Avropa Müstəqil Akkreditasiya Agentliyinin (ASİİN) ekspertləri Sumqayıt Dövlət Universitetində oldular.
Proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi üzrə bakalavriat, Enerji menecmenti üzrə magistratura pillələri üzrə Sumqayıt Dövlət Universitetində akkreditasiyaya hazırlığın vəziyyətini MMC RWE IT-dən Yürgen Mayer, İlmenau Texniki Universitetindən Ditmar Şulse, ETU-i Bilefelddən Bernd-Yozef Şumaxer, Rostok universitetindən Harald Veber, Köln Tətbiqi Elmlər Universitetinin professoru Reza –Talebi Daryani və professor Verner Qornik müzakirə etdilər.
Öncə ekspertlər layihə çərçivəsində tələbələrə tədris olunan fənnlərlə maraqlandılar, professor-müəllim heyəti ilə görüşdülər və universitet müəllimlərinin tədris etdikləri dərs vəsaitləri ilə tanış oldular. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda oldular və tələbələrin praktik işlərinin icrasına nəzarət etdilər.
Daha sonra dəyirmi masa ətrafında SDU-nun rektoru Elxan Hüseynov proqramın universitetdə akkreditasiyaya hazırlıq vəziyyətindən danışdı. Rektor rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verdi.
Bildirdi ki, cənab Prezident İlham Əliyevin son 10 ildə elmin, təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir. Dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bilavasitə ölkəmizdə qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması üçün başlıca istiqamətləri müəyyənləşdirmişdir.
Vurğuladı ki, Azərbaycan Respublikası Boloniya prosesinə qoşulub. SDU təhsilin gələcək inkişafını nəzəri biliklərlə yanaşı təcrübəyə əsaslanan Avropa təhsil sisteminə inteqrasiyada görür. Beynəlxalq elm, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetləri ilə əlaqələrini yaratmaq əsas məqsəd kimi qarşıya qoyulub.
Universitetin beynəlxalq layihələrdə uğurlu iştirakından danışan rektor bildirdi ki, TEMPUS layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olmuş, burada 8 müasir tədris laboratoriyası yaradılmışdır və bu laboratoriyalar yüksək avadanlıqlarla təchiz olunmuşdur. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.
Son dövrlər universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xeyli işlər görülüb və bu gündə bu işlər davam etməkdədir. Sumqayıt şəhərinin əhalisinin təlabatını nəzərə alaraq və əmək bazarı öyrənilməklə pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar yaradılmışdır. Bundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır. Onu da qeyd edək ki, elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz əhəmiyyətini itirməkdədir. Bu baxımdan, Sumayıt Dövlət Universitetinin bacarıqlı və yüksək intellektə sahib olan tələbələrinin nəzəri biliklərini bu müəssisələrdə təcrübədən keçirməsi məqsədə uyğundur. Sumqayıt Texnologiyalar Parkının və “Azərkimya ” İB-nin müəssisələri ilə iş birliyi yaradılır. Azərbaycan Polimer Materialları İnstitutu ilə SDU arasında təhsil-elmi-istehsalat çərçivisində elmi-təcrübə əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və hədəflər müəyyənləşdirilmişdir. PMİ-da universitetimizin baza kafedrasının yaradılması əlaqələrin möhkəmlənməsinə, eyni zamanda, milli təhsilimizin inkişafına töhfələr verir.
Qonaqlar ölkəmizdə olmaqdan məmnun olduqlarını vurğuladılar və qeyd etdilər ki, Azərbaycanda təhsil sistemi çox sürətlə inkişaf edir, heç də Avropa təhsil sistemindən geri qalmır. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, ölkələrimiz arasında ali təhsil ocaqları arasında əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd etdilər.
Ekspertlər ümumi müzakirədən sonra müəyyən tövsiyyələr verməklə bu ixtisasların akkreditasiya olunmasına müsbət fikir bildirdilər.
Yekun nəticə iyun ayında açıqlanacaq və qalib universitetə sertifikat veriləcəkdir.
Mətbuat xidməti