Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı
SDU-da “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı
İqtisadi islahatların təməlində milli dövlətçiliyimizin tarixi nailiyyətləri dayanır. Mayın 2-də  Sumqayıt Dövlət Universitetində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə, Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri dosent Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri  iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, o cümlədən, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan  və digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri də iştirak etdilər.
Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr barədə məlumat verdi.  Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi bu gün müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edilir. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Rektor AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyətini, hədəflərini təhlil edərək xüsusən də aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı istiqamətində atılan addımlar, xarici ticarət əlaqələrinin qurulması sahəsindəki mühüm addımlarını xüsusi qeyd etdi. Bildirdi ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bugününə və gələcəyinə olan inamı nümayiş etdirdi. “Əsrin müqaviləsi” uzaq gələcəyə hesablanmış sazişdir. Belə ki, 2017-ci il sentyabrın 14-də imzalanmış “Azəri-Çıraq-Günəşli” yataqlarının 2050-ci ilədək birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında müqavilə dəyişdirilmiş və yenidən işlənib hazırlanmış saziş Azərbaycan dövlətinin Heydər Əliyevin iqtisadi və siyasi kursuna sədaqətinin, milli iqtisadiyyatın çoxşaxəli inkişaf etdiyinin əyani göstəricisidir. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırıb. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır.
Rektor çıxışının sonunda onu bildirdi ki, iki gün davam edəcək konfransın məqsədi yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri bir araya gətirmək, mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir.
Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə “İqtisadi təhlükəsizlik: müasir problemlər və çağırışlar” mövzusunda çıxış edərək bildirdi ki, müasir dövrdə qloballaşan dünya iqtisadiyyatı şəraitində ölkələrin iqtisadi təhlükəsizlik probleminin ön plana çəkilməsi obyektiv bir zərurətdir. İqtisadi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan maliyyə sabitliyi, maliyyə sisteminin dayanıqlığı, iqtisadi təhlükəsizliyin iqtisadi inkişaf və onun səmərəliliyi ilə sıx əlaqədə olduğu sübut edilir. İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir.
Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çıxış edərək qeyd etdi ki, konfrans mühüm və aktual bir məsələyə həsr olunub. Ölkənin iqtisadi təhlükəsizliyi dedikdə onun elə vəziyyəti başa düşülür ki, orada zəruri maliyyə, istehsal, əmək, intellektual potensialı, onun effektiv funksiyalaşmasına təminat verən istehsalat təşkili sistemi olsun. Bu gün Azərbaycan Qafqazda iqtisadi cəhətdən güclü olan dövlətdir. Bu da Azərbaycanın milli maraqlarından irəli gəlir. Son illər respublikanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm nəticələr əldə edilmişdir. 
Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov bildirdi ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk dövrdə aqrar sahənin inkişafına nail oldu. O dövrdə kənd təsərrüfatı sahəsində də çox böyük irəliləyişlər əldə olundu. Professor İbad Abbasov Ulu öndərin yürütdüyü siyasətin, iqtisadi strategiyanın Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın bu gün Şərqlə Qərbi birləşdirən əlverişli tranzit məkan kimi Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, X.Ə.Yasəvi adına Beynəlxalq Qazax–Türk Universitetinin İqtisadiyyat və maliyyə kafedrasının müdiri professor Boraş Mırzaliyev “Продовольственная безопасность как составная часть экономической безопасности государства”, BMEA İqtisadiyyat İnstitutunun direktor müavini iqtisad elmləri namizədi Pilyutik Andrey “Обеспечение экономической безопасности республики Беларусь”, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri dosent Vüqar Bayramov “Economic Security of Azerbaijan: concept, structure and comparative assessment”, SDU-nun Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov “Enerji təhlükəsizliyi Azərbaycanın dayanıqlı iqtisadi inkişafının şərti kimi”  mövzularında məruzə etdilər. Natiqlər qeyd etdilər ki, iqtisadi təhlükəsizlik ölkənin iqtisadi-sosial inkişafı ilə bağlıdır. Prezident cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Azərbaycan Respublikası daxili və xarici iqtisadi siyasət aparmaqla ölkənin təhlükəsizliyini təmin edir. 
Konfransın plenar iclasının sonunda Özbəkistan Respublikasının Daşkənd Maliyyə İnstitutu  və Sumqayıt  Dövlət Universiteti arasında  təhsil və elmi tədqiqat sahəsi üzrə əməkdaşlıq müqaviləsi imzalandı.
“İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfrans öz işini bölmə iclaslarında davam etdirdi.
Qeyd edək ki, konfransa 195 tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az