Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Bayrağımız – and yerimiz” adlı səyyar sərgi təşkil edildi
SDU-da “Bayrağımız – and yerimiz” adlı səyyar sərgi təşkil edildi
9 noyabr -Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlətimizin suverenliyinin rəmzi olub, onun azadlığını, millətin kimliyini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən qürur mənbəyidir.
Sumqayıt Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, konfranslar keçirilir, noyabrın 6-da S.Vurğun adına Mərkəzi kitabxananın təşəbbüsü ilə “Bayrağımız – and yerimiz” adlı səyyar sərgi təşkil edildi.
Universitetin rektoru professor Elxan Hüseynov Dövlət Bayrağı Günü münasibətilə sərgi iştirakçılarını təbrik etdi, belə bir sərginin təşkil edilməsini müsbət hal kimi qiymətləndirdi, tədbirin əhəmiyyətindən danışdı. Rektor Xalq Cümhuriyyətinin tarixi haqqında geniş məlumat verərək müsəlman Şərqində ilk müasir dövlətin məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, o zaman Azərbaycanın böyük ziyalıları zəngin cümhuriyyət ideyasını yaşatmış, xalqın tarixinə böyük töhfələr vermiş, Azərbaycan üçün, bütün İslam dünyası üçün böyük addım atmışlar. Azərbaycan tarixinin parlaq səhifələrindən olan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, böyük uğurlara imza atmış, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan olunmuş, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmişdir. Ulu öndərimiz Heydər Əliyev AXC–nin fəaliyyətini həmişə yüksək dəyərləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi məhz Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanmışdır. Bu əlamətdar tarixi hadisə münasibətilə 2018-ci il respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmuşdur. Bu münasibətlə ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, müstəqillik tariximizə nəzər salınır, cümhuriyyətin dövlətçilik salnaməsində yeri və rolu işıqlandırılır. Bu məqsədlə universitetimizdə də silsilə tədbirlər, sərgilər təşkil olunur. Artıq neçə ildir ki ənənəvi olaraq S.Vurğun adına Mərkəzi kitabxananın təşəbbüsü ilə universitetimizdə səyyar sərgi təşkil olunur. Belə sərgilərin həyata keçirilməsində əsas məqsəd gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır. Rektor S.Vurğun adına Mərkəzi kitabxananın kollektivinə sərginin təşkilinə görə minnətdarlığını bildirdi və belə sərgilərin davamlı olmasını arzuladı.
S.Vurğun adına Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Nailə Əsgərova yaradılan şəraitə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirərək qeyd etdi ki, belə sərgiləri keçirməkdə məqsəd gənclərdə vətənə, bayrağa, torpağa məhəbbət, sevgi hislərini aşılamaq və S.Vurğun adına Mərkəzi kitabxananın fondunda olan ədəbiyyatların gənclərimiz arasında təbliğini aparmaqdır.
Qeyd edək ki, sərgidə 200-ə yaxın kitab və jurnal nümayiş etdirildi. Sərgidə respublikamızın memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lider Hеydər Əliyеvin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının şərəfli həyat yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitablar nümayiş olundu.
Təşkil olunan bu sərgi tələbələr tərəfindən maraqla qarşılandı.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az