksək keyfiyyət standartlarına uyğun tamamlanmasına nəzarət edir. Şöbə müvafiq proseslərin standartlaşdırılması, ən yaxşı təcrübələrin tətbiq olunması və maraqlı tərəflər arasında kommunikasiya və əməkdaşlığı gücləndirməklə, universitet daxilində səmərəli və effektiv layihə nəticələrini təmin edir. Şöbənin koordinasiya etdiyi təşəbbüslərə Sabah.Academy, Code Academy, SABAH Magistratura proqramları, ERASMUS+ layihələri, ADNSU, UNEC, Xəzər Universiteti və bir sıra digər ali təhsil müəssisələri və təşkilatlarla həyata keçirilən layihə və tədbirlər daxildir. Şöbə tərəfindən, həmçinin universitetin beynəlxalq reytinqlərdə iştirakının təmin olunması istiqamətlərində fəaliyyətlər həyata keçirilir.
Aysel Eminova 2006-cı ildə Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinə 617 balla daxil olmuş və 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili ixtisası üzrə magistratura (MBA, ingilis dilində) səviyyəsində təhsilini tamamlamışdır. 2015-ci ildə 1 il müddətində ABŞ-nin Virciniya ştatında yaşamış və orada könüllü olaraq işləmişdir. Peşəkar karyerasına 2017-ci ildən Sumqayıt Dövlət Universitetində başlamış, Linqvistik Mərkəzdə ingilis dilindən tərcüməçi-metodist, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsində, həmçinin Layihələrin idarə edilməsi şöbəsində baş mütəxəssis, Reytinqlərlə iş bölməsinin müdiri vəzifələrində çalışmışdır. 2021-ci ildə SDU-da Biznesin təşkili və idarə edilməsi kafedrasında “Müəssisələrin təşkili və idarəedilməsi” ixtisası üzrə doktoranturaya qəbul olmuş, eyni zamanda müəllim olaraq fəaliyyətə başlamışdır. Hazırda “Rəqabət şəraitində müəssisənin dayanıqlılığının qiymətləndirilməsi” adlı dissertasiya üzərində çalışır.
O, Türkiyə, ABŞ, İsveç, Çin, Rusiya və Səudiyyə Ərəbistanında keçirilən bir çox təlim və tədbirlərdə iştirak etmişdir, o cümlədən:
• “Choose Leadership” (Women’s Learning Partnership & Women Resource Center, ABŞ);
• UNESCO proqramı çərçivəsində ADA Universiteti tərəfindən təşkil olunan workshop;
• Erasmus+ TRUST layihəsi;
• “Future Minerals Forum” (Riyad, Səudiyyə Ərəbistanı);
• “Gələcəyə körpü” Gəncə təlimi;
• Erasmus+ REFRESH layihəsi (Stokholm, İsveç);
• “Qafqaz-Xəzər-Yaxın Şərq” Beynəlxalq Gənclər Forumu (Stavropol, Rusiya);
• Beynəlxalq Valyuta Fondu və Dünya Bankının tədbiri (Vaşinqton, ABŞ);
• “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” (İstanbul, Türkiyə);
• “Kəmər və Yol Universitetləri Alyansının 2025-ci il Forumu” (Dunhuang, Çin).
Yerli və xarici jurnallarda, konfranslarda çap olunmuş 15 məqalə və tezisin müəllifidir.