Xalq şairi Vahid Əziz: “SDU-nun məzunları yüksək səviyyəli mütəxəssislər kimi dəyərləndirilirlər”
“Bu il Sumqayıt Dövlət Universitetinin 60 yaşı tamam olur. Sumqayıt mənə çox doğma şəhərdir. Uzaq gəncliyimin bir neçə ili Sumqayıtda keçib, ilk şeirlərimi orda yazmışam. 60 illik yubiley munasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru, hörmətli professorumuz Elxan Hüseynovu, müəllim heyətini, tələbələri, məzunları təbrik edirəm!”.
Xalq şairi Vahid Əziz qeyd edib ki, Sumqayıt Dövlət Universitetinin məzunları sırasında çoxlu elm adamları, müxtəlif sahələrdə çalışan insanlar var: “Onlar yüksəksəviyyəli mütəxəssislər kimi dəyərləndirilirlər. Bu, ilk növbədə, Sumqayıt Dövlət Universitetində təhsilə, elmə yüksək məsuliyyətlə yanaşıldığının göstəricisidir. Ötən il Zəfər Günü ilə bağlı mənim “Param-parça illər” adlı şeirlər kitabım çap olundu. Sumqayıt Dövlət Universitetində mənimlə möhətəşəm bir görüş keçirildi. Hörmətli rektor, professor Elxan Hüseynovun özü də tədbirdə iştirak etdi, çıxış etdi. Mən Universitetin rektoru Elxan müəllimi təxminən 45 il öncədən tanıyıram. O vaxt mən Bakı şəhər partiya komitəsində, Elxan müəllim isə Bakı şəhər komsomol komitəsində yüksək vəzifədə çalışırdı. Qismət elə gətirdi ki, təxminən 45 ildən sonra biz Universitetdə görüşdük. Onun sadəliyi, insanpərvərliyi məhz Universitetin bugünkü sağlam kollektivinin daha da möhkəm zəmində formalaşmasına kömək edir, şərait yaradır.
Bu gün Sumqayıt Dövlət Universiteti, təbii ki, yüksək təhsil, bilik vermək qabliyyəti ilə örnəkdir. Mən çox xoşbəxtəm ki, belə bir təhsil ocağında, ömrümün 77-ci ilində belə bir görüşdə iştirak elədim, gözəl insanları tanıdım, tanığım insanlardan səmimiyyət gördüm. Bir daha Universitetin kollektivini təbrik edirəm və arzu edirəm, Universitetin daha böyük yaşlarını qeyd edin və Azərbaycan təhsilində bayraqdar olun!”.