Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | XOCALI SOYQIRIMI-BƏŞƏR TARİXİNİN FACİƏSİ
XOCALI SOYQIRIMI-BƏŞƏR TARİXİNİN FACİƏSİ
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizlənə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1919-cu ildə ADR hökuməti erməni vəhşiliyinin qurbanı olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə mart ayının 31-ni Milli Matəm Günü elan etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra adət-ənənələrimiz, milli dəyərlərimiz, müsibət və faciələrimiz kimi ADR-in 31 Mart ‒ Milli Matəm Günü haqqında qərarı da tarixin qaranlıq arxivinin əlçatmaz küncünə atıldı. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da, Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqla əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.
Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
1992-ci il fevralın 16-da Xankəndində 366-cı alayın nəzdində “Gizli erməni cəbhəsi” deyilən bir rota yaradıldı. Bunun da özəyini Livan, Kanada, İran, İsveç və digər ölkələrin erməniləri təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət “Şuşanik” adlı snayperçilər dəstəsi cəbhəyə qoşuldu. Bu erməni qızları Livandan gəlmişdilər.
Gizli erməni cəbhəsinə rəhbərlik Xaçik Vartanyana tapşırılmışdı. Bu zaman 36 məhşur erməni firmasının başçıları “Gizli erməni cəbhəsi”nə 470 min dollar yardım etdilər.
1992-ci il yanvar ayının 23-də 366-cı alaydan 93/5 nömrəli saxta sərəncamla 194 nəfər xidmətçi tərxis olundu. Tərxis olunanlar gürcülər, tatarlar, beloruslar, türkmənlər, qazaxlar və ləzgilərdən ibarət idi. Onların yerini isə Erməni milliyyətindən olan xüsusi təlim görmüş üzvlər tuturdu.
1992-ci il fevralın 9-da Müdafiə Nazirliyindən 366-cı alayın komandiri general Zaviqarovun adına telefonoqram gəlir. Saat 16:00 radələrində alınmış bu telefonoqramda alayda xidmət edən əsgərlərə ayrı-ayrılıqda mükafat əvəzi maaş ödənilməklə yanaşı, zabitlərin Rusiyanın istənilən yerində yeni mənzillə təmin ediləcəyi xəbəri verilirdi.
1992-ci il fevralın 24-də saat 21:15-də Zaviqarov zabitlər önündə belə bir çıxış edir ki, regiondakı torpaq uğrunda müharibə deyil, islamın xristianlığa qarşı müharibəsidir. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rus silahlı qüvvələrinin köməyi ilə bəşəriyyət üçün üzqaralığı olan növbəti cinayət ‒ Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi genosiddir-soyqırımıdır. Bu vəhşiləşmiş cəlladların məqsədi şəhərin bütün əhalisini məhv etmək idi, ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil həmdə bəşəriyyətə qarşı yönəlmişdir.
Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə ‒ Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Hörmətli Ali Baş Komandanımız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da bildirmişdir ki, “məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq, vətəndaşlıq borcumuz, digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir”. O cümlədən Prezident İlham Əliyev bildirmişdir ki, “Xocalıda baş verən erməni daşnaklarının xalqımıza qarşı apardığı etnik təmizləmə soyqırımı siyasətinin ən qanlı səhifələrdən biri kimi qiymətləndirilir”.
Mən də öz növbəmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliyamını ürək ağrısı ilə qəbul edir və Azərbaycan xalqına səbir diləyirəm.
Allah Xocalı faciəsində şəhid olan soydaşlarımıza rəhmət eləsin!
 
Elmar Xəlilov, Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az