Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt hadisələrinin 27-ci ildönümü müzakirə olundu
Sumqayıt hadisələrinin 27-ci ildönümü müzakirə olundu

Fevralın 27-də Universitetin kitabxanasında Sumqayıt hadisələrinin 27-ci ildönümü ziyalıların gözündə müzakirə olundu.
Tədbiri  Universitetin prorektoru, dosent Nizami Namazov açaraq 1988-ci il fevralın 28-də baş vermiş bu hadisənin Azərbaycan tarixində çox böyük fəlakətlərə gətirib çıxardığını söylədi. Çünki məhz həmin hadisədən sonra ermənilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məkrli niyyətləri daha da fəallaşır. Eyni zamanda, Sumqayıt hadisələri həm də SSRİ miqyasında yeni bir prosesin başlanğıcı oldu. Ermənilərin və erməni diasporunun həmin hadisələrdən fəal şəkildə istifadə etmələri ona gətirib çıxardı ki, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məhz bu kontekstdən məlumat alırdı.
Bütün bu hadisələr bizim üçün bir dərs oldu. Həmin hadisələr xüsusi xidmət orqanlarının, erməni diasporunun gördüyü işlər, Azərbaycana qarşı yönəlmiş təxribat zəncirinin bir halqası idi. Bu hadisələrə dünya ictimaiyyəti tərəfindən obyektiv qiymətin verilməsi ilə bağlı işlər görülüb və bu işlər davam etməkdədir.  Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Eyruz Məmmədov və Ramazan Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən “Sumqayıt 1988: cinayət və cəza” adlı kitab xüsusi əhəmiyyətə    malikdir. 
Kitabın həm tarixi, həm də mənəvi dəyərlərindən bəhs edən prorektor Nizami Namazov onu da bildirdi ki, bu kitabda Sumqayıt hadisələrinin dövrün digər analoji prosesləri ilə müqayisədə işıqlandırılması çox təqdirəlayiqdir. Sevindirici haldır ki, müəlliflər tərəfindən müxtəlif siyasi sənədlər, dövrü mətbuat yazıları, xatirələr, cinayət işi ilə bağlı ayrı-ayrı faktlar dövrün siyasi mənzərəsi kontekstində sistemləşdirilib.
Tədbirdə iştirak edən əməkdar jurnalist Eyruz Məmmədov “SUMQAYIT 1988: CİNAYƏT VƏ CƏZA”   kitabının hazırlanmasında əsas məqsədin Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu söylədi. Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə edilib. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar etmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə ifadələr var idi. Lakin bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmırdı. Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilirdi. Azərbaycanın hüquq mühafizə orqanlarının sorğularına Ermənistandan və Moskvadan mücərrəd, heç bir informasiya mənbəyi olmayan cavablar göndərilirdi, Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verilmirdi. Belə şəraitdə talanların kimlər tərəfindən təşkil edilməsi, Sumqayıt iğtişaşlarının arxasında kimlərin olmaları ilə bağlı əsas suallar cavabsız qalmışdı.
Tədbirdə Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov çıxışında bildirdi ki, hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmamış, hadisələrin əsl mahiyyəti açılmayıb, faktiki olaraq gizlədilib, cinayətlərin bütün iştirakçıları müəyyən edilməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıb. Bütün bunlar Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaradıb.
Professor onu da vurğuladı ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi ixtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmiş və istintaqın hərtərəfli aparılması üçün Baş prokurorun birinci müavininin rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçiləri Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilib.
Tələbələrə xüsusi olaraq müraciət edən  Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov söylədi ki, bu günə qədər itirdiklərimizi qaytarmaq naminə hər kəs öz tarixini bilməlidir, bilmirsə öyrənməlidir. Biz bunları unutsaq, sabah çox şeydən məhrum ola bilərik sözləri ilə tələbələrə müraciət etdi. Bu tədbiri  keçirməkdə məqsədimiz siz tələbələri ermənilərin əsirlər boyu 1905, 1918,1990-cı illərdən bu günə kimi başımıza gətirdikləri müsibətləri və bunların ən ağrılısı olan və hələdə haqq-ədalətini tələb etdiyimiz Xocalı faciəsini  və Sumqayıt hadisələrini unutmamasıdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az