Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Rektor
Əminağa Sadıqov
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən
Əminağa Bəhmən oğlu Sadıqov 18 dekabr 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universiteti) Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adına layiq görülmüşdür. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda başlamışdır. 1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, 1998-ci ildən AMEA Rəyasət Heyəti Elmi-Təşkilat şöbəsinin rəisi, 2013-cü ildən isə AMEA Rəyasət Heyəti Elmi-Təşkilat İdarəsinin rəisi, 2015-ci ildən AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi (vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir. 2022–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləmiş, 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilmişdir. 10 fevral 2025-ci ildə Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən təyin olunub. Əminağa Sadıqov müxtəlif illərdə Azərbaycanın aparıcı universitetlərində pedaqoji fəaliyyət göstərmişdir. Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, İdarəetmə Sistemləri İnstitutunda və Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində fəaliyyət göstərən dissertasiya şuralarının üzvü, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının eksperti, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmşünaslıq üzrə Elmi Şurasının üzvüdür. Ə.Sadıqov dünyanın 40-a yaxın ölkəsində, o cümlədən Amerika Birləşmiş Ştatları, Kanada, İsrail, Almaniya, Fransa, Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsveç, Malayziya və s. ölkələrdə keçirilmiş 60-dan çox nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Respublikasını təmsil etmişdir. O, 190 elmi əsərin, o cümlədən 4 elmi monoqrafiyanın, 6 kitabın, habelə 2 patentin və 2 ixtiranın müəllifidir. Ə.Sadıqov Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi", Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının medalları, səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. O, Beynəlxalq Reytinq Akademiyasının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medallarına, həmçinin bir sıra beynəlxalq və respublika səviyyəli qeyri-hökumət təşkilatlarının təltiflərinə layiq görülmüşdür. 2017-ci ildə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna görə Ə. Sadıqov "İlin nüfuzlu ziyalısı" ali media mükafatına layiq görülmüşdür. Ana dilindən başqa ingilis, rus, türk və ukrayna dillərini bilir.
Evlidir, 3 övladı var.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az