Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Açıq qapı günü” keçirildi
SDU-da “Açıq qapı günü” keçirildi
Sumqayıt Dövlət Universiteti valideynlər və Kütləvi İnformasiya Vasitələri üçün ənənəvi olaraq “Açıq qapı günləri” təşkil edir.
Bu məqsədlə oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində “Açıq qapı günü” keçirildi. SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq, “Açıq qapı günü”ndə valideynlər, bir sıra saytların, o cümlədən AzTV-nin Xəbərlər proqramının əməkdaşları iştirak etdi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonaqlarla görüşdü. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki, ölkə başçısı imzaladığı çoxsaylı fərman və sərəncamları, dövlət proqramları ilə elm və təhsilimizə böyük töhfələr vermişdir. Ölkənin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq uğurlar əldə edir.
Prorektor Ramiz Hüseynov qonaqlara universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, görülən işlərdən bəhs etdi. Bildirdi ki, universitetimiz Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütamadi olaraq dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir. Bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır! Bir sözlə, tələbə çalışqan, intizamlı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli, digər gənclərimizə nümunə olmalıdır. Son illər universitetin rəhbərliyi tərəfindən Sumqayıt Dövlət Universitetində kadr potensialı öz yetirmələri ilə yenilənir. Məzunlarımız laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayır. Bu da Prezident cənab İlham Əliyevin həyata keçirdiyi Gənclər siyasətinin bariz nəticəsidir.
Sonra valideynlər KİV nümayəndələri ilə birgə müxtəlif fakültələrdə dərs prosesini izlədilər. Valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinlədilər, tələbər üçün yaradılan şəraitlə, tədris və elmi-tədqiqat laboratoriyaları, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün Linqvistik Mərkəzin fəaliyyəti, geniş auditoriyalar, Heydər Əliyev Mərkəzi, Elmi kitabxana, idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər ilə tanış oldular və tələbə yeməkxanasına baş çəkdilər.
Tarix və coğrafiya fakültəsinin I kurs tələbələri Allahverdi Əhmədovun anası Güləndam Əhmədova, Emil Məmmədovun atası Rövşən Məmmədov övladlarının Sumqayıt Dövlət Universitetinin tələbəsi olmağından qürur duyduqlarını dilə gətirdilər. Qeyd etdilər ki, mütəmadi olaraq universitetdə olur, övladlarının dərs prosesini izləyirlər. Yaradılan şəraitə görə universitet rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər, universitetin gündən-günə artan nüfuzunun daha da möhkəmlənməsi naminə uğurlar, müvəffəqiyyətlər arzuladılar.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az