Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Hörmətli KİV nümayəndələri...
Hörmətli KİV nümayəndələri...
Dünən bəzi xəbər saytlarında “Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası qoyuldu” başlığı altında informasiya yayımlanmışdı.
Regionun və respublikamızın nüfuzlu ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir. Qeyd edək ki, düzgün qurulmuş təhsil siyasəti və onun başlıca istiqamətləri müasir Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edir. Gələcəyi təmin etmək, Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar yetişdirməkdir. Bu zaman universitetin qarşısına qoyduğu ən böyük vəzifələr həm də təlim-tərbiyə işini yerinə yetirməkdir. Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və dəsti-xətti vardır.
Bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır! Bir sözlə, tələbə çalışqan, intizamlı olmaqla yanaşı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli, tələbə oğlanların üzü həmişə təraşlı və səliqəli olmalıdır. Ali təhsil müəssisələri gələcəyin ictimai xadimini, müəllimini, həkimini, mühəndisini və s. yetişdirir. Bu səbəbdən də tələbələr geyimi ilə tərbiyəvi örnək təsiri göstərməyə çalışmalı, digər gənclərimizə nümunə olmalıdırlar. Bütün bunlar onların vətənimizin keşiyində duracaq əsgər kimi formalaşmasında da bir məktəbdir.
KİV nümayəndələrinin diqqətinə çatdırmaq istərdik ki, bir neçə tələbənin gileyini bu qədər qabardıb ictimailəşdirməkdənsə, universitetdə tələbələr üçün yaradılmış yüksək səviyyəli şəraiti qələmə almaq daha məqsədəuyğun olardı. Biz sizə SDU-da yaradılmış tədris və elmi-tədqiqat laboratoriyaları, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün təşkil olunmuş Linqvistik Mərkəzi, auditoriyalarda yeni quraşdırılmış “ağıllı lövhələr”i, universitetin bütünlüklə internet şəbəkəsinə qoşulmasını, elektron kitabxananı, tələbələrin elmi potensialının üzə çıxarılması üçün universitetin Tələbə Elmi Cəmiyyətinin fəaliyyətni qələmə almağı məsləhət görərdik.
Bu gün SDU-nun tələbələri bütün ezamiyyət xərcləri universitet tərəfindən ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak edirlər.
Tələbələrimiz asudə vaxtının səmərəli keçirilməsi üçün onlar arasında “Ən yaxşı məqalə müsabiqəsi”, ölkəmizin ali məktəb tələbələri arasında keçirilən “Breyn rinq”, “Azərbaycanı tanıyaq”, “Nə?, harada?, nə zaman? və “Xəmsə” kimi bilik yarışlarına, Şən və Hazırcavablar Klubunun müsabiqələrinə cəlb olunur, uğurla çıxış edərək layiqli yerlər tuturlar.
Universitetimizdə həmçinin idman sahəsinə də xüsusi diqqət göstərilir. Burada idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər yaradılmışdır. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz.
Hörmətli KİV nümayəndələri! Biz sizi bu uğurlardan, qazanılmış nailiyyətlərdən yazmağa dəvət edirik. Toxunduğunuz məsələ isə Sumqayıt Dövlət Universitetində yeni bir hadisə deyil, bu ənənə uzun müddətdir, davam edir, universitetimizdə təhsil alan tələbələr və onların valideynlərinin 90 faizindən çoxu bu məsələdən olduqca məmnundurlar.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində mütəmadi olaraq Açıq qapı günləri keçirilir. Bunlardan biri də oktyabrın 30-da saat 10.00-da olacaq. KİV nümayəndələrini də iştiraka dəvət edirik.
                                                                                                           
                                                                                                                                     SDU-nun Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az