Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycanlı müəllim kadrların hazırlanmasında İrəvan Müəllimlər Seminariyasının rolu
Azərbaycanlı müəllim kadrların hazırlanmasında İrəvan Müəllimlər Seminariyasının rolu
Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir. Azərbaycan türkünün min illər boyu tarixi İrəvan mahalında yaratdığı milli-mənəvi irsin nümunəsi olan İrəvan Müəllimlər Seminariyası İrəvan ziyalılarının dəyərli mədəni-maarif irsidir. Bu baxımdan cənab Prezidentin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamı mühüm siyasi-ideoloji, mədəni-mənəvi, elmi-pedaqoji əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan torpaqlarının şimal-cənub ticarət qovşağında yerləşən İrəvan xanlığı müsəlman milli maarifçiliyinin aparıcı elm və təhsil mərkəzlərindən biri olmuşdur. Burada olan məscidlərdə, mollaxanalarda və mədrəsələrdə şəriət qaydaları, oxuma-yazma öyrədilirdi. Etiraf etmək lazımdır ki, o dövrün tədris mərkəzləri olan mədrəsələrdə İrəvan ziyalı elitasının çoxsaylı nümayəndələri yetişmişdir ki, onlardan təkcə XVIII əsrdə yaşamış görkəmli həkim və alim  Hacı Sülеyman ibn Salman Qacar İrəvanini qeyd etmək kifayətdir.
1828-ci ildə İrəvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra əzəli Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılmışdır ki,  bundan sonra  tariximizin faciəli dövrü başlamışdır. Rusiya İmperiyasının milli ucqarına çevrilən İrəvan tarixi transformasiyanın aparıcı geosiyasi mərkəzinə çevrilməklə, imperiyanın cənubunda xüsusi əhəmiyyət daşıyan strateji məkan idi. Belə ki,  İran, Türkiyə, Rusiya üçbucağında vacib geosiyasi mövqedə yerləşən İrəvanda Rusiya maraqlarına xidmət edən yeni üsullu təhsilin təşkili vacib amilə çevrilmişdi. Yeni tip məktəblərin yaradılması ilk baxışda  Rusiyanın strateji maraqlarına xidmət etsə də, İrəvanda milli kimliyini unutmayan ziyalı təbəqəsinin, azərbaycanlı müəllim kadrların haırlanmasında xüsusi əhəmiyyətə malik olmuşdur.
İrəvanda yeni məktəb sisteminin yaradılması XIX əsrin 30-cu illərinə təsadüf etmişdir. Çar hökuməti yerli xalqları ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirmək məqsədilə 1829-cu ildə milli ucqarlarda qəza məktəblərinin açılmasını nəzərdə tutan Zaqafqaziya məktəblərinin ilk nizamnaməsini qəbul etmişdir. Bu nizamnaməyə görə, Cənubi Qafqazda 20 qəza məktəbinin açılması nəzərdə tutulmuşdu. 1832-ci ildə İrəvan şəhərində ilk dünyəvi məktəb – ikisinifli qəza məktəbi yaradıldı. Qəza məktəbi 1839-cu ildə üçsinifli qəza məktəbinə, 1869-cu ildə dördsinifli progimnaziyaya çevrilmişdir. 1880-ci il oktyabrın 20-də Rusiya Dövlət Şurası "Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul etmiş və   İrəvan Müəllimlər Seminariyası 1881-ci il noyabrın 8-də 9 müəllim, 42 şagirdlə fəaliyyətə başlamışdır. 
Onu da qeyd edək ki, Müəllimlər seminariyasının ilk əsasnaməsinə görə, bu tip təhsil müəssisəsinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verilirdi. Seminariyada təhsil müddəti 3 il idi, nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai məktəb fəaliyyət göstərirdi. Tələbələr pedaqoji təcrübəni həmin məktəbdə keçirdilər. Seminariyanın nəzdində pansionat (yataqxana) da fəaliyyət göstərirdi. Burada azərbaycanlılarla bərabər, erməni, gürcü, rus və digər xalqların nümayəndələri da təhsil alırdı. İrəvan Müəllimlər Seminariyasında dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazızadə olub.  O, seminariya açılan gündən 1897-ci ilə qədər burada ilahiyyat və Azərbaycan dilindən dərs keçib. Ayrı-ayrı vaxtlarda Mirzə Məmmədvəli Qəmərli, Rəşid bəy Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Cəfər bəy Cəfərbəyov, Məmməd Axundov, Mirzə Cabbar Məhəmmədzadə seminariyada şəriət və ya Azərbaycan dili fənnini tədris ediblər.
İrəvan Müəllimlər  Seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi deyildi. Çünki burada yaşayan əhalinin əksəriyyəti Azərbaycan müsəlman türkləri idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı  gənclər ilk pedaqoji təhsillərini aldıqdan sonra həyat  fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edir, xalq  kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində  yaxından iştirak edirdilər. Seminariyada həmin dövrdə İrəvan gimnaziyasında müəllim işləyən görkəmli Azərbaycan maarifçisi F.B.Köçərlinin  yazdığı  “Azərbaycan dili proqramı”ndan istifadə olunurdu. Həm seminariyanın nəzdindəki nümunə məktəbində, həm də gimnaziyada ilk vaxtlar müəllimlərin özlərinin hazırladığı materiallardan və  M.Elxanovun “Vətən dili” dərsliyinin əlyazmasından istifadə edilirdi.
Burada təhsil alanlara rus dili, riyaziyyat, ilahiyyat, tarix, coğrafiya,  fizika, təbiətşünaslıq, nəğmə, hüsnxət,  rəsm və  rəsmxət dərsləri tədris olunurdu. Azərbaycanlı uşaqlar rus dilini, rus adət-ənənəsini, tarixini və coğrafiyasını öyrəndikdən sonra xristian uşaqları ilə birlikdə oxuya bilərdilər. Aşağı hazırlıq sinfinə rus dilini bilməyən uşaqlar qəbul olunurdu. Azərbaycanlı şagirdlərin aşağı hazırlıq siniflərinə daxil olması və seminariyada 5 il oxuması məcburi deyildi. Siniflər komplektləşdirilərkən şagirdlərin hazırlıq səviyyələri nəzərə alınırdı. Rus dilində danışmağı bacaran, müəyyən hazırlıq səviyyəsi olan şagirdlər yuxarı hazırlıq siniflərinə, yaxud birinci sinfə qəbul edilirdi.
İrəvan qəza məktəbi, gimnaziyası, nəhayət, İrəvan Müəllimlər Seminariyası azərbaycanlı müəllim kadrların hazırlanması işinə rəhbərlik etməklə yanaşı,  həm də ölkəmizin bütün regionlarında mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olmuşdur. Ana dilində dərsliklərin ilk təşəbbüsçülərindən olan məzunlar  mətbuatda rus və Azərbaycan dillərində həm ədəbi-bədii, həm də ictimai-maarifçi məqalələrlə çıxış etmişlər. Seminariyanın məzunları Qərbi Azərbaycan ziyalıları kimi Azərbaycanda həm ictimai-pedaqoji hərəkatın, həm də onun simasında müsəlman dini kimliyindən etnik kimliyə, son nəticədə isə, milli müqəddəratı təyinetmə prosesinin layiqli təbliğatçıları olmuşdular. XIX əsrin sonlarında Cənubi Qafqazda kənd məktəblərində işləyən müəllimlər və müdirlərin xeyli hissəsi müxtəlif illərdə həmin seminariyada müəllimlik hüququ qazananlar idi. Bunlardan bir neçəsinin adını çəkmək kifayətdir: Cəlil Mirzəyev, Tağı bəy Səfiyev, Məmməd bəy Qazıyev, İbadulla bəy Muğanlinski, Cabbar Məmmədov, Şamdan Mahmudbəyov və başqalarını qeyd edə bilərik. Seminariyaya ayrı-ayrı vaxtlarda Yakob Stepanoviç Suşevski, İvan Andreyeviç Pasyuteviç, Mixail Alekseyeviç Miropiyev, Valentin Vasilyeviç Dubromin rəhbərlik ediblər. Fəaliyyət göstərdiyi dövrdə seminariyada 300-dək, İrəvanda fəaliyyət göstərən yeni üsullu tədris məktəblərində isə 500-dək azərbaycanlı müəllim və şagird təhsil almışdır. 
 Məzunların  təyinat üzrə  kənd məktəblərində işləməsi məcburi idi. Seminariyanın 1910-cu il məzunu Mehdi Kazımova verilən sənəddən aydın olur ki, o, təyinat üzrə 6 il işləməyə borcludur, əks halda xəzinəyə 520  rubl ödəməlidir.
Onu da qeyd edək ki, Cəlil Məmmədquluzadə 1887-ci  ildə  Qori  seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilmişdir. Cəlil Məmmədquluzadə İrəvanda seminariyada olmuş, qabaqcıl azərbaycanlı ziyalılarla, müəllim və tələbələrlə görüş keçirmiş, "Molla Nəsrəddin" jurnalı barədə geniş fikir mübadiləsi aparmışdır. "Molla Nəsrəddin" jurnalının İrəvanda özünə möhkəm yer tutmasında İrəvan Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin müəllimlərinin və tələbələrinin də böyük rolu olmuşdur. 
1915-ci ildə İrəvan Müəllimlər Seminariyası Armavirə köçürüldü və  1918-ci ilə kimi orada  fəaliyyət göstərdi. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasəti səbəbindən seminariya fəaliyyətini dayandırdı, müəllimlərin və  tələbələrin bir qismi amansızcasına qətlə yetirildi, sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana  pənah apardılar. 1920-ci ilin noyabrında Ermənistanda bolşeviklərin hakimiyyətə gəlməsindən sonra İrəvan Müəllimlər Seminariyası öz işini bərpa edə bilmədi, hətta 1937-ci il repressiyası zamanı seminariyanın müəllim və məzunları “qırmızı terror”a məruz qalmışlar.
Tarixən Azərbaycan türklərinin doğma vətəni olan Qərbi Azərbaycanda xalqımızın yaratmış olduğu maddi-mənəvi irsə sahib çıxmaq nəsillərimizin başlıca vəzifəsi olmuşdur. 44 günlük Vətən savaşından sonra gələcəyə ümidlə addımlayan Azərbaycan regionda yeni reallıqlar yaradaraq, fəaliyyətini gələcək strateji hədəflərə uyğun qurub. Ölkə Prezidenti Cənab İlham Əliyev YAP-ın VI qurultayındakı nitqində demişdir: "...biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur və Göyçə mahalıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”. 
 
Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası
kafedrasının müdiri dosent  Sona Məhərrəmova

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az