Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirildi
“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirildi
Sentyabrın 25-də “Four Seasons Baku” otelində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı ilə bağlı konfrans keçirildi.
Konfransın təşkil edilməsinin məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaq oldu.
Ali təhsil müəssisələri rəhbərlərinin, ayrı-ayrı Avropa ölkələrinin Azərbaycandakı səfirlərinin, layihəyə cəlb olunmuş ekspertlərin iştirak etdikləri tədbirdə Təhsil naziri cənab Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan danışdı, Prezident cənab İlham Əliyevin bu sahəyə xüsusi əhəmiyyət verdiyini vurğuladı.
Nazir bildirdi ki, Azərbaycan dünya təhsilində müşahidə olunan trendləri və çağırışları nəzərə alaraq, təhsilin insan kapitalının inkişafı sahəsindəki rolunu düzgün dəyərləndirməyə və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə böyük önəm verir. Bu baxımdan dövlətimizin başçısı tərəfindən 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək səriştəli təhsilverənlərə və müasir texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırılması məqsədini daşıyır. Milli təhsilimizin prioritetlərini və təhsil sahəsində əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən bu konseptual sənəd hər bir şəxs üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasını nəzərdə tutur.
Cənab Ceyhun Bayramov son beş ildə ölkəmizdə ali təhsilin inkişaf etdirilməsi və ali təhsil müəssisələri tərəfindən təklif olunan təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Bildirildi ki, qeyd olunan dövrdə ali təhsilin qanunvericilik bazası təkmilləşdirilib, universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlyetərliliyi istiqamətində müvafiq addımlar atılıb.
Son dövrdə yüksəkixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabət əsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin əhəmiyyətinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunub.
“Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” layihəsi barədə fikirlərini bildirən nazir onun ali təhsilin inkişafında əhəmiyyətini vurğuladı.
Avropa İttifaqının Əməkdaşlıq şöbəsi müdiri vəzifəsini icra edən Alexandra Nerisanu, Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas, Latviyanın Bakıdakı səfiri Yuris Maklakovs, layihənin Avropa İttifaqı üzrə rəhbəri Bruno Curvale əməkdaşlığın səmərəli olduğunu söylədi, layihənin ali təhsilə verəcəyi töhfələrdən danışdılar.
Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyevin layihə barədə təqdimatı dinlənildi.
Tədbirdə məlumat verildi ki, qeyd edilən proqram çərçivəsində reallaşdırılan və icrasına cari ilin aprel ayında başlanılan layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” Tvinninq layihəsinin davamı olaraq reallaşdırılır.
İki il ərzində icra ediləcək layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır.
Qeyd edək ki, konfransda Sumqayıt Dövlət Universitetini Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev təmsil etdilər.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az