Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində “Qanımızın səsi” kitabının təqdimatı keçirildi
Sumqayıt Dövlət Universitetində “Qanımızın səsi” kitabının təqdimatı keçirildi

Martın 3-də Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabir Fondunun prezidenti, M.Ə.Sabirin nəvəsi, dosent Sevda Tahirlinin “Qanımızın səsi” kitabının təqdimat mərasimi     keçirildi.
Tədbiri açan universitetin prorektoru, dosent  Nizami Namazov  iştirakçılara mərasim haqqında məlumat        verdi.  Vurğuladı ki,  Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikamızda ən böyük sosial bazaya malik olan QHT-lərdən biri kimi beynəlxalq hərəkatın fundamental prinsiplərini rəhbər tutaraq Beynəlxalq Humanitar Hüquq normaları çərçivəsində insansevərlik və xeyirxahlıq, mərhəmət və humanizm prinsipləri əsasında əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə, qaçqın və məcburi köçkünlərə, bir sözlə, qayğı uman bütün insanlara təmənnasız tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlər göstərir.  
Prorektor Nizami Namazov onu da vurğuladı ki, dosent Sevda Tahirlini təkcə yazıçı deyil, həm də M.Ə. Sabir ocağının, ruhunun davamçısıdır. Sevda xanımın son dövrlərin aktual mövzusuna həsr  etdiyi “Qanımızın səsi” kitabı bu gün Sumqayıt Dövlət Universitetində də öz oxucusunu tapacaqdır.
Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Sumqayıt Dövlət Universitetində belə bir tədbirin keçirilməsinə şərait yaratdığına görə rektor Elxan Hüseynova öz təşəkkürünü bildirdi. Vurğuladı ki,  Sevda Tahirlinin qələmə aldığı “Qanımızın səsi” kitabının təqdimatı Qızıl Aypara Cəmiyyətinin 95- illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir.
        Təqdimatda fondun prezidenti Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabı haqqında məlumat verdi. Bildirdi ki, 2013-cü ildə çap olunmuş kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsin marağına səbəb ola biləcək bir məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna - onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına və eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olma imkanlarına necə təsir etməsi kimi aktual bir məsələyə həsr olunmuşdur.
Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz qan qrupuna görə seçilməsinə üstünlük verilməsi gündoğan ölkəsində bu məsələyə çox ciddi münasibət bəslənilməsi kimi dəyərləndirilir. Belə bir mövqenin əsassız olmadığını vurğulayan bəzi müşahidəçilərin qənaətinə görə qan qrupuyla bağlı son dövrlərdəki araşdırmalardan sonra bu problemin yaxın gələcəkdə dünya əhalisinin də geniş marağına səbəb olacağı fikrini söyləməyə əsas verir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az