Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Liderliyin bədii ədəbiyyatda təcəssümü və Heydər Əliyev obrazı
Liderliyin bədii ədəbiyyatda təcəssümü və Heydər Əliyev obrazı
Ədəbiyyat insanşünaslıq elmidir. Söz sənətinin incə qatlarını yalnız yüksək intellektli, zəngin mənəvi dünyası, həssas duyğuları olan insan anlaya və dərk edə bilər. Keçmişin ən qaranlıq sirləri də, gələcəyin hələ ixtira olunmamış ən maraqlı elmi tədqiqatları da, innovativ inkişafın ağılasığmaz hüdudları da, ilk növbədə, ədəbiyyatın predmetinə çevrilir, şairin, yazıçının təfəkküründən süzülərək elm adamına ilham verir. “Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir” (Belinski). Lakin hər zaman olduğu kimi günümüzdə də təəssüf doğuran bir neçə mövqe ilə qarşılaşırıq. Ədəbiyyata ikili münasibət, onun “lazımsızlığı”, “gərəksizliyi” yönündəki deyimlər yaradıcı insanları bəzən ruhdan salır. Dünya başdan-başa texnoloji yeniliklərlə dolsa da, heç kim unutmamlıdır, bəşəriyyətin ən böyük qayəsi insan qəlbi, onun hiss və duyğularının ön plana çəkilməsidir. Bizim bəxtimiz onda gətirmişdi ki, Ulu Öndərimiz, xalqımızın Ümummilli lideri Heydər Əliyev bunun fərqində idi və ədəbiyyatın, mədəniyyətin inkişafı üçün əlindən gələni edirdi. O, ədəbiyyat və mədəniyyət xadimləri ilə hər görüşündə, hər qarşılaşmasında ədəbiyyatın xalqımızın keşməkeşli tarixini, milli-mənəvi özünüdərk, azərbaycançılıq, milli identifikasiya məsələlərinin öyrənilməsində çox mühüm rolundan bəhs edirək deyirdi: “Bu gün ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir” . Həssas lider kimi, o bunun da fərqində idi ki, “mədəniyyət uşaq kimidir. Həmişə tumar və qayğı istəyir. O həssasdır: əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi o hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi, ölkə başçısı bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”. Ədəbiyyata belə münasibət bəsləyən liderin özünün bədii obrazının yaradılması şair və yazıçılarımızdan incə və həssas ruhla yanaşı, böyük məsuliyyət də tələb edirdi.
Ümumiyyətlə, dövlət başçısının və ya xalqı, vətəni qarşısında böyük xidmətləri olan şəxsiyyətlərin milli poetik ənənədə tərənnümünə hər dövrdə rast gəlinir. Qədim türklərin mifoloji əcdadı Oğuz kağandan üzü bəri bütün dövrlərdə böyük şəxsiyyətlər ədəbiyyatın mövzusu olmuş, xalq məhəbbəti, el hörməti öz ifadəsini bədii formada tapmışdır. Dövlətçilik təfəkkürü güclü olan xalqın təsəvvüründə mütləq real hökmdar obrazı ən müxtəlif tərəfləri ilə özünə yer tutmalıdır. Fikrimizcə, böyük ədəbiyyatın ictimai vəzifələrindən biri də həmin obrazı zədələməyə qoymamaqdan, onu lazımi ictimai-estetik səviyyədə saxlamaqdan, xalqın rəhbərinə inam tərbiyə etməkdən ibarətdir. Bu baxımdan XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin obrazının ədəbiyyatımızda bədii əksi təbii və qanunauyğundur. Akademik İsa Həbibbəyli yazır: “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını o, hələ keçmiş sovet hakimiyyəti illərində formalaşdırmışdı. Zəngin dövlətçilik təcrübəsi və geniş milli dünyagörüşə malik dövlət xadimi olması, cəsarətli ideyaları, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörənliyi ilə hələ Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövründə Heydər Əliyev siyasi liderlik istedadını Azərbaycan cəmiyyətinə və dünyaya təqdim etmişdir”.  
Ədəbiyyatın müxtəlif növ və janrlarında Heydər Əliyevə ithaf olunmuş yüzlərlə əsər var. Təbii ki, bu gün öndə ümumxalq sevgisindən doğan poetik tərənnüm, təcəssüm, heyrət və məhəbbətin ifadəsi – poeziya; tarixi hadisələrə gerçək və birbaşa münasibətin faktı olan ədəbi publisistika gəlsə də, bədii nəsrdə mövzuya müraciət yeni başlansa da, artıq çoxsaylı uğurlu nümunələrə qarşılaşırıq. 
Ulu öndərin ədəbi aləmdə ilk poetik obrazının yaradılması 1970-ci illərə təsadüf edir. Əliağa Kürçaylının “Adi adam” poeması bu sahədə atılan ilk addım sayıla bilər. 1974-cü ildə Mirvarid Dilbazinin “Şücaətli əzizim” şeirində, Nəbi Xəzrinin 1980-ci ildə yazdığı “İnam” poemasında hələ o zaman xalqın səsi ucalardan gələn oğluna inamı öz bədii təcəssümünü tapmışdır. Həmin illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən və Siyasi Büroda təmsil olunan liderin uğuru nəinki Azərbaycanda, hətta türk-müsəlman dünyasında böyük əks-səda yaradır, xarici radiolar onu “Kreml iyerarxiyasının parlaq ulduzu” adlandırırdılar.
Ümummilli lider haqqında yazılan poeziya nümunələri içərisində aşıq şeirləri maraq doğurur. Aşıq Əhmədin, Aşıq Şəmşirin, Aşıq Əhlimanın, Aşıq Muradın yaradıcılığında Heydər Əliyevin parlaq obrazının əks olunduğu mükəmməl poeziya parçaları vardır. Aşıq Əhmədin “Xalqımın”, “Rəhbərim”, “Söyləyin”, “Əlləriniz yorulmasın”, “Mübarək”, “Gəlidi”, “Səs verək”, Aşıq Şəmşirin “Yaraşır”, “Torpağın dadı” və s. şeirlərində liderin obrazı sonsuz sevgi və məhəbbətlə təqdim olunmuşdur.
Müstəqillik dövründə Ümummilli liderin obrazının yaradılması daha mütəşəkkil xarakter aldı. 20 Yanvar faciəsindən sonra Naxçıvana qayıdan və Ali Sovetə deputat seçilən Heydər Əliyevə qarşı qərəzli siyasi təzyiq və təbliğat kompanisyasına başlanıldı. Bu zaman onu qara qüvvələrdən qoruyub, müdafiə edən insanlar məhz Heydər Əliyevin bir zamanlar Sovetlər Birliyinin iti nəzərindən yayındıraraq qanı, canı bahasına qoruduğu şair və yazıçılar idi. Onlardan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Elçin, Qabil və b. adlarını çəkə bilərik. Bu ədiblər Ümummilli lideri “Qorqud müdrikliyi” ilə xalqı birləşdirəcək ağsaqqal kimi təqdim edirdilər. “Qorqud olmaq şah olmaqdan çətindir” deyimi bu məqamda öz sübutunu tapır. Fikrimizcə, xalqa başçılıq etmək azdır, onu doğru yönə, düzgün səmtə yönəltmək isə əsl igidlikdir.
İctimai-siyasi hadisələrin dəyişməsi, xalqın müdrik oğlunun hakimiyyətə qayıdışı, ölkənin parçalanmaqdan qurtarması, vətəndaş müharibəsinə son qoyulması, sabitliyin bərpası ədəbi mühiti də ilhamlandırır, bu məsələlər, xüsusilə, poeziyada daha geniş əks olunurdu. Şəmistan Göyçəlinin “İnam”, Elman Həbibin “Həqiqət günəşi”, Ələddin Eyvazın “Xilaskar”, Həmid Arzulunun “Heydərnamə”, Rafiq Dağkəsəmənlinin “Oğul ata davamşçısı”, Əbülfəz Ülvinin “Heydər baba nəğməsi”, Mərkəz Qacarın “Ümid”, Mahirə Hüseynqızının “Tac günəşim” və s. poemalarında, Fikrət Qocanın, Rafiq Yusifoğlunun, Rafiq Odayın və b. yazdığı onlarla şeirdə Heydər Əliyevin keşməkeşli ömür yolundan, dövlətçiliyimiz uğrunda apardığı fədakar mübarizəsindən bəhs olunur. Müxtəlif ədəbi priyomlarla təsirli və inadırıcı təsvirlərlə Ümummilli liderin parlaq obrazı canlandırılır. Bu cür poemalar çağdaş Azərbaycan ədəbiyyatında “Azərbaycannamə”lər, “Heydərnamələr” kimi də təqdim olunur. Ümummilli liderə həsr olunmuş poemalar içərisində xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” öz orjinallığı və ideyası ilə diqqəti cəlb edir. “Əbədiyyət dastanı” Ulu Öndərə həsr olunmuş ən yaxşı poetik mətnlərdən biridir.
Professor Avtandil Ağbaba əsər haqqında yazır: “Z.Yaqub Heydər Əliyev obrazını yaradarkən poetik mətndə yalnız təsvir və tərənnümlə kifayətlənmir. “Şəxsiyyət. Vətəndaş. İctimai xadim” meyarları ilə tarixi fakt və hadisələri lirik-emosional bir ruhda canlandırır. Təhkiyə və tərənnümün çarpazlaşması, tarixi gerçəkliklərlə şair təfəkkürünün və xatirələrinin bədii sintezindən yaranan təəssüratlar əsərin süjetinə bir novatorluq gətirir”.
Görkəmli liderin vəfatı ilə əlaqədar qələmə alınmış çoxsaylı ədəbi nümunələr də var. Nəbi Xəzrinin “Ölməz insana”, Ramiz Məmmədzadənin “Tanrı möcüzəsi”, Sərvaz Hüseynovun “O, qalib yaşadı”, Gülbala Teymurun “Qoruya bilmədik”, Vaqif Məmmədovun “Getdi ədəbiyyət dünyasına o”, Mehman Qaraxanoğlunun “Atayla görüş də matəm olarmı?”, Eldar İsmayılın “Bütün cahan ağlayır”, Fərqanə Mehdiyevanın “Sən demə təzədən doğuldun babam!” və s. şeriləri Ulu öndərin vəfatından doğan dərin qüssənin poetik ifadəsidir. Ədəbiyyatşünaslıqda rəhbərin itkisindən doğan belə nümunələr “kədərin konseptuallığı, insan-zaman, həyat-ölüm münasibətlərinin fəlsəfi-mediativ dərki və yozumu” kimi dəyərləndirilmişdir.
Özbəkistanın xalq şairi Abdulla Aripov məşhur şeirində onu “Heydər yurdu, Şərəf yurdu payidar” deyə vəsf etmişdir. Çingiz Aytmatov isə onu “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir” deyə anırdı.
Heydər Əliyevin obrazı memuar ədəbiyyatında da mühüm yer tutur. Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər”, “Qalib gəldi, qalib getdi”, Elçinin “Dünya axirət əkini...”, “Tarixlə üz-üzə dayanmış adam” oçerkləri, Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”, İsa Hüseynovun “Həyatımdan səhifələr”, Vidadi Babanlının “Unutmadığım günlər”, Hafiz Paşayevin “Bir səfirin manifesti”, Səyyad Aranın “Heydər Əliyevin Amerika fəthi” əsərləri bu baxımdan faktiki həyat materialları ilə zəngindir. Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyi, “Naşirin qətli”, “Həqiqət qatili”, “Şüşə saray” detektiv romanları, Şamil Süleymanlının “Kəsilmiş ağacın kölgəsi”, Fərəc Fərəcovun “Aydın sabahlar”, Çingiz Abdullayevin “Qanın üç rəngi”, “Gedər-gəlməz” romanları, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” pyesi və s. əsərləri də unudulmaz liderin həyatının özünəməxsus məqamlarını özündə əks etdirmişdir.
Və.. Müstəqillik epoxasının müasir mərhələsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin əsaslandığı azərbaycançılıq siyasətinin ideoloji özülü görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət siyasətindən yoğrulmuşdur. Prezident İlham Əliyev bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun olaraq müasir dövrün tələblərindən doğan müddəalarla daha da zənginləşdirərək, müstəqillik dövrünün ədəbiyyat siyasətini müəyyən etmişdir. Təsadüfi deyil ki, Cənab Prezident, xüsusilə də son dövrün hadisələri ilə bağlı yüzlərlə əzəmi poetik nümunənin obyektidir.
Zəlimxan Yaqub Ulu Öndərlə bağlı deyirdi: “Məndən soruşsalar ki, məhəbbətə, cəsarətə, sadaqətə, sənətə, təfəkkürə, fəlsəfəyə, poeziyaya heykəl qoymaq istəyirik, kimin heykəlini qoyaq, deyərəm, Heydər Əliyevin”.
Afət Rəfiyeva
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az