Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək məqsədilə kurslar təşkil olunub
Tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək məqsədilə kurslar təşkil olunub
Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanın sivil dünyaya inteqrasiyası və ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişafından, yeni elmi biliklərin, texnika və texnologiyaların mənimsənilmə səviyyəsindən və s. amillərdən də asılıdır. Bu amillərin reallaşması isə, ilk növbədə, iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək biliyə malik ixtisaslı kadrların hazırlanmasını tələb edir. Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də, ən başlıcasıdır.
Sumqayıt Dövlət Universitetində son illərdə təhsilin səviyyəsinin yüksəldilməsi, ali məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Bu isə öz növbəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr potensialının hazırlanması ilə bağlıdır. Çünki  hər bir ali təhsil müəssisəsinin səviyyəsi onun hazırladığı kadrların səviyyəsi ilə ölçülür. Sumqayıt Dövlət Universitetində təhsilin bütün pillələri üzrə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların öyrənilməsi və tətbiqi sahəsində yeni addımlar atılır. Təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində əhəmiyyətli və faydalı planlar hazırlanmış, yerli və beynəlxalq rəqabətqabiliyyətliliyini artırmaq, əmək bazarının, cəmiyyətin və iqtisadi inkişafının gözləntilərinə uyğun olaraq, fəaliyyətini yaxşılaşdırmağa dəstək verən qayda və standartların hazırlanmasına başlanmışdır. Rektor professor Elxan Hüseynovun tövsiyəsinə uyğun olaraq, fakültələrdə tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək məqsədilə kurslar təşkil olunur.
Mühəndislik fakültəsində də bu kurslar uğurla davam edir. Belə ki, 1992-ci ildən fəaliyyət göstərən İnformasiya texnologiyaları və proqramlaşdırma kefedrasında görülən işlər son zamanlar daha da canlanmışdır. Hazırda kafedranın əməkdaşları tərəfindən bir sıra işlər yerinə yetirilir. O cümlədən kafedranın informasiya bazası işlənir. Tədris sənədləri yeni standartlara uyğunlaşdırılır, tədris sənədlərinin alınması proseslərinin avtomatlaşdırılması istiqamətində müntəzəm işlər aparılır.
Kafedrada dekanlığın tapşırığı əsasında müəllimlərin dərs bölgüsünün aparılması prosesinin avtomatlaşdırılması sistemi və semestrlər üzrə imtahan biletlərinin avtomatlaşdırılmış tərtibi sistemi işlənmiş və artıq istifadəyə verilmişdir. Tədris olunan fənlərin mühazirə mətnləri və laboratoriya işlərinin elektron bazası yaradılmış, tələbələrin istifadəsinə verilmişdir. Hər iki avtomatlaşdırılmış sistemin proqram təminatı yüksəksəviyyəli proqramlaşdırma dillərində tərtib edilmişdir.
Müasir dövrdə informasiya texnologiyalarının və kompüter texnikasının müntəzəm olaraq inkişaf etməsi, yeni proqram məhsullarının yaradılması bu sahənin mütəxəssisləri qarşısında bir sıra tələblər qoyur. Onlardan biri də tələbə və magistrantların informasiya texnologiyaları sahəsində yaranan yeniliklərlə tanış olması və yeni sistemlərdən istifadə etmək vərdiş və bacarıqlarının formalaşdırılmasından ibarətdir. Bu baxımdan da İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında hazırda bir sıra işlər görülür. Bu məqsədlə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev və İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Aqil Hüseynovun təşəbbüsü ilə fakültənin nəzdində “Proqramlaşdırmanın əsasları” adlı kurs təşkil edilmişdir. Kurs 15 mart 2018-ci il tarixində fəaliyyətə başlamışdır. Kursda kafedranın aparıcı müəlimləri tərəfindən mühazirələr oxunur. Bu kursun əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, əldə olunan nəzəri biliklər praktiki olaraq kafedranın nəzdindəki laboratoriyalarda yerləşdirilmiş kompüterlərdə reallaşdırılır.  Ümumiyyətlə, qarşıya qoyulmuş məsələlərin praktiki olaraq yerinə yetirilməsi üçün kafedranın əməkdaşları fəallıq göstərirlər. 
Kafedranın aparıcı müəllimləri dosent Şəfahət Rəhimovun, baş müəllim Şəlalə  Cəfərovanın, baş müəllim Bəhruz Əmiraslanovun  və digərlərinin əməyini xüsusi qeyd etmək lazımdır. Gələcəkdə kursun dinləyiciləri sırasına təkcə Mühəndislik fakültəsinin tələbə və magistrantları deyil, digər fakültələrin də tələbə və magistrantlarının cəlb edilməsi istiqamətində işlər aparılır və kurslarda məharət dərslərinin keçirilməsi planlaşdırılır. Həmçinin universitetin bu istiqamət üzrə fəaliyyət göstərən digər kafedralarının aparıcı mütəxəssislərinin, professor- müəlim heyətinin bu kurslarda mühazirələr oxuması nəzərdə tutulmuşdur. 
Qeyd edək ki, Tarix və coğrafiya fakültəsində artıq bir aya yaxındır ki, bu istiqamətdə işlər gedir. Jurnallar və dərs cədvəli tərtib olunmuşdur. Fəlsəfə, sosiologiya və politologiya kafedrası üzrə “Qədim və orta əsr sosial siyasi fikir tarixi”, “Azərbaycanın siyasi təlimlər tarixi” fənləri üzrə dosent Zahid Bünyadov,  “Müasir Azərbaycanda siyasi proseslər”, “Siyasət nəzəriyyəsi” fənni üzrə dosent Telman Niftaliyev, Tarix və onun tədrisi metodikası kafedrası üzrə “Arxeologiya və ibtidai icma tarixi”, “İbtidai icma tarixi”ni Neyman Xasayev, “Antik tarix” fənnini baş müəllim Nofəl Abdullayev və dosent Rüstəm Əhmədov tədris edirlər. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az