Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qurtuluşa aparan yol
Qurtuluşa aparan yol
 “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. 
                                                                                                                                                                       Heydər Əliyev
    
Toplumun yaşam yolunda taleyinə düşən, həyatını tamamilə başqa məcraya yönəldən tarixlər mövcuddur. Bu təqvimlərdən biri böyük ictimai, siyasi, tarixi yükü olan, Azərbaycan xalqının qurtuluş tarixi adlandırdığı 15 İyun - Milli Qurtuluş Günüdür.
Azərbaycanın çətin, keşməkeşli və böyük mübarizə ilə əldə etdiyi müstəqilliyinin təhlükə altında olduğu 1991-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin davamlı işğal faktoru, ölkəni bürüyən xaos, özbaşınalıq dövləti uçuruma sürükləyirdi. Ölkə səriştəsiz, hadisələri düzgün qiymətləndirməyi bacarmayan, şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutan güclərin əli ilə parçalanmanın astanasında idi. Belə bir dönəmdə xalq zəkası, qətiyyətli, düzgün qərarları, liderlik xüsusiyyətləri, səlis, inandırıcı nitqi və bir çox müsbət keyfiyyətləri ilə bütün dünyaya örnək ola biləcək xilaskarına üz tutdu. Xalq əmin idi ki, onu düşdüyü bu acınacaqlı durumdan çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Bakıya dönən Heydər Əliyev iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilərək qurtuluş yoluna qədəm qoydu, xalqın bütün ümidlərini doğruldaraq onun xilaskarına çevrildi. Özünün qeyd etdiyi kimi, böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamayan lider milli maraqlara, dövlətin, millətin mənafeyinə yönələn siyasəti nəticəsində Azərbaycanı xaosdan, işğaldan qurtardı.   
“Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” şüarını rəhbər tutan Ulu Öndər milli varlığımızı geri qaytardı, sosial rifahın yaxşılaşması, cəmiyyətin yenidən qurulması uğrunda əzmlə çalışaraq millətini işığa çıxarmaq üçün ömrünü fəda etdi. Dünya diplomatiyasının tərkib hisssəsinə çevrilən müdrik, qüdrətli siyasətin nəticəsində Azərbaycan elm, təhsil, iqtisadiyyat, mədəniyyət, səhiyyə sahəsində, eləcə də sosial yaşamın bütün sferalarında inkişaf etdi. Azərbaycanın qurtuluşu təkcə xalqın deyil, bütövlükdə türk dünyasının yeni inkişaf dinamikasına açılan yolun qurtuluşu idi.
“Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!” deyən Ulu Öndər sözün ən dərin məna yükü ilə əsl mənasında türk toplumu olaraq din və inanc sistemindən qaynaqlanan milli-mənəvi dəyərləri hər zaman ön planda tutaraq xalqın psixologiyasına və yaşam tərzinə xələl gətirməyən, əksinə, bu dəyərlərlə gənc nəsildə milli xarakterin formalaşmasına yönələn qərarlar vermişdir. 
1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası Ulu Öndərin rəhbərliyi ilə dünya standartlarına uyğun olaraq hazırlanmışdır. Bu Konstitusiyanın qəbulu ölkədə azad cəmiyyətin, suverenliyin, mülki dövlətin yaranmasına şərait yaratdı. Konstitusiyada yer alan Azərbaycan dilinin dövlət dili kimi təsdiqi, hüquqi statusunun müəyyən olunması, dilin inkişafı, işlənməsi və qorunması sahəsində dövətin üzərinə götürdüyü vəzifələr, dil normalarına əməl olunması ilə bağlı bəndlər Azərbaycan dilinə və dilçiliyinə verilmiş ən böyük töhfə oldu.
Ümumtürk lideri kimi 2001-ci il 23 may tarixli fərmanı ilə həmin ilin 9 noyabrında ilk dəfə olaraq dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə bütövlükdə türk dünyası birliyinin əsasını qoymuşdur. Şura sədri kimi çıxışında bütün dünyada yaşayan azərbaycanlılara mesajı onun doğma yurda, vətənə sadiqliyindən və sədaqətindən xəbər verir: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada Müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir?!”
Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006, 2011, 2016, 2022-ci illərdə Dünya Azərbaycanlılarının Qurultayları keçirilmişdir. Təməli qoyulan bu birliyin davamı olaraq soyu, kökü, mənşəyi, mədəniyyəti, yüksək mənəvi və əxlaqi keyfiyyəti, milli xarakteri eyni olan türkdilli dövlətlərin və topluluqların keçirdiyi dostluq, qardaşlıq, əməkdaşlıq qurultay və forumları türkdilli dövlətlər arasında qırılmaz bağları daha da möhkəmləndirdi və bir amal uğrunda birləşdirdi. Onun məqsədli, uzaqgörən siyasətinin nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlıq mərkəzi və türk dünyasının birliyə gedən yolda qapısıdır.
Bu gün Heydər Əliyevin ruhu şaddır ki, layiqli davamçısı İlham Əliyev onun siyasi, elmi, ideoloji irsini layiqincə davam etdirir. Uğurlu diplomatik fəaliyyətinin nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq beynəlxalq müstəvidə qəbul olunmuş ərazi bütövlüyünü qəhrəman oğulları sayəsində təmin etdi. Hazırda beynəlxalq aləmdə nüfuzu durmadan artan, söz sahibi olan Azərbaycan gələcəyə yönəlmiş düzgün strategiya və taktika ilə inamla irəliləyir.
 
İlahə Musayeva
Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasının müəllimi
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az