Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Yerləşdirilmə tarixi : 06 Fevral 2024 13:21

Elm və Təhsil Nazirliyinin Akademik Y.H.Məmmədəliyev adına Neft-kimya prosesləri institutu 

1920-ci ildə Neft sənayesinin milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində Mərkəzi Kimya Laboratoriyası (MKL) yaradıldı. 1929-cu ildə bu laboratoriyanın bazasında V.V.Kuybışov adına Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) yaradıldı və həmin tarix indiki NKPİ-nin yaranması tarixi hesab olunur.
1946-cı ildə AzNTİ bazasında Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Neft Çıxarma Elmi-Tədqiqat İnstitutu (AzNÇETİ) yaradılmışdır.
Akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə 1959-cu ildə AzNTİ, Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun bir sıra laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində Neft Kimya Prosesləri İnstitutu yaradılmışdır.  İnstitut 2022-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin nəzdində fəalyyət göstərir.
İnstituta 1959-1962-ci illərdə M.F.Nağıyev, 1962-1987-ci illərdə isə V.S.Əliyev, 1987- 2011-ci illərdə akademik M.İ.Rüstəmov, 2011-ci ildən etibarən isə Vaqif Abbasov rəhbərlik edir.
1962-ci ildə NKPİ-yə akademik Y.H.Məmmədəliyevin adı verilmiş və 1967-ci ildə İnstitut “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
1965-1969-cu illərdə Neft-kimya prosesləri institutunun elmi potensialı əsasında akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, akademik M.F.Nağıyev adına Kimya Texnologiyalarının Nəzəri Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu), ÜİET Qaz Emalı İnstitunun Azərbaycan filialı, NKPİ-nin Sumqayıt filialı(indiki Polimer Materialları İnstitutu), Radiasiya Tədqiqatları Sektoru (indiki Radiasiya Problemləri İnstitutu) yaradılmışdır.
İnstitutda Elmi Şura, elmi tədqiqat laboratoriyaları, Monomerlər, oliqomerlər və kataliz şöbəsi, İnformasiya və telekommunikasiya şöbəsi, Fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, Neft və qazın kimyası və texnologiyası şöbəsi, Neft kimya sintezi şöbəsi, Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsi, Neft kimya sintezi şöbəsi və s. fəaliyyət göstərir.
 

 
22 noyabr 2023-cü il tarixində Sumqayıt Dövlət Universiteti ilə Neft-Kimya Prosesləri İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsi üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, SDU-nun rektoru Rüfət Əzizov və hər iki müəssisənin nümayəndə heyəti iştirak edirdilər.
SDU-nun rektoru Rüfət Əzizov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi bu elm ocağında görməkdən məmnun olduğunu bildirdi. Anlaşma memorandumunun “Heydər Əliyev İli” çərçivəsində imzalanmasının əhəmiyyətini vurğuladı və ölkəmizdə rəqabətli insan kapitalının, habelə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəyərli töhfə verəcəyini qeyd etdi. Bildirdi ki, qloballaşan dünya ali təhsil sistemində innovasiyaların tətbiqi ilə bağlı yeni yanaşmalar tələb edir. Bu səbəbdən də Sumqayıt Dövlət Universiteti əlaqələrini genişləndirir.
Rektor ali məktəbin fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin təhsil, elm sahəsində imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.
Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində mütəxəssis hazırlığında innovativ texnologiyaların daşıyıcısı olan, sənaye və istehsalat sahələrinin problemlərini daha tez mənimsəyən və həlli yollarını müəyyənləşdirməyə qadir olan mütəxəssislər hazırlanması məsələsi əsas hədəf götürülüb. Bu ideyanın reallaşması və əmək bazarının tələblərinə uyğun mütəxəssislər hazırlanması üçün istehsalat, xidmət sahələri ilə sıx əlaqələr qurur.
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək səmimi qəbula görə SDU-nun rektoru Rüfət Əzizova təşəkkürünü bildirdi, universitetin təhsil modelini yüksək qiymətləndirərək müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil olduğunu qeyd etdi. Rəhbərlik etdiyi institutun ali məktəblərlə, o cümlədən SDU ilə əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışdı, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün hərcür şəraitin olduğunu bildirdi. Universitet əməkdaşlarının da öz növbələrində Neft-Kimya Prosesləri İnstitutu ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açdı.
Sonda Sumqayıt Dövlət Universiteti və Neft-Kimya Prosesləri İnstitutu arasında anlaşma memorandumu imzalandı. Memorandumu SDU-nun rektoru Rüfət Əzizov və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov imzaladılar.
Əməkdaşlıq memorandumunda tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, tələbə-müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məlumat mübadiləsi, akademik mübadilə, məharət dərsləri, birgə konfranslar, seminarlar və digər beynəlxalq tədbirlərin təşkili, elmi məqalələrin çap olunması nəzərdə tutulur.
Yekun olaraq memorandumun detalları, gələcək planlar barədə fikir mübadiləsi aparıldı. 
(www.nkpi.az)
 
 

 
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az